Avropa Qayaüstü İncəsənəti Günü ölkəmizdə də qeyd olunur

 

 

1902-ci ilin 9 oktyabrında yazılmış bir məktubun izi ilə

 

1999-cu ildən başlayaraq Avropa Şurası və Avropa Komissiyasının birgə təşəbbüsü ilə “Avropa İrs Günləri” (European Heritage Days) layihəsi həyata keçirilir. Layihədə  Avropa mədəniyyət Konvensiyası”na qoşulmuş bütün ölkələr iştirak edirlər.

Artıq neçə ildir ki, “Avropa İrs Günləri” layihəsi çərçivəsində 9 oktyabr tarixiAvropa Qayaüstü İncəsənəti Günükimi qeyd edilir. Əlamətdar gün bu il ölkəmizdə çeşidli tədbirlərlə yadda qalacaq.

Oktyabrın 9-da Qobustan Milli Tarix-Bədii Qoruğunda məktəblilər üçün “açıq qapı” günü təşkil olunacaq. Qoruq məktəbliləri PRAT-CARP (Prehistoric Rock Art Trails/Cultural Routes of the Council of Europe) – “Avropa Şurasının mədəni marşrutları” tərəfindən elan olunmuş məktəbli uşaqlar arasında “İlk avropalıların incəsənəti gələcək avropalıların gözü ilə” (“The first Art of Europeans seen by Europeans of the future”) adlı rəsm müsabiqəsində iştirak etməyə dəvət edir.

Məktəblilər Qobustan muzeyiqayaüstü rəsmləri ilə tanış olmaq, arxeoloq və sənətşünasların qədim qayaüstü təsvirlər və müasir rəssamlıq sənəti haqqında söhbətlərini dinləmək imkanı qazanacaqlar.

Sonda uşaqlar ekskursiya müddətində gördükləri və mütəxəssislərdən eşitdikləri məlumatlar əsasında rəsmlər çəkəcəklər.

6-14 yaşlı uşaqların qatılacağı müsabiqənin sonunda peşəkar rəssamlar tərəfindən seçiləcək işlər ümumavropa müsabiqəsində Qobustan Milli Tarix-Bədii  Qoruğunu təmsil etmək üçün göndəriləcək. Seçilmiş işlər İspaniyada təşkil olunacaq sərgidə və nəşr olunacaq kataloqda yer alacaq.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzi də beynəlxalq miqyaslı bu günü qeyd edir. Oktyabrın 9-da Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “açıq qapı” aksiyası keçiriləcək.

Həmçinin 6-12 yaşlı məktəblilər Avropa rəsm yarışmasına qoşulacaqlar. Onlar  “İçərişəhər” Muzey Mərkəzində Abşeron petroqliflərinə həsr olunan rəsmlər çəkəcəklər. Münsiflər heyəti tərəfindən bu rəsmlər də qiymətləndirərək ən yaxşıları sözügedən sərginin təşkilat komitəsinə göndəriləcək.

Orada seçilən əl işləri albom-kataloqla yanaşı www.prehistour.eu saytında da yerləşdiriləcək. Avropa uşaqlarının tarixi mövzuya həsr etdikləri rəsmlərdən səyyar sərgi də təşkil olunacaq.

Avropa Qayaüstü İncəsənəti Günü çərçivəsində həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində  PRAT-CARP-ın elmi eksperti, tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcova “Bəşəriyyətin ilk incəsənəti” mövzusunda mühazirə oxuyacaq. Tədbirin bədii hissəsində isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri günün mövzusuna uyğun olaraq performans nümayiş etdirəcəklər.

Tədbirlər oktyabrın 11-də Qala qoruğunun ərazisində ağacəkmə aksiyası ilə başa çatacaq.

Qeyd edək ki, 9 oktyabr 1902-ci il tarixində görkəmli fransız arxeoloqu Emil Kartailak ispan həmkarı Marcelino Sanz de Sautuolanın qızı Mariyaya məktub yazaraq onun atası tərəfindən aşkar olunmuş Altamira mağarasındakı qayaüstü təsvirlərin qədimliyinə şübhə ilə yanaşmasının səhv olduğunu etiraf edib.

Avropa Şurası Mədəni Marşrutlar İnstitutununPrehistoric Rock Art Trails” (PRAT-CARP) mədəni marşrutu tərəfindən bu məktubun yazıldığı 9 oktyabr tarixininAvropa Qayaüstü İncəsənəti Günükimi qeyd olunması qərara alıb.

 

Mədəniyyət.- 2019.- 9 oktyabr.- S.1-2.