Beynəlxalq türk dili qurultayı

 

 

 

Sentyabrın 26-da Bakıda XIV Beynəlxalq Türk Dili Qurultayı və Türk dili bayramının açılış mərasimi olub. Bakı Yunus Əmrə İnstitutunda reallaşan tədbir Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq, Həmrəylik Vəqfi ilə birgə təşkil edilib.

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdəmir çıxış edərək qurultayın əhəmiyyətindən söz açıb.

Qurultayın Təşkilat komitəsinin rəhbəri, Bilkənd Universitetinin proqram direktoru Rasim Özyürək diqqətə çatdırıb ki, iki gün davam edəcək tədbirə müxtəlif ölkələrdən 120 elm adamı qatılıb.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq, Həmrəylik Vəqfinin prezidenti Ənvər Həsənoğlu bildirib ki, türk dili bizi bir-birimizə bağlayan bir dildir: “Dilimizin inkişafı üçün atılan bütün addımlarda yalnız onun köklərindən bəhrələnmək məqbul sayılmalıdır. Bu qurultayın keçirilməsi də bu mənada təqdirəlayiqdir”.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral çıxışında xatırladıb ki, ilk dəfə Türk dili qurultayı (Birinci Türkoloji Qurultayred.) 1926-cı ildə Bakıda keçirilib: “Bu qurultayın Bakıda təşkil edilməsi olduqca əlamətdar idi. Bakı türkcəmizin ən gözəl ləhcələrindən birinin danışıldığı yerdir. Biz hamılıqla türkcəmizi qorumalı, onu bütün dünyada daha önəmli bir dil kimi qəbul edilməsinə nail olmalıyıq. Bu yöndə elm adamlarının üzərinə böyük vəzifələr düşür. Bizim arxamızda 200 milyonluq türk dünyası var. Biz işdə, dildə və fikirdə bir olmalıyıq”.

Çıxışlarda Azərbaycan türkcəsinin qloballaşma dövründə qorunması və inkişaf etdirilməsi istiqamətində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışılıb. Dövlət başçısı İlham Əliyevin bununla bağlı mühüm sənədlər imzaladığı diqqətə çatdırılıb. Azərbaycan və türk dillərinin axıcılığından danışan natiqlər Nizami, Füzuli, Qazi Bürhanəddin, Yunus Əmrə, Nazim Hikmət, Səməd Vurğun kimi klassiklərdən bizə miras qalmış mənəvi bağların inkişaf etdirilməsinin vacibliyini bildiriblər.

Qeyd edək ki, Mustafa Kamal Atatürkün təşəbbüsü ilə 1932-ci ildə qurulan Türk Dil Qurumu tərəfindən həmin ilin 26 sentyabrında Beynəlxalq türk dili qurultayı keçirilib. Həmin tarix Türk dili bayramı kimi qeyd olunur.

 

Mədəniyyət.- 2019.- 27 sentyabr.- S.1-2.