“Yazıram, çünki susmağı xoşlayıram”

 

 

Macərapərəst müəllif oxucuları ilə görüşdü

 

Oxucuları sevimli əsər və müəllifləri ilə görüşdürən VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının qonaqlarından biri də müasir Fransa ədəbiyyatının tanınmış nümayəndəsi, Fransa Akademiyasının üzvü Jan Kristof Rufən idi. Festival məkanındakı açıq zalda baş tutan görüşdə Fransanın ölkəmizdəki səfiri Zaxari Qross, yazıçının azərbaycanlı həmkarları da iştirak edirdilər.

Əvvəlcə müəllif haqqında məlumat verildi. Onun dilimizə tərcümə olunan məşhur əsərləri, o cümlədən haqqında danışılan “Kral Ziblinin dünya səyahəti” əsərinin qısa məzmunu diqqətə çatdırıldı. Bildirildi ki, “Qırmızı Braziliya” romanına görə bir neçə mükafat alan, əsərləri müxtəlif dillərə tərcümə olunan həkim və səyahətçi yazar   ilk əsərini dünyadan erkən köçmüş bacısına ithaf edib. Səmimi, kövrək hisslərini təbii boyalarla oxucu ilə görüşdürməyi bacaran müəllif elə ilk əsərdəncə oxucuların rəğbətini qazanıb. Bədii nümunələrində real qəhrəmanları qələmə alan yazıçı Tunisdə illərlə könüllü həkim kimi çalışdığı və əsərlərində bu dövrü də təsvir etdiyi diqqətə çatdırıldı.

Sonra söz qonağa verildi. “Yazıram, çünki susmağı xoşlayıram” fikrini əsas götürən və insanları daha çox susduqları zaman yaxşı anladığını vurğulayan müəllif fərqli auditoriyada oxucular qarşısında çıxış etməyin onu hər zaman məmnun etdiyini və hər yeni tanıdığı insan, oxucu sayəsində ədəbiyyata daha dərindən bağlandığını dedi.

Bu qədər rəngarəng kitablar, bu qədər fərqli tədbirlər, görüşlər arasından sıyrılaraq mənimlə qarşı-qarşıya dayanmağınız mənim yox, qəhrəmanlarımın əməyidir və onların adından sizə təşəkkür edirəm”, - deyən müəllif kitabları haqqında söz açdı, oxucuların çoxsaylı suallarını cavablandırdı.

Qeyd edək ki, “Qanun” nəşrlər evi tərəfindən tərcümə və çap olunan əsər real hadisələrin interpretasiyasıdır. Kitabda Mərkəzi Avropada doğulmuş, VolterKazanova ilə eyni dövrdə yaşamış bir zadəganın günün birində yolu Sibirə, daha sonra isə Çinə düşür. Dünyanı dolaşan səyyah sonda Madaqaskarın kralına çevrilir. Rufənin qələmiylə təsvir olunan bu real hadisələrdə, həqiqətən də, XVIII əsrin sevilən Şərq nağıllarının ruhu duyulur.

Xatırladaq ki, “Həbəş”, “Qırmızı Braziliya” və “Böyük ürək” əsərlərinin müəllifinin insan ruhunu titrədən həyəcan və sevgi dolu bu romanı 10-dan artıq dilə tərcümə olunub.

HƏMİDƏ

 

Mədəniyyət.- 2019.- 4 oktyabr.- S.7.