Kinoda bir ömrü yaşamaq...

 

 

73 ilin təəssüratı

 

Onun adı çəkiləndə ilk növbədə operator kimi quruluş verdiyi filmlərini xatırlayır, sənət bilgisinin sübutu olan kinokadrları göz önündə canlandırır, fəxrlə Azərbaycan kinosunun operatorluq sənətinin layiqli davamçısı adlandırırıq.

Görkəmli sənət xadimləri və sənətsevərlərin sevgisiylə əhatələndiyini düşündükdə isə ömrünü bada vermədiyini, şəxsiyyətini məsləyində təsdiqlədiyini görürük. Doğrusu, hər operatora çoxsaylı tamaşaçı sevgisiylə əhatələnmək nəsib olmur. Bu mənada məqam düşmüşkən 73 yaşın astanasında olan Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Avropa Kino Akademiyasının üzvü, kinooperator Kənan Məmmədovdan bilik və bacarığını maraqlı əmsalına çevirməyin və insanlara sevdirməyin sirrini öyrənməyə çalışacağıq.

 

- Deyirlər, insanın taleyini xasiyyəti müəyyənləşdirir. Həyatda da, sənətdə də  uğurlarınız çox olub. Bunda xasiyyətinizin də rolu varmı?

- Mən tolerant adamam. Sadə olduğumu yaxşı bilirsiniz. Bu xüsusiyyət mənə atamdan keçib. Azərbaycanın filologiya elmi ilə məşğul idi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun bünövrəsini qoyanlardan olub. Ömrünün axırına qədər orda şöbə müdiri işləyib. O, əsl ziyalı insan idi. Paxıllıq nə olduğunu bilmirdi. Həmişə dostlarının, həmkarlarının uğuruna sevinirdi. Ona oxşamağa çalışmışam. Həyatda necəyəmsə, sənətdə də elə olmuşam. Evim həmişə qonaqlı-qaralı olub. Həmkarlarımdan Rasim, Rafis İsmayılov qardaşları, Rasim Ocaqov, Elxan Qasımov və başqa dostlarım, sənət adamları daim bizə gəlib-gedib. Bir-birimizin xeyir-şərindən qalmamışıq. Atam rəhmətə gedəndə də onlar mənə qardaş kimi köməklik ediblər. Bütün bunlar hamısı mehriban ünsiyyətin göstəricisidir. Mehribanlıqsa təvazökarlıqdan, insanlara olan sevgidən doğan xasiyyətdir.

 

- 73 yaşın mənzərəsinə nəzər saldıqda arxayınlıq çox olur, yoxsa narahatlıq?

- Mən heç özüm də inanmıram ki, bu yaşa gəlib çatmışam. 73 ilin 42-sini Azərbaycan kinosuna həsr etmişəm. Həyatımda da, sənətimdə elə seçim etmişəm ki, heç vaxt peşman olmamışam. Sənətdə bəxtim gətirib. Azərbaycanfilmkinostudiyasına elə bir vaxta gəldim ki, nəsillərin dəyişmə dövrü idi. Arif Nərimanbəyov ölümünə bir neçə ay qalmış otağının açarlarını çıxardıb mənə verdi. Bu kinostudiyada sanki bir adətə çevrilmişdi. Biz qocaman kino xadimlərini sevir, onlara ehtiram bəsləyirdik. Görkəmli kinooperator Xan Babayev olmasaydı, mən operator olmayacaqdım. Yaradıcılıqları ilə Azərbaycan kinooperatorluq sənətinə böyük töhfələr verən Teyyub Axundov, Rasim Ocaqov, Zaur Məhərrəmov kimi həmkarlarla çalışmaq, onlarla kinostudiyanın dəhlizlərində qarşılaşmaq mənim üçün fəxr idi.

 

- Məşhur kinooperatorları xatırladınız. Adınızı bu fəxri siyahıya yazdırmaq üçün neçə il lazım oldu?

- Kinoya 1976-cı ildə gəldim. 1977-ci ildə Rasim Ocaqovun çəkdiyi “Ad günü  filmində II operator işlədim. 1978-ci ildə kinorejissor Tofiq TağızadəEvin kişisifilmini çəkəndə mənə həmin filmdə işləməyi təklif etdi. Açığı, bu mənim üçün gözlənilməz oldu. Bundan sonraQızıl uçurumfilminə (kinooperator Valeri Kərimovla birgə) operator kimi quruluş verdim. Qanlı zəmifilmini isə müstəqil operator kimi çəkdim. Yaradıcı heyətlə birlikdə Dövlət mükafatı aldım. Bu filmdən etibarən kinostudiyada bacarığını təsdiqləmiş operator kimi qəbul edildim.

 

- İnsan ömrü boyu özünü təsdiqləmək üçün harasa tələsir, həyat estafetində birinciliyi qazanmağa çalışır. Bu zaman nələri gözdən qaçırırıq, hansı vacib məqamları ötüb keçirik?

- Həyatımda təkrarolunmaz məqamlar çox olub. Bəzən evdə tək qalanda keçmiş məni alıb aparır, dostlarımı, həmkarlarımı xatırlayıram. Əgər keçmişim məni incitsəydi, nəyisə gözdən qaçırdığımı sanardım. Həyatda səhv etdiyimi düşünmürəm. Sənətim məni gözəl insanlarla qarşılaşdırıb, insanların sevgisini qazandırıb. Yanılmamaq da uğurdur. Deməli, vacib məqamları haqlamışam.

 

- Milli kinomuzun tanınmış simalarındansınız. Məşhurlaşmaq arzudan yarandı, yoxsa peşəkarlıqdan?

- Heç vaxt məşhurlaşmaq istəyim olmayıb. Başımı aşağı salıb işimlə məşğul olmuşam. Bütün fikrimi, daxili hisslərimi dramaturji materialın, mövzunun açılmasına yönəltmişəm. 

Bir dəfə küçə ilə gedirdim. Tanımadığım iki nəfər mənə yaxınlaşdı. Siz operator Kənan Məmmədovsunuz?” deyə soruşdular.Bəli”, dedim. OnlarSiz çox peşəkar operatorsunuz. Dünən televizorda sizə baxırdıq, çəkilişlər, operatorluq peşəsi haqqında dəyərli sözlər deyirdiniz. Biz sizi tanıyırıq, filmlərinizi izləyirikdedilər. Mən təşəkkürümü bildirdim. Onların xoş sözləri məni çox sevindirdi. İndi mən bilmirəm, bu məşhurluqdurmu? Əgər məşhurluqdursa, onda məşhuram. Biz elə bilirik ki, öndə aktyorlar olur, tamaşaçı bizi tanımır. Amma yox, tanıyır. İntellektual tamaşaçı həmişə sənətə qiymət verir.

 

- Yaradıcılığınızda sənədli filmlər, “Mozalan” kinojurnalı üçün süjetlər və bədii filmlər var. Hansı film çəkilişlərinə daha həvəslə gedirdiniz?

- Təbii ki, bədii kinoya. Mən bədii kino operatoruyam. Hətta cizgi filmi çəkmişəm. Firəngiz Qurbanova ilə birgə ekler üsulunda olanSeansfilmini çəkdik. Quraşdırma çəkilişləri üsulunda əsasən bədii sənədli kadrlardan istifadə edilən filmdə aktyorları da çəkmişik. Sonra animasiya kinosu janrına müvafiq olaraq onların mimika cizgiləri üzərində işlədilər. Mən aktyorlarla işləməyi sevirəm. Filmdə obrazın mövqeyini tanıtmaq, daxili iztirablarını emosional göstərmək üçün birinci növbədə gərək aktyoru sevəsən. Əsas məsələ  budur. Mən aktyorları həmişə sevə-sevə çəkmişəm.

 

- Kinoda kövrək qəlbli, incə ruhlu olmaqla hadisələri yaşarı təqdim etmək mümkündür. Yaradıcılığınız emosionaldır, özünüzsə realist. Bunu necə izah  edərdiniz? 

- Düzdür, realist insanam. Yaradıcılıqda isə duyğusallıq vacibdir. Kamera arxasına keçmək müəyyən texniki məsələləri həll etmək demək deyil. Mən dramaturji materialı duyub ürəyimdən keçirəndən sonra çəkirdim. Burda texniki məsələnin mühüm rolu var, duyğusallığın da. Hisslər vəhdət təşkil etməlidir. Kənardan baxanda işıqlandırma asan görünə bilər. Amma ekranda işıq psixoloji təsir vasitəsidir. Peşəkar işıqlandırma vasitəsilə səhnəni faciəvi etmək olar, komik . Buna görə çəkdiyim materialların həssaslığına, emosionallığına diqqət etmişəm. Həm çəkdiyim kadrlar birinci növbədə içimdə bir hiss, duyğu yaratmalı idi ki, tamaşaçıya da təsir etdiyimə inanım.

 

- Çəkdiyiniz kadrları yenidən izlədikdə özünüzə iradlar olurmu?

- Kino çox aktiv dinamik sənət növüdür, durmadan yeniləşir. 20 il əvvəl çəkdiyim filmlərə baxanda bəzi kadrları düşünürəm ki, elə indi eyni cürə çəkərdim, bəziləri var ki, fərqli çəkəcəyimi yəqinləşdirirəm. Amma hər bir halda çəkdiklərimdən imtina etmirəm.

 

- Operatorun ustalığı nədən hardan başlayır?

- Operator işi texnika ilə bağlıdır. Çəkiliş aparanda müəyyən texniki fəndləri yerinə yetiririk. Kadrı qurmaq üçün müəyyən hesablamalar aparırıq. Bu hesablamalar nəticəsində çəkilən kadr düzgün təsvir olunur. Çəkilişə başlayarkən texniki məsələləri artıq mexaniki olaraq yerinə yetirəndə, diafraqmanı düşünməyəndə, birbaşa bütünlüklə aktyorlarla işləməyə köklənəndə - bax peşəkarlıq burdan başlayır.

 

- Hansı çəkiliş növünü yaradıcılığınıza yaxın bilirsiniz: fon, detal s.?

- İnsan faktoru mənim üçün əsasdır. Mən aktyorları çəkəndə həmişə çalışmışam ki, fonun təsvirini söndürəm. İşığı elə qururdum ki, aktyor ifası qabarıq görünsün. Dialoqa, monoloqa uyğun olaraq hərdən aktyorun sifətini yox, əllərini, mimika cizgilərini göstərmək daha vacibdir. Bunlar hamısı sənətlə bağlı əsas məsələlərdir.

 

- Payızda doğulmusunuz. Fəsillərin kinoya texniki baxımdan bilavasitə təsiri var, bəs əhval-ruhiyyəyə necə?

- Kinoda istehsalat elədir ki, filmlərin çox hissəsi yayda çəkilir. Baxmayaraq ki, yay çəkilişləri daha asandır, heç vaxt bu fəsildə kino çəkməyi sevməmişəm. Payızın bulud arxasındakı işığını çəkmək mənə daha çox xoş gəlir, nəinki yayın qızmar günəşini. Payız hisslər fəslidir. Bu fəsildə çəkiliş aparmaq başqa aləmdir. Alatoranlıq çəkilişlərini daha çox sevirəm. Dəyişkən havaya uyğun olaraq işıq qurmalısan. Payızın öz əhval-ruhiyyəsində olan dramaturji materialı işləyəndə möhtəşəm kadrlar alınır.

 

- Deyirlər, “hər şey keçmişdə qalır, amma heç bir şey keçmir”. Kənan Məmmədov üçün keçməyən nədir?

- Keçməyən xatirələrdir. Hərdən tək olanda keçmişi, dostlarımı tez-tez xatırlayıram. Rusiyanın məşhur kinooperatorlarından Pavel Lebeşev, Georgi Rerberq, Aleksey Knyajinski, Marqarita Pilixina digərləri ilə tanış olmuşam. SSRİ Dövlət mükafatı laureatı, məşhur sovet kinooperatoru Aleksandr Qalperin müəllimim idi. Onunla dostluğumuz ömrünün axırına qədər davam etdi. O, Moskvada yaşayırdı. İnanın, hər hansı bir bayramda birinci o məni təbrik edirdi, məni utandırırdı. Onun bir sözünü heç vaxt unutmaram. Deyirdi ki: “Kinematoqrafı oxuyub, kino çəkmək asandır. Kinoda bir ömrü yaşamaq isə hər adama nəsib olmur”. Mən bunu öz həyatımda müşahidə etdim, ömrümü kinoda yaşadım. 

 

- Sizə kinomuzun xoşbəxt Kənan Məmmədovu deyə bilərikmi?

- Təbii. Mən özümü xoşbəxt sayıram. Ömür boyu sevdiyim sənətlə məşğul olmuşam.  Sənətdə , həyatda da xoşbəxt adamam. Gözəl ailəm, nəvələrim var. İndi onların uğurlarını izləyirəm.

 

- Biz sizə cansağlığı ömür boyu sevdiklərinizin əhatəsində olma xoşbəxtliyi arzulayırıq.

 

Şəhla ƏMİRLİ

Kinoşünas

 

Mədəniyyət.- 2019.- 9 oktyabr.- S.7.