Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Oljas Süleymenov ilə görüş

 

 

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda türk dünyasının görkəmli şəxsiyyəti – məşhur qazax yazıçısı, şair, alimictimai xadim Oljas Süleymenov ilə görüş keçirilib.

Fondun prezidenti Günay Əfəndiyeva qonağı salamlayaraq onun əsərlərinin hər zaman Azərbaycanda böyük sevgi ilə qarşılandığını deyib. Vurğulanıb ki, Oljas Süleymenov bütün dövrlərdə yüksək vətəndaş mövqeyi nümayiş etdirərək türk xalqlarının müstəqillik yolunda apardığı mübarizəyə, eləcə də Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə öz dəstəyini nümayiş etdirib.

G.Əfəndiyeva türkdilli xalqların ortaq tarixə, mədəniyyətə, adət-ənənələrə malik olduqlarını qeyd edərək bildirib ki, yazıçının əsərləri tək Qazaxıstana deyil, bütövlükdə türk dünyasına xas xüsusiyyətləri, mənəvi dəyərləri özündə ehtiva edir.

Oljas Süleymenov türkdilli xalqlar arasında həmrəyliyin çox mühüm yer tutduğunu bildirərək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib. O, həmçinin Fondla əməkdaşlığın gələcəkdə daha da möhkəmlənməsindən məmnun olacağını ifadə edib.

Daha sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu haqqında video-çarx nümayiş olunub və yazıçının bununla bağlı fikirləri dinlənilib.

Görüşdə Türk Şurasının baş katibinin müavini Qismət Gözəlov və Qazaxıstandan gələn qonaqlar da iştirak edib. Oljas Süleymenov öz imzalı kitablarını Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna bağışlayıb.

 

Mədəniyyət.- 2019.- 9 oktyabr.- S.4.