“Aşıq musiqisi axşamları”nda növbəti konsert

 

 

 

Muğam Mərkəzində “Aşıq musiqisi axşamları” layihəsi davam edir. AMEA-nın Folklor İnstitutunun dəstəyi ilə reallaşan layihənin növbəti konserti oktyabrın 7-də keçirilib.

Layihənin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir. “Aşıq musiqisi axşamları”nın budəfəki təqdimatı Azərbaycanın Qərb aşıq məktəbinə həsr olunub.

Musiqili gecədə Gədəbəy rayonundan aşıq Cahangir, aşıq Altay, aşıq Təbriz, Tovuz aşıqlarından Lətifə Çeşməli, Şəhriyar Qaraxanlı, Elməddin Məmmədli, Borçalıdan aşıq Ramin, aşıq Əşrəf, aşıq Qabil, Göyçə aşıqlarından aşıq Səlim, Bəhmən Ardanışlı, Qazax aşıqlarından Şaiq İncəli, İlham Aslanbəyli, Kəlbəcər aşıqlarından aşıq Qalib, Gözəl Kəlbəcərli çıxış ediblər.

Azərbaycan aşıq sənətinin yaradıcılıq və ifaçılıq baxımından üç əsas məktəbi var  ki, bunlar Qərb aşıq məktəbi, Şərq aşıq məktəbi, Cənub aşıq məktəbidir. Qərb aşıq məktəbi (Göyçə, Şəmkir, Tovuz, Qazax, Gəncə, İrəvan, Gədəbəy, Naxçıvan, Borçalı) bu günədək ozan ənənəsini qoruyub yaşadıb. Zəngin musiqili saz havaları bəstələmək, heca vəzninin müxtəlif şəkil və növlərində lirikepik mövzuda şeirlər qoşmaq, zəngin mündəricəli məhəbbət və qəhrəmanlıq dastanları yaratmaq Qərb aşıq məktəbinin başlıca xüsusiyyətini təşkil edir. Saz havalarında aşiqanə gözəlləmələrin ifasında lirik melodiyalardan, dastan yaradıcılığında isə epik melodiyalardan istifadə olunur.

 

Mədəniyyət.- 2019.- 9 oktyabr.- S.4.