Kitabxanada virtual sərgilərin imkanları

 

 

 

Kitabxanalarda internetin inkişafı ilə əlaqədar yeni istifadəçi kateqoriyası – virtual xidmət meydana gəlib. Bu gün hər bir kitabxana mədəniyyətin yeni aparıcısına – məlumatın virtual mübadiləsinə, virtual oxu və ünsiyyət məkanına çevrilir.

Yeni informasiya mühitində məlumatın özü və dəyişikliklərin əldə edilməsi üsulları mühüm əhəmiyyət kəsb edir. Dünya kompüter şəbəkəsi yerindən asılı olmayaraq, məlumatın daha tez çatdırılmasına imkan yaradır. Virtual istifadəçi də kompüterdən uzaqlaşmadan mümkün qədər çox məlumat əldə etməyə çalışır.

Müasir texnoloji reallıqlar kitabxana işlərinin məzmununda dəyişikliklərə səbəb olur. Yeni xidmət növlərindən istifadə edən kitabxanalar oxucu ilə heç bir təmasda olmadan virtual xidmət göstərir. Buraya sənədlərin elektron çatdırılması, virtual məlumat xidməti, məlumat bazasına onlayn giriş, elektron kataloq, tematik veb-layihələr kimi xidmət növləri aid edilir.

Oxucu üçün virtual kitab sərgisini uzaqdan onlayn xidmət kimi nəzərdən keçirmək təklif edilir. Virtual sərginin vəzifəsi isə ənənəvi sərgidən fərqli olaraq onlayn texnologiyaların xüsusiyyətləri və imkanları  nəticəsində lazım olan kitablar haqqında məlumatın oxucuya çatdırılmasıdır. Virtual sərgi kitab fondunu tanıdır, hər hansı bir mövzuya maraq yaradır və ona uyğun olan kitabları nümayiş etdirir, oxucu tərəfindən istənilən hər hansı kitab sərgidə yoxdursa, ona internet vasitəsilə digər saytlardan yararlanma imkanı verir.

Beləliklə, virtual məkanda məlumatın bütün növlərindən (biblioqrafik, faktoqrafik) geniş istifadə olunur və istənilən yerdə, istənilən vaxt hər cür məlumatın əldə edilməsinə imkan yaranır. İnformasiyalaşdırılmış cəmiyyətdə oxuculara xidmətin yüksəldilməsində onlara belə bir seçim imkanının verilməsi böyük əhəmiyyətə malikdir.

 

Yeganə MƏMMƏDOVA

Azərbaycan Milli Kitabxanasının əməkdaşı

 

Mədəniyyət.- 2019.- 9 yanvar.- S.7.