Mədəni sərvətlərin silahlı münaqişə və digər fövqəladə hallarda qorunması

 

 

Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən “Mədəni sərvətlərin silahlı münaqişələrin və digər fövqəladə halların mümkün təsirlərindən qorunması” adlı layihə həyata keçirilir.

Oktyabrın 24-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə UNESCO-nun 2018-2019-cu illər üçün İştirak Proqramı çərçivəsində reallaşdırılan layihənin təqdimat mərasimi oldu.

Layihənin koordinatoru Araz Bağırlı çıxış edərək bildirdi ki, məqsəd silahlı münaqişələr və fövqəladə hallar zamanı mədəni sərvətlərin qorunması üçün strateji planlaşdırma, preventiv kompleks tədbirlərin keçirilməsi, habelə təhlükəsiz evakuasiyasını təmin etmək üçün müvafiq hədəf auditoriyasını təlimatlandırmaq və bu sahədə mövcud beynəlxalq təcrübəni tətbiq etməkdir. O, həmçinin bu mövzuda UNESCO və Beynəlxalq Muzeylər Şurasından (İCOM) dəvət edilmiş ekspertlərin iştirakı ilə ikigünlük seminarın keçiriləcəyini də diqqətə çatdırdı.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək layihənin əhəmiyyətindən söz açdı. Bildirdi ki, 74 il öncə, 1945-ci il oktyabrın 24-də ABŞ-ın San-Fransisko şəhərində dünyanın 50 ölkəsinin imzaladığı BMT Nizamnaməsi qüvvəyə minib. Bu tarix bütün dünyada “BMT Günükimi qeyd olunur: “Təsadüfi deyil ki, layihənin təqdimatı məhz bu tarixdə keçirilir. Bu layihə UNESCO-nun İştirak Proqramının qrant qalibi seçilib. Layihə 14 may 1954-cü ildə qəbul edilmiş Haaqa Konvensiyası və ona dair İkinci Protokol (1999) əsasında hazırlanıb. Azərbaycan bu Konvensiyaya 1993-cü ildə, onun İkinci Protokoluna isə 2000-ci ildə qoşulub”.

Diqqətə çatdırıldı ki, ölkəmizin UNESCO çərçivəsində fəal təmsil olunduğu qurumlardan biri də həmin konvensiya əsasında fəaliyyət göstərən Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitədir. Komitədə təmsil olunduğumuz dövr ərzində Azərbaycanın təşəbbüsü ilə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qərarlar qəbul edilib.

Nazir müavini konvensiyanın ölkəmiz üçün xüsusi önəm kəsb etdiyini söylədi: “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 22 muzeyimiz işğal altında qalıb, 100 mindən artıq eksponat talan edilib. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi yerlə yeksan olunub, dünya şöhrətli Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin 13 minədək, Laçın Tarix-Diyarşünaslıq Muzeyinin 5 mindən artıq qiymətli və nadir əşyası talan edilərək Ermənistana aparılıb. Onların bəziləri hazırda xarici ölkələrə çıxarılaraq erməni mədəni nümunələri kimi təqdim edilməyə cəhd olunur. Erməni təcavüzkarları Azərbaycanın böyük musiqi xadimləri Üzeyir Hacıbəylinin və Bülbülün, habelə şairə Xurşudbanu Natəvanın heykəllərini Şuşa şəhərindən Ermənistan ərazisinə aparmışdılar. Bu abidələr bütün əxlaq normalarına zidd olaraq vəhşicəsinə güllələnmiş və ağır texnika vasitəsilə zədələnmişdir. Həmin abidələr çox çətinliklə əldə edilərək Bakıya gətirilib və hazırda bu muzeydə nümayiş etdirilir”.

Vurğulandı ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən Ermənistan ordusunun dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri hələ də icra olunmamış qalır. Bu qətnamələrin icra olunmaması nəticəsində mədəni sərvətlərimizə təcavüz də davam edir. Dağlıq Qarabağın azərbaycanlı icması öz mədəni hüquqlarından istifadə edə bilmir, oradakı mədəni irsmuzey sərvətləri məhv edilir.

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edərək layihənin önəmi haqqında danışdı.

Digər çıxış edənlər də layihə ilə bağlı fikir və mülahizələrini bildirdilər.

Tədbir çərçivəsində protectheritage.az saytının və Azərbaycan dilinə tərcümə olunmuş “Təhlükədə olan irsmuzey sərvətlərinin təxliyə qaydaları” adlı məlumat kitabının təqdimatı keçirildi. Kitab İCCROM (Mədəni Sərvətlərin Qorunması və Bərpası üzrə Beynəlxalq Tədqiqatlar Mərkəzi) və UNESCO-nun Misir Mədəni İrsinin Qorunması Fondu ilə əməkdaşlıq çərçivəsində nəşr olunub.

 

FARİZ

 

Mədəniyyət.- 2019.- 30 oktyabr.- S.1;4.