Xalq yazıçısı Elçinin kitabları nəşr olunub

 

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Xalq yazıçısı Elçinin seçilmiş hekayələrindən  ibarət “Qırx beş (seçilmiş hekayələr)” kitabı işıq üzü görüb.

Kitabda ədibin qırx beş hekayəsi toplanıb. Geniş oxucu auditoriyasına ünvanlanan hər bir hekayədə dünənin və bu günün gerçəklikləri, ailə və məişət qayğıları işıqlandırılır. Yeni mövzuları, gözlənilməz süjet kompozisiyaları ilə fərqlənən, insan obrazları ilə zəngin olan bu hekayələrdə Elçin yaradıcılığının özünəməxsusluğu qabarıq şəkildə görünməkdədir. Kitabda toplanan hekayələr müxtəlif dillərə tərcümə olunub, onların əsasında filmlər çəkilib və tamaşalar hazırlanıb.

Mədəniyyət  Nazirliyinin dəstəyi ilə yazıçının “Daha dərin qatlara (seçilmiş məqalə və esselər)” kitabının nəşri də başa çatdırılıb.

Kitabda görkəmli ədibin XX əsrin 70-ci illərindən bu günə kimi dövri  mətbuatda dərc olunan seçilmiş məqalə və esseləri toplanıb. “Tənqid və ədəbi proses”, “Problemlər”, “Ədəbiyyatımız və folklorumuz”, “Qələm sahibləri”, “Teatrtamaşalar” bölmələrində təqdim olunan məqalə və esselərin hər biri oxucunu düşündürür.

“Təhsil” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitablar nazirliyin tabeliyində olan kütləvi kitabxanalara paylanılacaq.

 

Mədəniyyət.- 2019.- 30 oktyabr.- S.5.