Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar

 

Əminə Dilbazi-100

 

Qədim tarixə malik olan Azərbaycan milli rəqslərinin ifasında, təbliğində və gənc nəslə ötürülməsində misilsiz xidmətləri olan Əminə Dilbazinin adı Azərbaycan mədəniyyətinə qızıl hərflərlə həkk olunmuşdur. O, ürəkaçan, zərif sənəti, pedaqoji fəaliyyəti ilə Azərbaycan professional milli rəqs mədəniyyətinin inkişafında böyük rol oynamış və ənənəvi rəqslərimizin əbədiləşməsi üçün böyük əmək sərf etmişdir. Təsadüfi deyil ki, onu “əfsanəvi rəqqas”, “Azərbaycan rəqs sənətinin şahzadəsi” adlandırmışlar.

Bu il ölməz sənətkarın 100 illik yubileyi təntənə ilə qeyd olunacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin unudulmaz ustadın yubileyinin keçirilməsi ilə əlaqədar 4 sentyabr 2019-cu il tarixli sərəncamında onun yaradıcılığına yüksək qiymət verilir: “....Əminə Dilbazi Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Sənətkar uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirmiş, fitri istedadı və bənzərsiz ifaçılıq imkanları sayəsində xalq rəqslərinin qiymətli nümunələrinə yeni çalarlar qazandıraraq onları orijinal ifa tərzi ilə xeyli zənginləşdirmişdir. Rəngarəng repertuarında, eyni zamanda dünya xalqlarının rəqslərinə geniş yer ayıran Əminə Dilbazinin mötəbər beynəlxalq müsabiqə və festivallardakı uğurlu çıxışları Azərbaycan incəsənətinin çoxsaylı nailiyyətləri sırasındadır. O, kinofilmlərdə, teatr tamaşaları və opera əsərlərində rəqslərə yüksək məharətlə quruluş vermiş, eləcə də professional rəqs qruplarının bədii rəhbəri kimi tanınmışdır. Əminə Dilbazinin, həmçinin xoreoqrafiya sənətinin incəliklərinin gənc nəslə öyrədilməsi istiqamətində fəaliyyəti təqdirəlayiqdir”.

Əminə Dilbazinin sənət yolu Azərbaycan professional milli rəqs sənətinin təşəkkülü və inkişafı yoludur. Onun yaradıcılığının bütün mərhələləri Azərbaycan milli rəqs sənətinin yeni uğurları və qələbələri ilə zəngindir.

Əminə Paşa qızı Dilbazi 1919-cu il dekabr ayının 26-da Qazaxda dünyaya gəlmiş, çox kiçik yaşlarından ailəsi ilə birlikdə Bakıya köçmüşdür. Onun rəqs aləminə gəlişi gözlənilməz olmuşdur. Uşaq yaşlarından güclü iradəyə və xarakterə, cəld və enerjili təbiətə malik olduğuna görə idmanla fəal məşğul olmuş, yüngül atletika üzrə təlimlər keçmişdir. İdmanın bu növünə olan marağı ona müxtəlif idman yarışlarında daim birincilikmükafatlar qazandırmışdır. Fiziki hazırlığı Əminə Dilbazini rəqs aləminə gətirib çıxarmışdır.

1935-ci ildə o, rəqqas Əşrəf Səfərovun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Xalq Rəqs Ansamblının yaradılması məqsədilə keçirilən müsabiqədə iştirak edərək münsiflər heyətinin müsbət rəyini qazanmışdır. Elə həmin ildən də ansamblın direktoru Əşrəf Səfərovun dəvəti ilə bu kollektivdə əmək fəaliyyətinə başlamışdır.

Böyük sənətdə ilk addımlarını əvvəlcə Əli Bayramov adına klubda atmağa başlamış, sonradan yaradıcılıq yolu filarmoniya, Səid Rüstəmovun Xalq çalğı alətləri ansamblı ilə bağlı olmuşdur. Rəqqasə olacağını təsəvvürünə belə gətirməyən Əminə Dilbazi tezliklə bu sənətin sirlərinə yiyələnmiş və milli rəqslərin ecazkar ifaçısı kimi məşhurlaşmışdır.

İlk dəfə 1935-ci ildə səhnəyə çıxaraq, dahi bəstəkar Üzeyir Hacıbəylinin bəstələdiyi və həmin illərdə dillər əzbəri olanKolxoz çölləri” mahnısına xoreoqrafik quruluş vermiş, ifaçısı olmuşdur. Onun bu təşəbbüsü Üzeyir Hacıbəyli tərəfindən rəğbətlə qarşılanmış və gənc qızın səhnədə solo fəaliyyətinə geniş imkan açılmışdır. Bunun ardınca o, Qılman Salahovun musiqisinə “Ay gözəl”, Niyazinin musiqisinə “Dağlar gözəli” rəqslərinin quruluş müəllifi olmuşözüsolo ifa etmişdir.

Əminə Dilbazi 1936-1969-cu illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının solisti kimi çalışmış və müxtəlif illərdə rəqs qrupuna rəhbərlik etmiş, 1939-cu ildən baletmeyster assistenti olmuşdur. Bu dövr ərzində o, Azərbaycan xalq rəqslərinin əvəzsiz ifaçısı kimi neçə-neçə rəqsə nəfəs vermişbu rəqslər onun təfsirində yeni həyat qazanmışdır.

Oynadığı “İnnabi”, “Tərəkəmə”, “Vağzalı-Mirzeyi”, “Naz eləmə”, “Turacı”, “Ceyran bala”, “Uzundərə” kimi xalq rəqslərinin hər biri Əminə Dilbazinin ifasında xüsusi təravət və zövqlə təqdim olunmuşdur. O, ifa etdiyi bu rəqslərə yeni çalarlar qataraq, onları yeni üslub tərzi ilə zənginləşdirmişdir. Məsələn, Əminə Dilbazinin “Vağzalı” rəqsinin ifası zamanı hər iki əlində, ovcunun içində cüt stəkan tutaraq zərif hərəkətlərlə süzməsi çox orijinal təsir bağışlamışdır. Yaxud, Qılman Salahovun lirik melodiyası üzərində ifa etdiyiQavalla rəqs” də onun yaradıcılıq fantaziyasının məhsulu olmuşdur.

Əminə Dilbazi musiqi folklorumuzda geniş yayılan solo qadın rəqslərinin zəngin obrazlar aləmini xoreoqrafiya elementləri vasitəsilə çox incəliklə, zərif duyumu ilə çatdıra bilmişdir. Onun ifa etdiyi rəqslərdə Azərbaycan qadınının zahiri və mənəvi gözəlliyi, bədii-estetik duyumu, lirik hissləri bilavasitə əksini tapmışdır.

Əminə Dilbazi öz ifasında Azərbaycan xalq qadın rəqsləri üçün xarakterik olan “çiləmə” və “süzmə” kimi əl hərəkətlərindən xüsusi məharətlə istifadə edərək, rəqsə özünəməxsus bir ovqat bəxş etmişdir. Əminə Dilbazi sənətinə yüksək dəyər verən ulu öndər Heydər Əliyevin onunla görüşdükdə dediyi sözlər – “Sənin, Əminə, təkrarolunmaz əllərin var, onlar sanki oxuyurlar. Belə əlləri mən heç bir, hətta ən görkəmli rəqqasədə də görməmişəm” – son dərəcə dəqiqliklə verilən belə bir yüksək qiymət böyük sənətkarın təkrarolunmaz istedadını səciyyələndirən əsas cəhətlərdən biridir.

Əminə Dilbazinin repertuarından “Tərəkəmə”, “Turacı”, “Uzundərə”  kimi xalq rəqslərinin ifası xüsusilə böyük rəğbətlə qarşılanmışdır. Lirik xarakterli bu rəqslərdə azərbaycanlı gənc qadın obrazları dolğunluğu ilə canlandırılmışdır.

Məsələn, özünün melodik axıcılığı və şəffaflığı ilə diqqəti cəlb edən “Tərəkəmə” qədim Azərbaycan rəqsinin ifası zamanı rəqqasənin aramlı və təmkinli hərəkətləri qürurlu və vüqarlı qadın obrazının möhtəşəm təcəssümünü yaradır. “Segah” muğamının lirik xarakterli intonasiyaları üzərində sanki rəqsin “bəzəkli örpəyi” toxunur. Rəqsin melodiyasının zəngin melizmləri ilə “çiləmə” elementlərinin vəhdəti incə qadın obrazını daha da qabarıq göstərir. Rəqsin ikinci yarısında isə üçcəhətli vəzninə keçid və muğamın yüksəkdə yerləşən tonlarının səsləndirilməsi “süzmə” elementlərini artırmaq üçün geniş imkanlar açır. Əminə Dilbazinin repertuarında qadın toylarının bəzəyi olan “Tərəkəmə” rəqsi özünəməxsus yer almışdır.

“Uzundərə” rəqsi də qız-gəlinlərin toy şənliklərində ifa etdikləri ən geniş yayılmış xalq rəqslərindən biri kimi Əminə Dilbazinin repertuarını bəzəmişdir. O, rəqsin çox səlis, axıcı melodiyasının dalğavarı quruluşu vasitəsilə qadın hərəkətlərinin zərifliyini, qamətinin incəliyini, qıvraq plastikasını məharətlə əks etdirmişdir. İfasına süzmə elementlərini daxil etməklə rəqsə xüsusi cazibə qüvvəsi vermişdir.

Digər lirik rəqslərdən olan “Turacı”nı da rəqqasə xüsusi həvəslə ifa etmiş, onun repertuarında ən sevimli rəqs nömrəsi olmuşdur. Etirafına görə, “Turacı”nı ifa edərkən o özünü başqa aləmdə hiss etmişdir. Dərin lirikası ilə seçilən bu rəqs melodik gözəlliyi ilə fərqlənir. Rəqsdə Əminə Dilbazi turac quşunun uçuşunu, ovçu tərəfindən vurulmasını, yerə düşməsini və yenidən uçub getməsini əllərinin və bədəninin plastik hərəkətləri ilə zərif şəkildə canlandırmışdır.

Qeyd edək ki, rəqsin çox mülayim və axıcı xarakterə malik olan melodiyasının artıq ilk xanələrindən geniş sıçrayışla başlaması quşun qanad açıb uçuşunu təsvir edir. Bu, çox ifadəli və parlaq təsviredici xarakteri ilə seçildiyinə görə rəqs vasitəsilə göstərilməsini yüngülləşdirir. Getdikcə melodik inkişaf, muğamın yeni yüksək tonlarına (“Rast” – “Şikəsteyi-fars”) ucalma, həmçinin, yeni lad sferasına keçid (“Bayatı-Şiraz”) rəqs hərəkətinin inkişafına da təkan verir.

Beləliklə, olduqca zəngin musiqi materialına malik olan “Turacı” rəqsi qadın rəqslərinə məxsus ifa tərzləri ilə dolğundur. Təsadüfi deyil ki, Əminə Dilbazinin ifa etdiyi rəqslər sırasında “Turacı”, özünün maraqlı kompozisiya quruluşuna görə çox parlaq, orijinaleyni zamanda mürəkkəb və ağır rəqs hesab olunur. Bu özünü rəqsin həm melodik məzmununda, həm də ifa tərzində aydın göstərir.

Məlum olduğu kimi, lirik xarakterli Azərbaycan qadın rəqslərində məhəbbət motivi müxtəlif çalarlarla özünü göstərir: ümidsiz, qüssəli, nikbin, sevinclis. Maraqlıdır ki, Əminə Dilbazinin ifa etdiyi lirik rəqslər nikbinliyi, şuxluğu ilə seçilir. Bu növ rəqslərdə ifaçının daxilindən gələn böyük və vəfalı sevgisi dərindən hiss olunur.

Belə rəqslərdən biri də “İnnabı”dır. Sadə süjetli, olduqca zərif qız rəqsi olan “İnnabı”da Əminə Dilbazi şuxluğu, oynaqlığı, qızlıq təravətini tərənnüm etməyə çalışmışdır. Cəld və təşəbbüslü xarakteri ilə seçilən bu rəqsin ifasında o, xüsusi zəriflik nümayiş etdirmişdir. Eynilə “Naz eləmə” rəqsinin təqdimatında da Azərbaycan qadınına xas olan naz etmə xüsusiyyəti Dilbazinin ifasında olduqca zərif və incə şəkildə əksini tapmışdır. Ümumiyyətlə, Əminə Dilbazinin ifa etdiyi lirik rəqslər sırasında şıltaqlıq, şənlik, gümrahlıq, sevinc hisslərinin tərənnümü üstünlük təşkil edir. Bu da təbiidir, belə ki, Əminə Dilbazinin xarakter etibarilə gümrah, həyatsevər, nikbin olması onun ifa etdiyi rəqslərə də öz möhürünü vurmuşdur.

Gözəl rəqqasə olmaqla bərabər, Əminə Dilbazi xoreoqraf kimibir çox musiqili komediyalarda, opera əsərlərində, müxtəlif teatr tamaşalarında və filmlərdə, xüsusilə, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında, “Arşın mal alan” və “O olmasın, bu olsunmusiqili komediyalarında milli rəqslərimizə uğurlu quruluş vermişdir. O, həmin rəqslərdən bir çoxunun parlaq ifaçısı kimi rəqs sənətimizdə yeni dəst-xəttin formalaşdırılmasına nail olmuşdur. Rəqqasə həmçinin, Azərbaycan Dövlət Filarmoniyasında oynanılan “Dədə Qorqud”, “Azərbaycan toyu”, “Bir bağçanın gülləri” səhnə əsərlərində əsas partiyaların ifaçısı olmuşdur. Eyni zamanda respublikamızın hüdudlarından kənarda onun müxtəlif xalqların rəqslərinə verdiyi quruluşlar, osetin, özbək ansambllarında tamaşaya qoyduğu rəqslər mütəxəssislər tərəfindən layiqincə qiymətləndirilmişdir.

Əminə Dilbazi, həmçinin tanınmış professional və özfəaliyyət rəqs qruplarının bədii rəhbəri kimi milli rəqs sənətinin inkişafında böyük rol oynamışdır. Onun 1959-cu ildə Azərbaycan Tibb İnstitutundaÇinar” tələbə-rəqs kollektivinə, 1967-ci ildə “Sevinc” qızlar qrupuna, daha sonralar “Yallı”, “Şərur” və digər rəqs ansambllarına rəhbərlik etməsi milli rəqs sənətinin zəngin ifaçılıq ənənələrinin qorunub saxlanılmasına mühüm töhfə olmuşdur. Məhz Əminə xanımın gərgin əməyi və yüksək professionallığı sayəsində dünyanın müxtəlif nöqtələrində qastrollarda, müxtəlif konsert və müsabiqələrdə uğurlu çıxışları həmin kollektivlərə yüksək mükafatlar qazandırmışdır. Bütün bunlar, şübhəsiz, gərgin yaradıcılıq axtarışlarının bəhrəsi idi.

Uzun illər Bakı Xoreoqrafiya Məktəbində (1949-cu ildən) və Azərbaycan Milli Konservatoriyası nəzdindəki İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərən Əminə Dilbazi özünün zəngin sənət təcrübəsini ölkəmizdə milli xoreoqrafiyanın təşəkkülünə sərf etmiş, xalq rəqslərinin incəliklərini gənc nəslə öyrətmək sahəsində qüvvə və bacarığını əsirgəməmişdir.

Ənənə və novatorluğu öz yaradıcılığında ahəngdar şəkildə birləşdirən Əminə Dilbazi milli rəqs məktəbinin püxtələşməsi prosesinə sanballı töhfələr vermişdir. Bir pedaqoq kimi mülayim, eyni zamanda ciddi və tələbkar olan Əminə Dilbazi 100-dən artıq rəqqasə yetirmişdir. Onların sırasında Roza Cəlilova, Tutu Həmidova, Aliyə Ramazanova, Afaq Məlikova öz müəllimlərinin tövsiyələrinə riayət edərək, ənənələrini layiqincə davam etdirmişlər.

Bütün bunlarla yanaşı, Əminə Dilbazi həm də sədaqətli ömür yoldaşı, qayğıkeş və fədakar ana olmuşdur. Onun görkəmli Azərbaycan bəstəkarı Cövdət Hacıyevlə birgə uzunmehriban ailə səadəti gənclərimiz üçün örnək ola bilər.

Əminə Dilbazi Cövdət Hacıyev ilə hələ musiqi məktəbində birgə oxuduğu zaman tanış olmuş, sonralar isə Azərbaycan Dövlət Filarmoniyasında birlikdə çalışdıqları dövrdə də rastlaşmışdır. Müharibə illərində Cövdət Hacıyev filarmoniyada bədii rəhbər, Əminə Dilbazi isə rəqs ansamblında solist kimi fəaliyyət göstərmişdir. Taleyin qisməti ilə ailə həyatı qurmuşlar. Bir-birinə həyatda dəstək və arxa olmaları onların hər ikisinə sənətdə də böyük nailiyyətlər qazanmalarına kömək etmişdir. Təbiətcə, xasiyyətlərinə və temperamentlərinə görə fərqlənsələr də, onları bir amal birləşdirirdi. Bu da hər iki şəxsiyyətin bir-birinə və öz sənətlərinə olan dərin məhəbbət və sevgi hissi idi ki, hər ikisini ömürlərinin sonunadək tərk etməmişdir.

Əminə Dilbazinin Azərbaycan incəsənətinin və mədəniyyətinin inkişafı naminə göstərdiyi uzunmüddətli səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Ona 1954-cü ildə respublikanın Əməkdar artisti, 1959-cu ildə isə Xalq artisti fəxri adları verilmişdir. Sənətkar bir sıra ordenmedallarla, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı olanİstiqlalordeni ilə təltif edilmişdir. Rəqs ölkəsi olan Hindistanda Əminə xanım “Şivanın rəqqasəsi” kimi yüksək titula layiq görülmüşdür. 2001-ci ildə Əminə Dilbaziyə Amerika Bioqrafik İnstitutu tərəfindən “Əsrin qadını” adı verilmişdir. O, həmçinin, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.

Əminə Dilbazi məsuliyyəti və professionalizmi sayəsində rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar, klassik ənənələrə arxalanan milli rəqslərimizin əsasını qoyanlardan biridir. O, Azərbaycan milli rəqs sənətini müasir estrada səhnəsinə çıxaran və geniş tamaşaçı auditoriyasına təqdim edən ustad rəqqasədir. Əminə Dilbazi milli rəqslərimizi dünyanın 20-dən artıq ölkəsində –Türkiyədə, Almaniyada, Fransada, Çində, Hindistanda, İsraildə, Malayziyada, Pakistanda, Çexoslovakiyada, İsveçrədə və s. təbliğ edərək dünya şöhrəti qazanmışdır. Onun yaratdığı məktəbi bu günçox sayda istedadlı ifaçı davam etdirir. Azərbaycan xalqı belə bənzərsiz ifaçılıq qabiliyyəti ilə minlərlə insanların qəlbində əbədi yaşayan sənətkarı ilə fəxr edir.

 

Timuçin ƏFƏNDİYEV

Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar incəsənət xadimi, professor

 

Mədəniyyət.- 2019.- 11 oktyabr.- S.6.