Respublika Uşaq Kitabxanasının təqdimatları

 

 

 

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında F.Köçərli adına Respublika Uşaq Kitabxanası da iştirak edir. Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova bizimlə söhbətində ənənəvi keçirilən sərgi-yarmarkanın kitabın təbliği baxımından olduqca vacib tədbir olduğunu bildirdi. Onun sözlərinə görə, sərgi çərçivəsində kitabxananın iştirakı və təşkilatçılığı ilə bir sıra tədbirlər keçiriləcək.

Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə sərgidə “Jest dili ilə nağıl dünyasına” başlığı altında eşitmə və nitq qabiliyyəti zəif, sağlamlıq imkanları məhdud uşaqlar üçün mp4 formatında tərcümə olunan 10 adda elektron kitabın təqdimatı nəzərdə tutulub. Bundan əlavə, “Həyatı toxunaraq hiss etmək” adlı tədbirdə “Bərpanəşr” layihəsi çərçivəsində görmə qabiliyyəti zəif və sağlamlıq imkanları məhdud uşaqlar üçün Brayl əlifbası ilə nəşr olunan 11 adda kitab təqdim ediləcək.

Şəhla Qəmbərova qeyd edir ki, nazirliyin dəstəyi ilə həyata keçirilən “Bərpanəşr” layihəsi nadir kitabların yenidən çap olunub oxuculara təqdim olunmasında mühüm rol oynayır. 2016-cı ildən bu günə qədər layihə çərçivəsində uşaq ədəbiyyatı üzrə 58 adda kitab işıq üzü görüb. Bu kitabların bir neçəsi Türkiyədə “Zengin Yayınçılıq” nəşriyyatı tərəfindən çap olunaraq qardaş ölkənin oxucularına təqdim edilib. “Bərpanəşr” layihəsi çərçivəsində nümayiş olunacaq kitablar ötən əsrin əvvəllərindən 80-ci illərədək olan dövrdə çap olunan və kitabxananın qızıl  fondunda saxlanılan əsərlərdir. Bu nəşrlərə yenidən həyat vermək uşaqların dünyagörüşünün və həyata baxışlarının daha yaxşı formalaşması üçün xüsusi əhəmiyyətə malikdir.

Sərgi çərçivəsində sentyabrın 29-da Respublika Uşaq Kitabxanası və “Renessans-A” nəşriyyat evi “Bərpanəşr” layihəsi üzrə çapdan çıxan N.Gəncəvinin “İsgəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşməsi”, “Xeyir və Şər”, “Xarəzm gözəlinin hekayəti”, eləcə də M.Ə.Sabirin “Təmsillər”, A.Şaiqin “Yaxşı arxa”, R.Rzanın “Çöl quşları”, Ş.PerronunBüllur başmaq”, Qrimm qardaşlarının “Bremen musiqiçiləri” və s. uşaq kitablarının təqdimatını keçirəcək.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 27 sentyabr.- S.4.