III Riçarda “Lənət”

 

 

Dövlət Yuğ Teatrının 30-cu mövsümünü premyera ilə açması barədə oxuculara məlumat vermişdik. Teatrın sənət nəzəriyyəsinin də öz əksini tapdığı “Lənət” tamaşası Vilyam Şekspirin ilk əsərlərindən sayılan “III Riçard”ın motivləri əsasında səhnələşdirilib.

Tamaşanın quruluş müəllifi bolqarıstanlı rejissor Xristo Stoyçev, rejissoru Günay Səttarova, bəstəkarı Xalq artisti Sərdar Fərəcov, quruluşçu rəssamı Olqa Boseva, geyim üzrə rəssamı Səadətxan Ramin, rejissor assistenti Günel Səfərovadır. Pyesi Azərbaycan dilinə Yuğ teatrının aktyoru, Xalq artisti Vidadi Həsənov tərcümə edib.

Yaradıcı heyətin yeni redaktədə təqdim etdiyi “Lənət”də rolları Əməkdar artist Sonaxanım Mikayılova (Marqarita), aktyorlar Vüqar Hacıyev (Riçard), Zümrüd Qasımova (Kraliça Yelizaveta), Elgün Həmidov (Bekingem), Natəvan Qeybani (ümumi planda Kölgə,  Hersoginya York, Riçardın anası) oynayırlar.

Lənətə gəlmiş insanın heç bir zaman qurtuluşa və səadətə yetməyəcəyinin isbat olunduğu səhnə həllində rejissorun aktyorlar üçün təyin etdiyi meyarlar da onların oyun üslubuna tam uyğunlaşdırılmışdı. Daha doğrusu, ifaçı obrazın ruh halından irəli gələn situasiyaların ağırlığında çapaladıqca qəhrəmanının enerjisini birbaşa ötürməyə və beləcə, tamaşaçını bu dar çərçivədə daimi gərginlikdə saxlamağa nail olurdu.

Tamaşada süjet xətti vertikal müstəvi üzərində qurulub.

Vertikal müstəvi dedikdə pazl oyunu nəzərdə tutulur. Bu o deməkdir ki, hər bir səhnə özü-özlüyündə məzmuna malik olmaqla yanaşı, həm də assosiativ süjet yaradır. Bu səhnələr bir-birindən aktyorların eyni anda etdikləri eyni hərəkətlə ayrılır. Təbii ki, bu da Yuğ teatrının psixosoft teatr estetikasından – aktyorun özünə bir anlıq da olsa kənardan baxmaq və tamaşaçısını “azad” etmək prinsipindən irəli gəlir. Sadəcə, rejissor bu məqamı daha da dərinləşdirməklə tamaşanın ümumi ağırlığına bir səthilik gətirməyə çalışıb.

Yəni neqativ mövzuya, qana, lənətə, bəlaya, bədbəxtliyə, qaranlığa ünvanlanan xəttin kəsişmə nöqtələrini möhkəmləndirmək istəyib.

Aktyorların ifa texnikası, imkanları və tamaşaçıya ifadə qabiliyyətlərini yaxşı duyan quruluş müəllifi hər obraza çəkə bildiyi yükü verdiyindən aktyor oyununda tarazlıq pozulmamışdı.

“III RiçardŞekspirin tarixi şəxsiyyətlərdən bəhs edən məlum dördlüyünün ən maraqlısı və məşhurudur. Müxtəlif teatrlarda fərqli səhnə üslublarında tamaşaya qoyulan əsər bədii, hətta animasiya filmi kimi də ekranlaşdırılıb. Qonaq rejissorun yanaşmasını digərlərindən fərqləndirən əsas amil onun məsələyə zaman məhvərindən çıxma manevri ilə baxması və tamaşaçını Orta əsrlər İngiltərəsindən  günümüzə, həm də ani detallarla gətirməsidir...

Əsərin mərkəzi obrazı olan Riçardın taxt-tac uğrunda əl atmadığı eybəcərlik qalmır. Dünya malına həddindən artıq aludə olan, öz daxili bataqlığında, uşaqlıq travmalarında boğulan gənc Riçard krallıq uğrunda ən yaxın insanlarını belə asanlıqla qurban verir. Qardaşı və onun azyaşlı oğlanlarını sıradan çıxarır, hakimiyyət üçün iyrənc evlilik oyunlarını qurur və hətta anasının namusu ilə oynayıb, ona qara yaxmaqdan belə çəkinmir.

Əsas hədəf üçün hər kəsi xərcləyən Riçard ən yaxın silahdaşı, demək olar ki, onu taxt-taca gətirən zavallı Bekengemə (E.Həmidov) belə acımır. Qardaşının arvadı, gözəl və cazibədar Yelizavetanı (Z.Qasımova) alçaltmaqdan, gülünc vəziyyətlərə salmaqdan yorulmur. Şəhvətində boğulduğu halda qadın düşkünlüyünü də vəzifə ehtirasında boğan Riçard sonda anasının (S.Mikayılova) da üzərindən xətt çəkir.

Etdiyi bütün hərəkətlərə haqq qazandırmağa çalışır. Həyatının belə olmağına, xarakterindəki naqisliklərə görə hər kəsi, hətta Tanrını da günahlandırır. Çünki onu məhz Tanrı belə qüsurlu, eybəcər yaradıb. Bütün üsyan və naqisliklərini də bununla əlaqələndirir, özünə haqq qazandırır. Həm də günahlarından qorxmur. Heç cəhənnəmə vasil olacağını da vecinə almır. Onun bir məqsədi var: taxt-tac. Rejissor da məhz bu məqam üzərində dayanaraq insanın – iriya xırda – fərq etməz, məqsədi uğrunda hər cür oyuna gedə biləcəyinə işarə vurur. Bunu Riçardın tamaşaçı ilə birbaşa təmasında ucadan, həm də qalib ədası ilə səsləndirməsi də sübut edirdi.

Vüqar Hacıyevin Riçard obrazına qatdığı şıltaqlıq, ələ salmaq, oyunbazlıq çalarları üzərində xüsusi dayanması diqqətdən yayınmırdı. Aktyor bu yollaözünü, nə də tamaşaçısını Riçardaqurban” verməməyə çalışırdı.

Onun fonundakı bədbəxt BekengemElgün Həmidovun ifasında baxımlı idi. O, uduzduğunu anlayan və etirazsız ölümlə pəncələşən qurban kimi inandırıcı idi.

Eləcə də Zümrüd Qasımovanın Yelizavetası bədbəxt ana kimi bütün emosiyaları ilə səmimi idi. Xüsusən qadın cazibəsini də işə salaraq Riçardla toqquşma, daha doğrusu, lənət yağdırmaq məqamında uğurlu oyun sərgiləyə bildi.

Marqarita Sonaxanım Mikayılovanın ifasında çarəsizliyin, peşmançılığın, heç bir nəticəsi olmayan əzabın verdiyi ağrı tablosu kimi çoxçalarlı alınmışdı.

Bu fonda Natəvan Qeybaninin aktrisa kimi asanlıqla ifadə etdiyi Kölgəsi özünə xas kölgəlikdən çıxaraq səhnənin mərkəzinə, ideyanın əsasına doğru rahatlıqla irəliləyirdi.

Səhnə əsərinin ideyaya uyğun, sadə tərtibatı var. Rejissor aktyorları dəmir məngənələrdə, çəpərlərdə iztiraba məhkum edir, onlara işığın, qurtuluşun yolu etirafgünahlardan arınmaqdadır deyir.

Lənətlənmiş insanın faciəyə məhkum həyat tarixçəsinin səhnə təcəssümü olan “Lənət”in musiqi həlli də vəziyyətə uyğundur. Ümumilikdə aktyor-rejissor dialoqunun uğurlu həlli olan səhnə işi həm də tamaşaçıya ötürmək istədiyi “bütün əzablardan qurtuluş etirafındadır” mesajının yaxşı sonu kimi yadda qaldı.

 

Həmidə NİZAMİQIZI

Mədəniyyət.- 2019.- 11 oktyabr.- S.4.