Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş elektron məlumat bazası

 

 

Oktyabrın 25-də Azərbaycan Milli Kitabxanasında “Əhməd bəy Ağaoğlu – 150” adlı elektron məlumat bazasının təqdimat mərasimi keçirildi. Elektron məlumat bazası Prezident İlham Əliyevin görkəmli publisist, tənqidçi və tanınmış şərqşünas alimin 150 illiyi haqqında sərəncamının icrası ilə bağlı hazırlanıb.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən danışdı. Bildirdi ki, Azərbaycan müstəqillik qazandıqdan sonra alimin zəngin elmi yeni aspektdə araşdırılır, onun Azərbaycan xalqının maarifləndirilməsində, milli təfəkkürün formalaşmasında göstərdiyi xidmətləri tədqiq olunur. Ə.Ağaoğlu təkcə Azərbaycanda deyil, Türkiyədə də ictimai-siyasi fəaliyyətini davam etdirərək türkçülük ideyalarını təbliğ edib.

Direktor diqqətə çatdırdı ki, “Əhməd bəy Ağaoğlu – 150” elektron məlumat bazası Milli Kitabxananın görkəmli şəxsiyyətin yubileyinə töhfəsidir.

Sonra Ə.Ağaoğlunun həyat və yaradıcılığı haqqında qısa film nümayiş olundu.

Filologiya üzrə elmlər doktoru, professor Alxan Bayramoğlu çıxış edərək Ə.Ağaoğlunun ictimai-siyasielmi-publisistik fəaliyyəti haqqında söhbət açdı, elektron məlumat bazasının əhəmiyyətindən bəhs etdi.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şahbaz Şamıoğlu Ə.Ağaoğlunun Şuşada uşaqlıq günlərindən Parisdə təhsil illərinə qədər keçən bir dövrü əhatə edən “Altmış yeddi il sonra”, Maltaya sürgünündən bəhs edən “Mütariqə və sürgün xatirələri” kimi memuarları haqqında danışdı. Natiq Ə.Ağaoğlunun türk xalqlarının milli azadlıq hərəkatında və mədəni yüksəlişində misilsiz xidmətlərini vurğuladı, əsərlərinin bu günaktual olduğunu söylədi.

Çıxışlardan sonra elektron məlumat bazası təqdim edildi. Elektron toplu “Ə.Ağaoğlunun həyat və yaradıcılığı”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər Əhməd bəy Ağaoğlu haqqında”, “Əsərləri”, “Difai partiyası haqqında” və s. bölmələri əhatə edir.

Sonda tədbir iştirakçıları Ə.Ağaoğlunun 150 illiyinə həsr olunmuş kitab sərgisi ilə tanış oldular.

 

S.FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 30 oktyabr.- S.6.