Türk Mədəniyyəti və İrsi Fondu Milli Konservatoriya ilə əməkdaşlıq edəcək

 

 

 

Sentyabrın 18-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Milli Konservatoriyası arasında anlaşma memorandumu imzalanıb.

Memorandum mədəniyyət və irsin qorunması, araşdırılması və təbliğ edilməsinə dair oxşar vəzifələri paylaşmaq və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq etmək məqsədilə imzalanıb.

Sənədi Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva imzalayıblar.

Professor Siyavuş Kərimi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirərək imzalanan memorandum əsasında uğurlu layihələr icra edəcəklərinə inandığını deyib.

Fondun prezidenti Günay Əfəndiyeva da bu əməkdaşlığın həm türk dünyası, həm də Azərbaycan üçün gözəl nəticələr verəcəyini bildirib.

Günay Əfəndiyeva türkdilli xalqların qədim və zəngin mədəni irsinin qorunması və təbliğinin önəmini diqqətə çatdırıb, bu istiqamətdə gördükləri işlərdən bəhs edib.

Qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşündə Azərbaycan və Türkiyə prezidentləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndiriblər. Bu, bizim üçün qürurdur, eyni zamanda məsuliyyətdir.

Qeyd olunub ki, memorandumda türkdilli xalqların mədəni irsinin təbliği və dahi şəxsiyyətlərinin yubileylərinin qeyd olunması məqsədilə konfrans, sərgi və digər tədbirlərin birgə keçirilməsi, Milli Konservatoriyanın tələbələri üçün istehsalat təcrübəsinin təşkili, tədqiqat işlərinin həyata keçirilməsində fərqlənən tələbələrə təqaüdün verilməsi, Milli KonservatoriyadaTürk Dünyası Musiqi Mərkəzi”nin yaradılması nəzərdə tutulur.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu yarandığı qısa müddət ərzində uğurlu fəaliyyəti ilə yadda qalıb.

Tədbir Milli Konservatoriyanın tələbələrinin konsert proqramı ilə davam edib.

 

Mədəniyyət.- 2019.- 20 sentyabr.- S.4.