“Belə tədbirlər xalqlarımızın biri-birini yaxından tanımasına xidmət edir

 

 

Sentyabrın 11-də Heydər Əliyev Sarayında IV İndoneziya mədəniyyəti festivalının açılış mərasimi keçirildi. Tədbir İndoneziyanın ölkəmizdəki səfirliyinin təşəbbüsü və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşdı.

Əvvəlcə iştirakçılar sarayın foyesində İndoneziyanın milli mədəniyyətini əks etdirən sərgi ilə tanış oldular.

İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fənani çıxış edərək bu gün ölkəsinin üçüncü prezidenti olmuş Buxaruddin Yusif Həbibinin dünyasını dəyişdiyini bildirdi, ruhuna dualar oxudu.

Səfir ölkəmizdə İndoneziya mədəniyyəti festivallarının təşkil olunmasına yaxından dəstək verdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını ifadə etdi. Azərbaycan və İndoneziya arasında mövcud olan mədəni əlaqələrdən danışan səfir ölkəmizin də zəngin mədəniyyətə malik olduğunu vurğuladı.

Qeyd etdi ki, festivalın təşkil olunması təkcə İndoneziya mədəniyyətini və turizmini tanıtmaq deyil, həmçinin ölkənin müstəqillik əldə etməsinin 74-cü ilinə həsr olunub: “Ölkəmiz zəngin, eyni zamanda böyük mədəniyyətə sahibdir. Bu gün indoneziyalı incəsənət ustaları ilə yanaşı, azərbaycanlı tələbələrin təqdim etdiyi tamaşalar Azərbaycanın gənc nəsli tərəfindən də necə isti qarşılandığımızın şahidi olacaqsınız. Bu, ölkələrimiz arasında dostluğun, qardaşlığın bir təzahürünə çevriləcək. Festival İndoneziya mədəniyyəti və ölkəmizdə istehsal olunmuş məhsulların tanıdılması baxımından xüsusi əhəmiyyətə malikdir”.

Səfir qeyd etdi ki, Bakının Fəvvarələr meydanında təşkil olunacaq mədəni tədbirlərə İndoneziyadan 100-dən çox incəsənət nümayəndəsi və adamı qatılacaq.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev İndoneziyanın milli bayramı və festival münasibətilə Prezident İlham Əliyevin təbriklərini çatdırdı.

Həmçinin Buxaruddin Yusif Həbibinin vəfatı ilə əlaqədar Azərbaycan hökuməti adından İndoneziya xalqına başsağlığı verdi.

Nazir artıq ölkəmizdə ənənə halını almış İndoneziya mədəniyyəti festivallarının iki ölkə arasında mədəni əlaqələrin daha da inkişafına töhfələr verdiyini diqqətə çatdırdı: “İndoneziya səfirliyi son illərdə ölkəmizdə müxtəlif mədəni tədbirlər keçirir. Bu da xalqlarımız arasında əlaqələrin güclənməsinə təkan verir. Böyük İslam ölkəsi olan İndoneziyanın mədəniyyəti Azərbaycan xalqı üçün olduqca maraqlıdır. Ölkələrimiz arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir”.

Əbülfəs Qarayev bildirdi ki, bu festival Bakıda dost, qardaş İndoneziya xalqının mədəniyyəti ilə bağlı sayca dördüncü tədbirdir. Əvvəlki illərdə olduğu kimi, budəfəki festivalda da İndoneziyanın tarixi, mədəniyyəti, milli mətbəxi, adət-ənənələri ilə bağlı ən gözəl nümunələr ölkəmizdə təqdim edilir.

İndoneziya Respublikasının Nümayəndələr Palatası Parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Nurhayati Ali Asseqaf çıxış edərək iki ölkə arasında mədəni, iqtisaditurizm sahəsində olan əməkdaşlığın səviyyəsindən məmnuniyyətlə danışdı. Belə tədbirlərin hər iki ölkədə təşkil olunmasının əhəmiyyətini qeyd edərək xalqlarımızın biri-birini yaxından tanımasına və əlaqələrin daha da inkişafına təkan verəcəyini vurğuladı.

Daha sonra İndoneziyanın incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olundu. Bu ölkənin musiqi, incəsənət və ədəbiyyat sahəsinin tanınmış nümayəndələrinin ifaları dinlənildi.

İndoneziya xalqına məxsus “ankluqmusiqi alətində ifalar, “Kuda lumpinqadlanan atlılar dəstəsini əks etdirən ənənəvi “Yava” rəqsi təqdim olundu. Rəqs zamanı milli geyimlər, ağac və al-əlvan parçalardan hazırlanmış bəzəkli maskalar - “topenq kras” tamaşaçılara xoş təsir bağışladı. “Mocanq prianqan” rəqsi cayponqan janrındadır. Bu janr İndoneziyanın Qərbi Yava əyalətində məskunlaşmış sunda əhalisinin populyar ənənəvi rəqsidir. Bu xalqın milli sərvətlərindən olanRandaymusiqi, ifa, rəqs, dramsilat döyüş sənətini özündə birləşdirən xalq teatrı ənənəsidir.

Mərasimdə təqdim olunan bənzərsiz musiqi və rəqslər bütün iştirakçıların marağına səbəb oldu. Festival sentyabrın 15-dək Fəvvarələr meydanında davam edəcək.

 

FARİZ

Mədəniyyət.- 2019.- 13 sentyabr.- S.4.