“Vətən naxışları” layihəsinin təqdimatı

 

 

 

Oktyabrın 10-da Beynəlxalq Mətbuat Mərkəzində “Bacarıqlı əllər dünyası” İctimai Birliyi “Vətən naxışları” layihəsini təqdim etdi. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunan bu layihə milli dekorativ-tətbiqi sənət növlərini yaşatmaq, onları gənclər arasında yaymaq, şəhid ailələrinin üzvlərinə və fiziki əngəlli şəxslərə öyrətmək niyyəti daşıyır.

On ildir fəaliyyət göstərən ictimai birlik bu niyyətini həm də bir qədər fərqli tərzdə həyata keçirir. İnsanlara dolanmaq, gələcəyini qurmaq üçün əl işlərinin öyrədilməsi layihəsi Qarabağ savaşında şəhid olmuş Vətən övladlarının adı ilə bağlanılır. “Vətən naxışları” adı verilən və Qaradağ rayonu Yeni Müşfiq qəsəbəsində yerləşən Ağdam rayon 33 nömrəli köçkün tam orta məktəbində həyata keçirilən növbəti layihə şəhid Mətləb Mövsüm oğlu Abbasovun xatirəsinə həsr edilib.

“Bacarıqlı əllər dünyası” İctimai Birliyinin rəhbəri Azadə Məmmədova çıxış edərək indiyədək reallaşan layihələrdən danışdı. Dedi ki, məqsəd gənclərin, məktəblilərin həm asudə vaxtını mənalı keçirmək, həm də onlara gələcəkdə öz əl qabiliyyətinin köməyilə maddi qazanc əldə etmək yollarını göstərməkdir. Üstəlik, bu layihələri vətən torpağı uğrunda şəhid olanların adlarına bağlamaqla biz həm şəhidlərimizin adını yaşatmış oluruq.

Layihənin həyata keçirildiyi 33 nömrəli məktəbin direktoru Nəsibə Hüseynova da söylədi ki, ictimai birliyin bu təşəbbüsü müəllimlər və şagirdlər tərəfindən maraqla qarşılanıb. Üç qrupa bölünən uşaqlar dərsdən sonra rəssam Adil Şıxəliyevdən, təlimçilər Səbinə Quliyeva və Zəhra Xələfovadan qobelen toxuma, hörmə və muncuqla işləmə sənətlərinin əlifbasını öyrəniblər. Layihə zamanı ilk baxışda asudə vaxt məşğuliyyəti kimi baxılan bu yaradıcılıq sahələrində xüsusi qabiliyyəti olan uşaqlar da aşkarlanıb ki, gələcəkdə onların da rəssam, dekorçu olacağını gözləməyə dəyər.

Sonra layihəyə həsr edilmiş “Vətən naxışları” videoçarxı nümayiş olundu. Şəhid Mətləb Mövsümovun anası Məleykə xanım oğlunun belə xeyirli işdə və xoş layihədə xatırlandığına görə minnətdarlığını bildirdi. Rəssam Adil Şıxəliyev, təlimçi Zəhra Xələfova uşaqlarla işləməkdən zövq aldıqlarını, öyrənmək istəyənlərə öz bilik və bacarıqlarını öyrətməyə hər zaman hazır olduqlarını bildirdilər.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Elnarə Quliyeva, “Vətəndaşların sosial rifahı naminə” İctimai Birliyinin sədri İradə Rzazadə, Ağdam rayon 33 nömrəli məktəbin şagirdi Zərif İbadzadə layihə barədə xoş fikirlər söylədilər və belə layihələrin davamlı olmasını arzuladılar.

 

GÜLCAHAN

 

Mədəniyyət.- 2019.- 11 oktyabr.- S.2.