“Mədəniyyətlərarası bağlılığın uzun gecələri”

 

 

Vyanada keçirilən mədəniyyət həftəsində Azərbaycanın rəqs və musiqiləri təqdim edilib

 

Sentyabrın 1-də Avstriyanın paytaxtı Vyanada “Mədəniyyətlərarası bağlılığın uzun gecələri” mədəniyyət həftəsinə start verilib. Beynəlxalq Mədəni Müxtəliflik Təşkilatının (International Cultural Diversity Organization – İCDO; mənzil-qərargahı Vyana şəhərində yerləşir) hər il təşkil etdiyi silsilə tədbirlər mədəni müxtəlifliyin təbliği məqsədi daşıyır.

Vyana Şəhər Bələdiyyəsində keçirilən açılış mərasimində təşkilatın rəhbəri Yosipa Palaç çıxış edərək mədəniyyət həftəsinin mahiyyəti barədə danışıb. Qeyd olunub ki, mədəni müxtəlifliyi insanlar arasında bir körpü kimi qəbul edən İCDO mədəniyyətlərarası bağlılığa, fərqli mədəni ifadə formalarına tolerant yanaşma və ümumbəşəri mədəni dəyərlərin təbliğini öz missiyasına çevirib. Bu məqsədlə də Avropanın mərkəzində yerləşən və müxtəlif mədəniyyətlərin qovuşduğu Avstriya, xüsusilə də onun paytaxtı Vyana şəhəri mədəni müxtəlifliyin canlı tərənnümü üçün uğurlu məkan hesab oluna bilər. “Mədəniyyətlərarası bağlılığın uzun gecələri” həftəsi musiqi, milli kulinariya, incəsənət, geyimlər, podium müzakirələri və digər layihələrlə mədəni müxtəlifliyi müxtəlif aspektlərdən təqdim etməyə xidmət edir.

Yosipa Palaç mədəniyyət həftəsində iştirak edən bütün ölkələrin nümayəndələrinə təşəkkür edib, Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunacaq müasir və ənənəvi incəsənət nümunələrindən ibarət bədii gecəyə görə mərkəzin rəhbəri Leyla Qasımovaya xüsusi minnətdarlığını bildirib.

Tədbirin bədii hissəsində dünyanın müxtəlif ölkələrindən milli rəqs qrupları öz musiqi proqramları ilə çıxış ediblər.

Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri Alina Qontareva, Valeriya Konkina, Nurlan Rzazadə və Eldar Hüseynovun ifasında təqdim olunan milli rəqslərimiz tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Tədbir çərçivəsində Vyana Bələdiyyəsinin foyesində yaradılmış guşədə Azərbaycana həsr olunmuş kitab və broşürlər nümayiş etdirilib, tədbir iştirakçılarına milli şirniyyatlarımız paylanıb.

***

Sentyabrın 2-də “Mədəniyyətlərarası bağlılığın uzun gecələri” mədəniyyət həftəsi çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizə həsr olunan bədii axşam təşkil olunub.

Mərkəzin rəhbəri Leyla Qasımova tədbiri açaraq mədəniyyətlərarası əlaqələrin inkişafına töhfə verən bu cür tədbirlərin qarşılıqlı münasibətləri inkişaf etdirdiyini, mədəni və incəsənət əlaqələrinin inkişafının dinc, birgəyaşayış üçün ən uğurlu vasitələr olduğunu qeyd edib.

Beynəlxalq Mədəni Müxtəliflik Təşkilatının rəhbəri Yosipa Palaç əməkdaşlığa görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edib, beynəlxalq qurumun mədəniyyətlərarası dialoqun inkişafı üçün keçirdiyi layihələrə Azərbaycanın töhfəsini yüksək qiymətləndirib.

Bədii axşamın proqramına Azərbaycanın həm müasir incəsənət, həm də ənənəvi milli incəsənət nümunələri daxil edilib.

Tədbir iştirakçılarına azərbaycanlı rəssam və heykəltəraş Elvin Nəbizadənin “Lost Land” videoinstallasiyası təqdim olunub. Çörək, onun Azərbaycan cəmiyyətində qəbul olunan simvolik və məcazi xüsusiyyətləri, eləcə də insanın çörəyi itirməklə qarşılaşdığı fəlakətli vəziyyətin əks olunduğu görüntülər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Sonra ölkəmizdə “Multikulturalizm ili” çərçivəsində ərsəyə gələn və Azərbaycanda məskunlaşmış etnik qruplara həsr olunanBir günəş altında” sənədli filmi nümayiş edilib.

Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri Alina Qontareva, Valeriya Konkina, Nurlan Rzazadə və Eldar Hüseynovun ifasında “Qarabağ”, “Naz eləmə”, “ çiçəyim”, “Sarı gəlin” və digər Azərbaycan milli musiqi nümunələri alqışlarla qarşılanıb.

Vyanada “Mədəniyyətlərarası bağlılığın uzun gecələri“ mədəniyyət həftəsi sentyabrın 6-dək davam edəcək.

 

Mədəniyyət.- 2019.- 4 sentyabr.- S.2.