Özbəkistanda mədəni irsimizin təbliği ilə bağlı layihələr davam etdiriləcək

 

 

 

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2019-cu ildə Özbəkistanda ölkəmizin təbliği, mədəniyyətimiz, ədəbiyyatımızla bağlı müxtəlif layihələr reallaşdırmaq niyyətindədir. Bu barədə mərkəzin direktoru Samir Abbasov bildirib.

O, AMM-in 2018-ci ildəki fəaliyyətindən bəhs edərək deyib ki, başladığımız bir sıra maraqlı layihələrin bu il başa çatdırılmasını planlaşdırırıq. İlk dəfə olaraq iki ölkənin dilçi alimlərinin iştirakı ilə hazırlanan azərbaycanca-özbəkcə, özbəkcə-azərbaycanca lüğət üzərində yekunlaşmaq üzrədir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu ildə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ölkəmizdə və dünyada geniş qeyd olunacaq. Bu münasibətlə Özbəkistanda Azərbaycan və özbək alimlərinin, ədəbiyyatşünasların iştirakı ilə “Mən əbədiyyət üfüqlərində doğan åşq günəşiyəm” adlı beynəlxalq elmi konfransın keçirilməsi planlaşdırılır. S.Abbasov həmçinin bildirib ki, Nəsiminin qəzəllərinin özbək dilinə tərcüməsinə başlanılıb və kitab Daşkənddə nəşr olunacaq: “Bundan başqa, şairin irsinə dair Özbəkistan Milli Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunda saxlanılan əlyazmaların müəyyən edilməsi, onların surətlərinin qarşılıqlı əsaslarla Azərbaycana gətirilməsi üzərində çalışırıq”.

2019-cu ildə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində Füzuli adına Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzinin yaradılması nəzərdə tutulur. Mərkəzdə ölkəmizə dair kitabxana, muzey, kinozal fəaliyyət göstərəcək, Azərbaycan dili kursları, habelə ədəbiyyatımıza dair azərbaycanlı mütəxəssislərin iştirakı ilə mühazirələr, açıq dərslər təşkil olunacaq.

Dünyanın ən çox izləyicisi olan məlumat-video portalı “Youtubeda AMM-in videokanalı yaradılıb. Mərkəz tərəfindən hazırlanan sənədli filmlərin, özbək dilinə dublyaj olunan Azərbaycan filmlərinin, musiqi layihələrinin kanala əlavə edilməsinə başlanılıb.

 

Mədəniyyət.- 2019.- 5 yanvar.- S.3.