“Nağıllarla səyahət”

 

 

Bakı məktəbliləri beynəlxalq müsabiqənin qalibi olublar

 

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzvü olan respublikaların məktəbliləri arasında ədəbi müsabiqə keçirilib. Yarışmaya ölkəmizdən F.Köçərli adına Respublika Uşaq Kitabxanası dəstək verib.

Müsabiqənin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərin inkişafına, istedadlı uşaqların axtarılıb üzə çıxarılmasına, onların yaradıcılığının genişləndirilməsinə, özünüifadə və inkişafına nail olmaqdır. İştirakçılar yazdıqları müasir nağıllarla oxucunu öz ölkəsinə səyahətə apararaq doğma yurdun gözəllikləri ilə tanış etməyə çalışıblar.

Müsabiqədə ölkəmizi təmsil edən Bakı məktəbliləri Ayla Məlikova (11-14 yaş üzrə) və Sahib Fətiyev (7-10 yaş üzrə) qalib adını qazanıblar. Qalib yazılar Moskvada kitab halında nəşr olunub.

“Nağıllarla səyahət” adlı kitab Aylanın “Salam, Bakı” nağılı ilə başlayır. Rus dilində qələmə aldığı nağıldan Aylanın maraqlı yazı üslubuna, bədii təfəkkürə və intellektual düşüncəyə sahib olduğu açıq-aydın görünür.

Xatırladaq ki, Ayla 2018-ci ilin yanvarında dünyasını dəyişmiş tanınmış jurnalist Nicat Səmədoğlunun qızıdır.

Aylaya və Sahibə təhsildə, ədəbi axtarışlarında və həyatda yeni-yeni uğurlar arzulayırıq.

 

Mədəniyyət.- 2019.- 5 yanvar.- S.6.