Meksikalı pianoçunun konsert proqramları başa çatır

 

 

 

Ölkəmizə növbəti səfərə gələn meksikalı pianoçu Xesus Lepe Riko səfərini sentyabrın 11-də Sumqayıtda keçiriləcək konsertlə başa vuracaq.

Konsert proqramı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Meksikanın ölkəmizdəki səfirliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsidir. İfaçı sentyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində çıxış etdikdən sonra növbəti konserti ayın 6-da Qəbələ Mədəniyyət Mərkəzində verib.

Konsertdən əvvəl rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış edərək Qəbələdə beynəlxalq tədbirlərin, musiqi festivallarının keçirilməsinin artıq ənənə halını aldığını vurğulayıb.

Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini bildirib ki, səfirlik  ölkələrimiz arasında dostluq və mədəniyyət sahəsində əlaqələri genişləndirmək məqsədilə davamlı olaraq layihələr həyata keçirir. O diqqətə çatdırıb ki, bu, Qəbələnin Meksika mədəniyyəti ilə ilk tanışlığı deyil. 2016-cı ildə meksikalı rəssam Marqarita Moralesin Qəbələdə sərgisi təşkil edilib. Bir il sonra Qəbələ sakinləri Meksikanın ənənəvi mətbəxinin bəzi təamlarının dadına baxmaq imkanı əldə ediblər.

Konsertdə dünya şöhrətli bəstəkarlar Bax, BethovenŞopenin, həmçinin Meksika musiqiçiləri Xesus BelisarioRikardo Kastronun əsərləri səsləndirilib.

“Azərbaycana ikinci dəfədir səfər edirəm. Şadam ki, builki konsertlərimdən biri Qəbələ şəhərində təşkil edilib. Bilirəm ki, hər il burada beynəlxalq musiqi festivalı keçirilir. Bura dünyanın bir çox ölkələrindən məşhur orkestrlər, musiqiçilər gəlirlər”, -  deyə Xesus Lepe Riko jurnalistlərə açıqlamasında bildirib.

Azərbaycan bəstəkarlarının yaradıcılığı ilə maraqlandığını deyən meksikalı pianoçu Qara QarayevinYeddi gözəl” baletinin musiqisinə həvəslə qulaq asdığını söyləyib.

 

Mədəniyyət.- 2019.- 11 sentyabr.- S.2.