Mədəniyyət Nazirliyi sistemində yeni təyinat

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.11.2018-ci il tarixli, 487 nömrəli qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi ləğv edilərək onların əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yaradılıb.

Yeni təsis olunan müəssisəyə siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev təyin olunub.

A.Usubəliyev 1978-ci ildə Qazaxıstan Respublikasının Çimkənd şəhərində anadan olub. 2000-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu politologiya ixtisası üzrə bitirib. 2000-2002-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsində milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr təhsili alıb. 2002-ci ildə AMEA-nın Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunun doktorantı olub, 2005-ci ildə dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Əmək fəaliyyətinə 2005-ci ildə Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunda başlayıb, 2006-cı ildən Mədəniyyət Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, Elm sektorunun müdiri vəzifələrində işləyib. 2015-ci ildə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzə direktor təyin olunub. Müxtəlif vaxtlarda Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti və Qərb Universitetində baş müəllim vəzifəsində çalışıb. Çoxsaylı elmi-analitikpublisistik məqalənin müəllifi, AMEA-nın Fəlsəfə İnstitutunun nəzdində fəaliyyət göstərən Siyasi Elmlər üzrə Müdafiə Şurasının üzvüdür.

 

Mədəniyyət.- 2019.- 5 yanvar.- S.3.