Abdulla ŞaiqTürk ocağı”nın qurucularındandır

 

 

 

Oktyabrın 15-də Abdulla Şaiqin mənzil-muzeyində ədibin vəfatının 60 illiyinə həsr edilmiş tədbir keçirilib. “Abdulla ŞaiqTürk ocağı”nın qurucularından biri kimi” adlı tədbir Azərbaycanda bərpa edilmişTürk ocağı” cəmiyyəti ilə birgə təşkil edilib.

1911-ci ildə Məhəmməd Əmin Yurdaqul, Əhməd bəy Ağaoğlu və başqaları tərəfindən İstanbulda yaradılan “Türk ocağı” türkçülük ideyalarını təbliğ edən bir cəmiyyət olub. Cəmiyyətin şöbələri Türkiyənin bir çox bölgələrində də yaradılmışdı. “Türk ocağı”nın bir şöbəsi də 1918-ci ildə Azərbaycanda fəaliyyətə başlamışdı. Onun yaradıcıları Abdulla Şaiq, Əhməd Cavad və Tağı Nağızadə olmuşlar. Bu yaxınlarda “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlının təşəbbüsü ilə Azərbaycanda “Türk ocağı” cəmiyyəti bərpa edilib.

Tədbiri giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə açaraq Abdulla Şaiqin fəaliyyətinə yeni bir faktı – ədibin “Türk ocağı”nın qurucularından biri kimi fəaliyyətini meydana çıxardığı üçün Akif Aşırlıya təşəkkürünü bildirib.

Sonra muzeyin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyevanın “Abdulla Şaiq milli ideoloq kimi” adlı məruzəsi dinlənilib.

Türk ocağı” cəmiyyətinin sədri Akif Aşırlı çıxışında qeyd edib ki, A.Şaiq türk dünyasında tanınmağa, təbliğ olunmağa layiq bir sənətkardır. O, ədibin türkçülüyə dair əsərlərinin, həmçinin publisistikasının tədqiq olunmasına ehtiyac olduğunu deyib. A.Aşırlı “Türk ocağı” Azərbaycanda” kitabının 2015-ci il Bakı və 2016-cı il İstanbul nəşrlərinin nüsxələrini və Abdulla ŞaiqinTürk ocağı”ndakı fəaliyyətini təsdiq edən bir neçə sənədin surətini muzeyin direktoruna təqdim edib.

Tarix üzrə fəlsəfə doktoru Firdövsiyyə Əhmədova, ADMİU-nun professoru, fəlsəfə elmləri doktoru Mübariz Süleymanlı, ADU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Təranə Turan Rəhimli A.Şaiq irsindən söz açıblar, onun vətənsevər, türkçü bir pedaqoq olduğunu vurğulayıblar.

Tədbirin bədii hissəsində muzeyin əməkdaşları – Elminaz Məmmədli A.ŞaiqinTürk müsavat firqəsinə ithafmarş”, Fəridə Məmmədova “Neçin böylə gecikdin?” şeirlərini səsləndiriblər.

 

Mədəniyyət.- 2019.- 18 oktyabr.- S.4.