Görkəmli şərqşünas alimin yubileyinə həsr olunmuş sərgi

 

 

Oktyabrın 10-da Azərbaycan Milli Kitabxanasında “Aida İmanquliyeva – görkəmli şərqşünas alim” adlı kitab sərgisi açılıb.

Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək professor Aida İmanquliyevanın (1939-1992) həyat və yaradıcılığından danışıb. Bildirib ki, 1939-cu il oktyabrın 10-da Bakıda ziyalı ailəsində anadan olan Aida İmanquliyeva 1957-ci ildə 132 nömrəli orta məktəbi qızıl medalla bitirib və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsinə qəbul olunub. Universiteti bitirəndən sonra bu təhsil müəssisəsinin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspirantı olub, həmçinin SSRİ EA Asiya Xalqları İnstitutunun aspiranturasında təhsil alıb. İyirmi yeddi yaşında namizədlik dissertasiyasını müdafiə edən Aida İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq İnstitutunda əmək fəaliyyətinə başlayıb. İstedadı, zəhmətsevərliyi hesabına kiçik elmi işçidən, elmi işlər üzrə direktor müavinidirektor vəzifəsinədək yüksəlib.

Qeyd edilib ki, alimin dərin nəzəri bilikləri, analitik təfəkkürü, zəngin mütaliəsi, bir neçə Şərq və Qərb dillərini bilməsi apardığı tədqiqatların uğurunu şərtləndirən əsas amillər idi. O, filologiya elmləri doktoru adını almış ilk azərbaycanlı qadın-ərəbşünasdır.

Aida xanım elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasına böyük diqqət yetirib. Ərəb filologiyası şöbəsində rəhbər olduğu qısa müddətdə 10-dan çox namizədlik dissertasiyası müdafiə edilib.

Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova çıxış edərək Aida İmanquliyevanın elmi fəaliyyətindən, şərqşünaslığın inkişafında xidmətlərindən danışıb.

Sərgi bir həftə davam edəcək.

 

Mədəniyyət.- 2019.- 11 oktyabr.- S.2.