Görüş yeri yenə Bakıdır

 

Paytaxtımız altıncı dəfə dünya kitablarını, naşir və müəlliflərini bir araya gətirir

 

Sentyabrın 27-də Azərbaycan paytaxtında növbəti kitab bayramı başlanır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası qüdrətli söz ustadı, böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub.

Üç gün ərzində (27-29 sentyabr) ənənəvi məkanda – Bakı İdman Sarayında (Neftçilər prospekti 26A, Milli Xalça Muzeyinin yanı) davam edəcək sərgi-yarmarkada respublikamızın 81, habelə 22 xarici ölkədən 40 nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və s. qurumlar öz nəşrlərini təqdim edəcək.

Bu müddətdə sərgi meydançası müxtəlif ölkələrdən qonaqların – naşir və kitabxanaçılar, yazar və tərcüməçilər, eləcə də kitabsevərlərin görüş yeri olacaq. Sərgiyə bütün günlərdə giriş sərbəstdir.

Respublikamızda kitab nəşri və poliqrafiya sahəsinin inkişafı məqsədilə davamlı tədbirlər həyata keçirilir. Dövlət tərəfindən sahənin inkişafına zəmin yaradılır, qanunvericiliknormativ sənədlər qəbul olunur.

Mədəniyyət Nazirliyi tərəfindən kitab nəşrinin inkişafı, nəşriyyatların fəaliyyətinin təşviq edilməsi istiqamətində müvafiq addımlar atılır. Hər il nazirliyin dəstəyi ilə mədəniyyət, incəsənət və ədəbiyyat sahələrini əhatə edən kitablar nəşr olunur. Nazirlik ölkə nəşriyyatlarının beynəlxalq sərgi-yarmarkalarda iştirakına dəstək verir.

2006-cı ildən başlayaraq Azərbaycan kitabı Moskva (Rusiya), Frankfurt (Almaniya), Pekin (Çin), İstanbul (Türkiyə), İsgəndəriyyə (Misir), Minsk (Belarus), London (Böyük Britaniya), Tehran (İran), Budapeşt (Macarıstan) və digər şəhərlərdə keçirilən beynəlxalq sərgi-yarmarkalarda nümayiş etdirilib, ziyarətçilərin böyük marağına səbəb olub.

Həmin sərgilərdə qazanılan təcrübə Azərbaycanda bu sahənin daha da inkişaf etdirilməsi, çap məhsullarına kütləvi marağın təmin edilməsi, xarici ölkələrin nəşriyyatları ilə əlaqələrin qurulması, kitab mübadiləsi, ölkə nəşriyyatlarının satış və təbliğat imkanlarının genişləndirilməsi üçün paytaxtımızda da belə tədbirin keçirilməsinə zəmin və zərurət yaradıb.

Beynəlxalq kitab sərgi-yarmarkasının təşkilinin bir mühüm məqsədi də  Azərbaycan dövlətinin kitab nəşri, kitabın təbliği və yayılması sahəsində həyata keçirdiyi tədbirləri diqqətə çatdırmaq, kitab mədəniyyəti sahəsində nailiyyətlərimizi nümayiş etdirmək, Azərbaycan oxucusunun ölkə nəşriyyatları, eləcə də dünyanın aparıcı nəşr evlərinin kitabları ilə tanışlığına şərait yaratmaqdır.

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının zəngin proqramı var. Sərgi çərçivəsində tanınmış şair və yazıçıların, elm adamlarının iştirakı ilə kitab təqdimatları, imza mərasimləri ilə yanaşı, elmi konfrans, dəyirmi masa formatında görüşlər də nəzərdə tutulur.

Sentyabrın 27-də təntənəli açılış mərasimindən sonra sərgi-yarmarkanın müxtəlif məkanlarında tədbirlər, o cümlədən Mədəniyyət Nazirliyinin “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsi çərçivəsində İmadəddin Nəsiminin Türkiyədə çap olunmuşİraq divanı”nın (“Zengin Yayıncılık” nəşriyyatı) təqdimatı, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin “Qələmsiz yazılanlar” kitabının (“Qanun” nəşriyyatı) təqdimat mərasimi keçiriləcək.

Mədəniyyət NazirliyininSöz” ədəbi layihəsi çərçivəsində gənc yazarların kitab təqdimatları, Respublika Gənclər Kitabxanası və Bakı Dövlət Universitetinin birlikdə “Elektron kitabxanalar” və “Kitabxanalarda internet forumların keçirilməsi metodikası” kitablarının təqdimatı sərginin ilk günündə gerçəkləşəcək.

Tanınmış dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Ağdamda nəyim qaldı”, ədəbiyyatşünas, professor Vilayət QuliyevinAtatürk və Əhməd bəy Ağaoğlu” kitablarının təqdimatı da sərginin birinci gününün yaddaqalan tədbirlərindən olacaq.

Respublika Uşaq Kitabxanası tərəfindən Mədəniyyət Nazirliyinin “Bərpanəşr” layihəsi çərçivəsində Brayl əlifbası ilə nəşr olunmuş 11 adda kitabın və jest dili ilə mp4 formatında tərcümə edilərək hazırlanan 10 adda elektron kitabın təqdimatı keçiriləcək. Bundan əlavə, gün ərzində yazarların imza mərasimləri də nəzərdə tutulur.

Sərginin ilk günü Azərbaycan Milli Kitabxanasında “Kitabxanalar mobil informasiya mərkəzi kimimövzulu beynəlxalq elmi-praktik konfrans da işə başlayacaq. Həmçinin Azərbaycan Milli Kitabxanasında “Nəsimi əlyazmaları dünya kitabxanalarında” mövzusunda sərgi açılacaq.

Sentyabrın 28-də ziyarətçilər filologiya üzrə elmlər doktoru Fəridə Əzizovanın “Böyük Azərbaycan şairi İmadəddin Nəsimi” və “İmadəddin Nəsimi. Tədqiqlər. Məqalələr. Məruzələr” kitabları və AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun baş rəssamı Fəxrəddin Əlinin “Nəsimi”, şair Vaqif Bəhmənlinin “Qansız savaş” və “Hüznlü misralar” kitablarının təqdimatında iştirak edə bilərlər.

Türkiyənin Bakıdakı səfirliyinin Mədəniyyət və təbliğat müşavirliyinin təqdimatında qardaş ölkənin “TEDA” proqramının tanıtımı, uşaq ədəbiyyatı mövzusunda Solmaz Amanovanın “İlmə - əyləncəli əlifba”, “İlmə oyunu” və “İrsimizin ilk əlifbası” elektron kitabları da həmin gün qonaqların ixtiyarına veriləcək. Bundan əlavə, Gülzar İbrahimovanın “Gizlənpaç”, Əməkdar incəsənət xadimi Abdulla Qurbaninin müəllifi və tərtibçisi olduğu, hərbi-vətənpərvərlik mövzulu 10 adda kitab da həmin gün təqdim ediləcək.

Azərbaycan Milli Kitabxanası və TÜRKSOY-un birgə təşkilatçılığı ilə Başqırdıstanın (Rusiya Federasiyası) Xalq şairi Mustay Kərimin 100 illiyinə həsr edilən konfrans və “Mustay Kərimin əsərləri türk dillərində” kitabının təqdimatı sərginin ikinci gününün maraqlı tədbirlərindən olacaq.

Sərgi-yarmarkanın son günündə (29 sentyabr) də tədbirlər bir-birini əvəz edəcək. Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatının qalibləri ilə görüş keçiriləcək. İsi Məlikzadənin “Qatarda” və Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” kitabları ziyarətçilərə təqdim ediləcək. Həmçinin “Hədəf nəşrləri” və “Xan” nəşriyyatının kollektiv stendində yazıçı Şəmil Sadiqin “Mən bir müəlliməm” kitabının imza mərasimi olacaq.

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası əsl ədəbiyyat, kitab əhvalı yaradacaqburadan heç bir ziyarətçi əliboş qayıtmayacaq.

 

Mədəniyyət.- 2019.- 27 sentyabr.- S.1-2.