Kabarda-Balkar xalqının tanınmış şairi

 

 

XX əsrdə Kabarda-Balkar xalqının (Rusiya Federasiyası) yetişdirdiyi tanınmış ziyalı və yazarlar arasında şair Kərim Otarovun xüsusi yeri var. Xalqı kimi özü də məşəqqətli həyat yaşayan qələm sahibi ulusunun iztirablarını öz şeirlərində geniş şəkildə əks etdirib.

Kərim Saramurza oğlu Otarov 13 may 1912-ci ildə Rusiyanın Terek quberniyasının (indi Kabarda-Balkar Respublikası) Görxojan aulunda dünyaya göz açıb. O, ilk təhsilini mollaxanada alır, sonradan savad kurslarına gedir. 1934-cü ildə Nalçik Pedaqoji Məktəbini bitirir. Müəllim işləyə-işləyə bədii yaradıcılıqla da məşğul olur. Şeir və məqalələri mətbuatda dərc olunur.

Sovetlərin fəal təbliğatçısı kimi tanınan Kərim Otarov 1936-cı ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilir. İki il sonra Kabarda-Balkar Yazıçılar İttifaqına sədr seçilir. Uğurlar gənc şairi yaradıcılığa daha da həvəsləndirir. Həmin dövrdə Nalçik şəhər mətbəəsində onun ana dilində “Şeirlər və nəğmələr” adlı kitabı çap olunur. 1941-ci ildə “Məktəbin yaranması” adlı hekayələr kitabı işıq üzü görür. Lakin bu xoşbəxt günlərin ömrü uzun olmur. İkinci Dünya müharibəsi başlayır. O da könüllü olaraq müharibəyə gedir. Eşidir ki, ondan əvvəl müharibəyə gedən iki qardaşı döyüşdə həlak olub. Faşizmə qarşı mərdliklə vuruşur və “Qırmızı ulduzordeni ilə təltif edilir. Döyüşlərin birində ağır yaralanır və ayağının birini itirir. 1943-cü ildə ordudan tərxis olunur.

Vətənə döndüyü zaman böyük sarsıntı yaşayır. Artıq onun xalqı Stalin tərəfindən Türküstan elinə sürgün edilmişdi. Ailəsi və qohum-əqrəbalarının ardınca indiki Qırğızıstana gedir. Mənsub olduğu xalqın başına gətirilən bu zülm şairin yaradıcılığında öz əksini tapır. Müəllifin “Qaraçay qəbirləri”, “Soluq bənizli qızcığaz”, “Göy ağlayırdı” və başqa şeirləri xalq arasında maraqla qarşılanır.

1956-cı ildə Bişkek şəhərində Kərim Otarovun ana dilində “Yollar” adlı kitabçası çap olunur. Bir il sonra balkarların 1944-cü ildə ləğv edilən muxtariyyət statusu bərpa olunuronlara öz vətənlərinə dönmək hüququ verilir. Kərim Otarov da minlərlə həmyerlisi kimi doğma yurduna qayıdır. Lakin şair əvvəlki illərdə olduğu kimi ilhamla yazıb-yarada bilmir. Çünki sürgün illərində qələmə aldığı şeirləri nəşriyyatlar tərəfindən qəbul olunmur. Nəhayət, 1958-ci ildə şairin “Düşüncələr”, bir il sonra Moskvada rus dilində “Yollar” adlı şeir kitabları işıq üzü görür.

Kərim Otarov gec olsa, ali təhsil alır. 1963-cü ildə Kabarda-Balkar Dövlət Universitetinin Filologiya fakültəsindən məzun olduqdan sonra tərcüməçiliyə başlayır. Bir çox rus klassiklərinin əsərlərini öz dilinə tərcümə edir. Ümumtəhsil məktəbləri üçün ana dilində dərsliklər hazırlayır.

Tədqiqatçı Əli Şamil Kərim Otarov haqqında araşdırmasında yazır ki, görkəmli şair gənc ədəbi nəslin yetişməsi üçün böyük səy göstərib. Qəlbində sovet rejiminə bir inamsızlıq olsa da, bunu gənclərin yanında açıq şəkildə büruzə verə bilməyib. Gəncliyi sabaha ümidli yanaşmağa çağırıb. Bunu onunDoğulduğum yer”, “İllər”, “Dünyanın sabahı”, “Sabah ulduzu”, “Məzarlaradlı əsərlərində aydın görmək olur.

Vətəninə, xalqına ülvi tellərlə bağlı olan şair 13 oktyabr 1973-cü ildə vəfat edib.

 

S.FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 23 oktyabr.- S.7.