Bakı Musiqi Akademiyasında orqan axşamı

 

 

XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert sentyabrın 21-də Bakı Musiqi Akademiyasında təşkil olunmuşdu.

“Orqanın Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasındakı 55 illik tariximövzulu tədbirdə söz musiqiyə verilməzdən öncə bu alətin Bakı Musiqi Akademiyasında tədrisi barədə ətraflı məlumat verildi.

Akademiyanın orqan müəllimi Səbinə Bəylərbəyova ötən illər ərzində qazanılan nailiyyətlərdən bəhs etdi. Diqqətə çatdırıldı ki, orqan ifaçılıq sənətinin ölkəmizdə, bu tədris ocağında təşəkkülü professor, Əməkdar incəsənət xadimi Zəhra Cəfərovanın adı ilə bağlıdır. 1961-ci ildən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) fortepiano şöbəsi nəzdində orqan sinfi fəaliyyətə başlayıb. 1995-ci ildən Orqanklavesin kafedrası kimi öz fəaliyyətini daha da genişləndirib. Tədris ocağında orqan aləti 1964-cü ildə quraşdırılıb.

Sonra söz beynəlxalq müsabiqələr laureatı, orqan ifaçısı Yevgeni Avramenkoya (Rusiya) verildi. Ölkəmiz, festival haqqında xoş təəssüratlarını bölüşən qonaq dəvətə görə təşəkkürünü bildirdi, orqanda Azərbaycan bəstəkarlarının bir çox əsərlərini ifa etdiyini dedi.

Sonra tədbir qonaq ifaçı və akademiyanın müəllim və məzunlarının çıxışları ilə davam etdi. Y.Avramenkonun ifasında İohann Sebastyan Baxın orqan üçün əsərlərindən hissələr, Almaniyada yaşayan azərbaycanlı bəstəkar, orqan üçün əsərlər müəllifi Arif Mirzəyevin “Üzeyir Hacıbəyliyə ithaf” simfoniyası səsləndirildi. BMA-nın müəllimi Rasimə Babayeva Nazim Əliverdibəyovun orqan üçün “Bayatı-Şiraz”ını ifa etdi.

 

HƏMİDƏ

 

Mədəniyyət.- 2019.- 25 sentyabr.- S.5.