“Mənim yay tətilim” rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı

 

 

Oktyabrın 26-da Xətai Sənət Mərkəzində “Mənim yay tətilim” adlı ənənəvi rəsm müsabiqəsinin sərgisi və qaliblərin mükafatlandırma mərasimi keçirildi.

Müsabiqə Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, “Azərbaycan TeleviziyaRadio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti və Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov sərginin əhəmiyyətindən danışdı. Dedi ki, “Nəsimi ili” çərçivəsində reallaşan müsabiqə məktəblilərin yay istirahətlərinin zövqlü keçməsi və tətil ərzində diqqətçəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədilə təşkil olunub.

Qeyd olundu ki, ənənəvi müsabiqəyə bu il 800 müəllif tərəfindən 1400 rəsm  təqdim edilib. Münsiflər heyətinin birinci tur seçimindən sonra 12 yaşa qədər 150-dən çox müəllif, 12-17 yaş arası 140-a qədər uşaq, o cümlədən, Naxçıvan Muxtar Respublikasında təşkil olunmuş eyniadlı tədbirdən 20 uşaq əl işləri sərgilənmək üçün dəvət edilib.

Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov vurğuladı ki, seçim zamanı müəllifin yaşı, duyğu və düşüncələri nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi, ideya əsas götürülüb. Həmçinin müəllim və valideyn tərəfindən az müdaxilə edilən əsərlərə yer verilib.

“Tanış olaq” jurnalının baş redaktor müavini, rəssam Nazim Məmmədbəyov və Əməkdar rəssam Rafael Muradov qalibləri təbrik edərək onlara uğurlar arzuladılar.

Tədbirin sonunda sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla, fəal tədris mərkəzləri isə təşəkkürnamə ilə təltif olundular. Bundan başqa, 10 ən yaxşı əsər müəllifi xüsusi mükafata layiq görüldü.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2019.- 30 oktyabr.- S.8.