Musiqi alətlərinin birlik və müxtəlifliyi

 

 

Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus musiqi alətlərinin sərgisi açılıb

 

Sentyabrın 17-də Heydər Əliyev Mərkəzində “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisinin açılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi Milli Musiqi Günü ərəfəsində açılan sərginin əhəmiyyətindən danışıb. Xalq artisti Azərbaycan milli musiqi alətlərini özününküləşdirmək, musiqi irsimizi mənimsəmək hallarının müşahidə edildiyi bir zamanda belə sərginin təşkilinin çox önəmli olduğunu bildirib: “Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək istiqamətində belə işləri daim görməliyik. Sərginin əhatəli şəkildə təşkili valehedicidir. Düşünürəm ki, bu sərgi daha da genişlənməlidir. Heydər Əliyev Mərkəzində Azərbaycan mədəniyyətinə, ümumiyyətlə, Şərq mədəniyyətinə aid musiqi alətlərinin sərgilənməsi çox maraqlı haldır və bunlar hamısı bizim böyük təbliğatımızdır”.

Xalq artisti, tarzən, professor Ramiz Quliyev də möhtəşəm sərginin təşkilini mədəni həyatımızda mühüm hadisə kimi dəyərləndirib: “Sərgidə yer alan Azərbaycan milli musiqi alətləri xalqımızın sərvətidir. Sərgi Azərbaycan xalqının, musiqi mədəniyyətinin gözəl səsini dünyaya çatdıracaq. Eyni zamanda çox sevinirik ki, dövlət Azərbaycan xalqının musiqi mədəniyyətini qoruyur. Sərgi dövlətimizin Azərbaycan muğamına, musiqisinə diqqət və qayığısına bariz nümunədir. Ruhu oxşayan böyük bir görülüb”.

Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, Azərbaycan xalqının tar, kamança, saz sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın böyük zəhmətini qeyd edən ustad tarzən sərginin təşkilinə görə sənət dostları adından Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib.

Xalq artisti, Azərbaycan Milli Konservatoriyanın professoru, xanəndə Mənsum İbrahimov diqqətə çatdırıb ki, Heydər Əliyev Fondu yaranan gündən muğam sənətimizin ikinci inkişaf dövrü başlanıb. Muğam müsabiqələri nəticəsində onlarla gənc ifaçı bu sənətə gəlib. “Heç bir dövrdə bu qədər gənc ifaçı bizim sənətimizə gəlməyib. Əlbəttə, bu, dövlətimizin, xüsusi olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sənətimizə olan diqqəti və qayğısı sayəsindədir. Bu sərgi də həmin qayğının nümunəsidir. Azərbaycan musiqisinin, musiqi alətlərinin təbliği baxımından unikal bir sərgidir”.

***

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Ekspozisiyada Heydər Əliyev Fondunun müxtəlif mənbələrdən topladığı unikal kolleksiya – XVIII-XX əsrlərə aid 200-dək musiqi aləti nümayiş olunur. Bunlar 31 ölkəyə - Azərbaycan, Albaniya, Bolqarıstan, Çin, Dağıstan (Rusiya Federasiyası), Əfqanıstan, Əlcəzair, Gürcüstan, Hindistan, İndoneziya, İraq, İran, Kipr, Qazaxıstan, Qırğızıstan, Liviya, Macarıstan, Şimali Makedoniya, Mərakeş, Misir, Monqolustan, Özbəkistan, Pakistan, Rumıniya, Serbiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Yəmən və Yunanıstana aid musiqi alətləridir.

Sərgidə Azərbaycan musiqi mədəniyyəti və tarixinə də geniş yer verilib. Ekspozisiyada 50-dək milli musiqi aləti təqdim edilir.

Sərginin eksponatları sırasında Nizami Gəncəvinin “Xəmsə”sindən səhnələr həkk olunmuş, qızıl, brilyant və sədəflərlə işlənmiş kamança, Şəkinin XVIII əsrə aid olan cürə nağarası yer alıb.

Ekspozisiyada tanınmış incəsənət xadimlərinin musiqi alətləri var. Xalq artistləri Xan Şus­̧inski, Rübabə Muradova, Əbülfət Əliyev, Ag­̆axan Abdullayevə məxsus qavallar, Həbib Bayramov, Möhlət Müslümov, Ramiz QuliyevCeyran Has­̧ımovaya aid tarlar, Aftandil İsrafilovun qarmonu, Əməkdar incəsənət xadimi as­̧ıq Ədalət Nəsibovun sazı, tanınmış balaban ifaçısı Nizan Fətəliyevə aid balaban, Əməkdar artist Ədalət Vəzirovun kamanc­̧ası sərgidə yer alıb. Xalq artisti Natiq Şirinovun eramızdan əvvələ aid küpə zərb aləti əsasında 2006-cı ildə hazırladığı alət də ekspozisiyada təqdim edilir. Sərginin NASA bölümündə 1977-ci ildə “Voyacer 1” kosmik gəmisində dünya xalqlarına məxsus 27 melodiya ilə birgə kosmosa göndərilmiş Azərbaycan musiqisini də dinləmək mümkündür.

Muğam otağında tanınmış xanəndələrin ifalarından ibarət videoçarxlar, ekspozisiyadakı monitorlarda UNESCO-nun siyahısına daxil edilmiş Azərbaycan muğamı, aşıq sənəti, tarkamança ifaçılığına aid musiqi nümunələri təqdim edilir.

Sərgidə hər bir musiqi alətini seyr etməklə yanaşı, onu dinləmək və ən əsası, həmin alətdə ifa xüsusiyyətləri ilə tanış olmaq mümkündür. Bu məqsədlə ekspozisiyada videoaudio yazıların fərdi qaydada dinlənilməsi üçün ekran və avadanlıqlar quraşdırılıb.

***

Sərgini izləyən sənət adamları təəssüratlarını jurnalistlərlə bölüşüblər. Xalq artisti Alim Qasımov deyib: “Sərgi çox yüksək səviyyədə təşkil olunub. Heydər Əliyev Mərkəzinə xarici qonaqlar gəlir. Onlar bizim sənətə, mədəniyyətə, eyni zamanda başqa xalqların mədəniyyətinə yüksək münasibətimizin bir daha şahidi olacaqlar. Həmçinin sərgi xalq musiqimizin təbliği baxımından əhəmiyyətlidir”.

Natiqritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov sərginin təşkilini Azərbaycanın milli sərvətinə böyük qayğı kimi qiymətləndirib: “Bu, məni çox sevindirir. Biz bu gün varıq, sabah yoxuq. Amma tariximizin yaşaması üçün bu işlər mütləq lazımlıdır. Bu sərgidə zəhməti olan hər kəsə təşəkkürümü bildirirəm”.

Xalq artisti Ağa Cəbrayıl Abasəliyevin fikrincə, sərgi bizə bu gün həmişəkindən daha çox vacibdir: “Bu sərgi onu sübut edir ki, bizim milli alətlərimizin tarixi çox böyükdür”.

İtaliyalı opera müğənnisi Paolo Levontino (tenor) sərginin onda gözəl təəssürat oyatdığını, bu qədər musiqi alətlərindən valeh olduğunu, böyük zövq aldığını deyib.

Xalq artisti Səkinə İsmayılova bildirib ki, əsrlərdən bəri günümüzə gəlib çatan muğam sənətinin gözəlliyi bu sərgidə əksini tapıb. Belə sərgilər, həmçinin muğam sənətimizin yaşamasına töhfə verir.

Xalq rəssamı Ağaəli İbrahimov xalqların bir-birinin mədəniyyəti ilə daha yaxından tanış olması baxımından da sərginin böyük əhəmiyyət daşıdığını söyləyib.

Heydər Əliyev Mərkəzində təşkil edilən sərgi, həqiqətən də, müxtəlif ölkələrin musiqi alətləri arasında fərqliliklə yanaşı, oxşarlıqları, musiqinin gücünü təcəssüm etdirir, mədəniyyətin dialoquna daha bir sənət körpüsü salır.

 

Mədəniyyət.- 2019.- 20 sentyabr.- S.1;4.