Ötən il sərgi və layihələrlə zəngin olub

 

2018-ci il Azərbaycan Milli İncəsənət Muzeyi üçün çoxsaylı tədbir və layihələr sarıdan zəngin il olub.

 

Muzeydən bildiriblər ki, ilboyu müxtəlif sərgilər təşkil edilib. Bu sırada dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr edilən Qürurdüha. Yaşayan əfsanə, Yapon incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından, Azərbaycan Xalq Cümhuriyyətinin, Qafqaz İslam Ordusunun 100 illiyi münasibətilə Bakı Yunus Əmrə İnstitutu ilə birgə təşkil edilən Tarixi prosesdə Osmanlı miniatürləri, Azərbaycan Xalq Cümhuriyyəti 100. Müstəqilliyimizin sələfləri və s. sərgiləri qeyd etmək olar.

Hindistanın Azərbaycandakı səfirliyi tərəfindən Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mahatma Qandinin 150 illik yubileyinə həsr edilmiş tədbirdə Xalq rəssamı Ömər Eldarovun muzeydə qorunan Mahatma Qandi 1987 əsəri sərgilənib. Muzeyin iştirakı ilə ilin ən böyük sərgisi isə Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, dünya şöhrətli rəssam Tahir Salahovun 90 illik yubileyi ilə əlaqədar Bakı Ekspo Mərkəzində keçirilib. Dekabrda Bakı Metropoliteni ilə birgə Milli incəsənət üçün metroya adlı layihə əsasında (metronun Nərimanov stansiyası) muzeyin kolleksiyasından seçilmiş 90 boyakarlıq, qrafika əsərinin reproduksiyalarının təqdimat-sərgisi də maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2019.- 9 yanvar.- S.3.