Gənc rəssamın Həyat şəfqəti

İstəyirəm ki, əsərlərim insanlarda yaşamaq arzusunu oyatsın

 

Bakının yeni cəlbedici məkanlarından olan Ağ Şəhər rəsm qalereyasında yanvarın 14-də gənc rəssam Fidan Əliyevanın rəngkarlıq əsərlərindən ibarət Həyat şəfqəti adlı fərdi sərgisi açıldı.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov rəssamın yaradıcılıq axtarışları barədə danışdı. Bildirdi ki, gənc olmasına baxmayaraq, məzmunlu rəsm əsərləri ilə diqqəti cəlb edən Fidan Əliyevanın bu fərdi sərgisi həm də onun sənətsevərlərə növbəti yaradıcılıq hesabatıdır.

Rəssam Azərbaycanın mədəni mühitində yaxşı tanınır. Bu sərgidə nümayiş olunan əsərlər rəssamın özünəməxsus yanaşma tərzini göstərir. Fidan xanım ətrafda gördüyü bütün gözəllikləri əsərləri vasitəsilə insanlara çatdırmağa çalışır. Onun yaradıcılıq karyerasında bir neçə sərgi var. 2016-cı ildə Muzey Mərkəzində rəssamın Günəşə doğru adlı ilk fərdi sərgisi açılıb. 2017-ci ildə növbəti sərgi xaricdə - Tbilisidə reallaşıb. Bir ildən sonra Fidan Əliyevanın ilk əsəri Luvrda Azərbaycan rəssamlarının vernisajında nümayiş etdirilib. Həmin il Fidan həm də Bakıda White Studio Gallery və Art Tover qalereyalarında gerçəkləşən iki qrup sərgisində iştirak edib, - deyə o, bildirib.

Nümayiş olunan əsərlərin orijinallığı ilə seçildiyini söyləyən Xalq rəssamı Səlhab Məmmədov sərginin əhəmiyyətindən danışdı. Bildirdi ki, bu əsərlərin içində peyzajnatürmort janrında olanlar üstünlük təşkil edir. Sərgi gənc rəssamın peşəkarlığından xəbər verir. Fidan Əliyevaya yeni yaradıcılıq uğurları arzulayan S.Məmmədov onun gələcəkdə ölkənin tanınmış fırça ustalarından biri olacağına inamını ifadə etdi.

Gənc rəssamın yaradıcılığından danışan müəllimi Xalq rəssamı Sakit Məmmədov qeyd etdi ki, sərgilənən əsərlərdə daim axtarışda olan, fərqli yaradıcılıq üslubuna malik rəssamın dəst-xətti aydın görünür. O, tələbəsinin istedadından və yaradıcılığından söz açdı, sənətə sevgisindən, yaratdığı hər bir əsərin mükəmməlliyindən bəhs etdi.

Tədbirdə Əməkdar rəssam Rəşad Mehdiyev, rəssamlar Turan Muxtarzadə və Cəmilə Həşimova da gənc həmkarlarının sənət dünyasından söz açaraq, ona yeni yaradıcılıq uğurları arzuladılar.

Sərginin təşkilatçılarına və mərasimin iştirakçılarına minnətdarlığını bildirən Fidan Əliyeva yaradıcılıq axtarışlarını davam etdirəcəyini, sənətsevərlərin qarşısına yeni əsərlərlə çıxacağını söylədi: Mən tamaşaçılara pozitiv emosiyalar bəxş etməyə çalışıram. Bu səbəbdən əsasən gülləri təsvir edirəm. Çalışıram ki, güllər insanlarda ən gözəl hislər yaratsın, onları biganə olmamağa, yaşanan hər bir anı qiymətləndirməyə çağırsın. Bir sözlə, istəyirəm ki, əsərlərim insanlarda yaşamaq arzusunu oyatsın. Güllər Günəşə doğru can atdığı kimi, insanlar da həyata - yaşamağa doğru can atmalı, məyusluğa və problemlərə təslim olmamalıdır. Bu işdə onlara kömək etmək, xeyirxahlıq, sevgisevinc enerjisini bölüşmək istəyirəm.

Sonra iştirakçılar sərgi ilə tanış oldular.

Sərgidə Fidan Əliyevanın 40-a yaxın əsəri nümayiş etdirilir. Onun tablolarına düşündürücü kompozisiya həlli xasdır. Əsərlərindən görünür ki, müəllif daha çox parlaq çalarlarla işləməyə üstünlük verir. Hər bir əsəri avtoportret təsiri bağışlayır və bütün tablolardan sanki onun əhval-ruhiyyəsi və hisləri süzülür. Onun əsərlərində rəng palitrası zəngin, bəzən isə təzadlar üzərində qurulur. Yaradıcılığında Azərbaycan təbiətinin gözəlliyini əks etdirən əsərlər də xüsusi yer tutur. Əsərlərin mövzu dairəsi genişdir gülləri və meyvələri təsvir edən natürmortlar günəşli yay və həzin payız mənzərələri ilə əvəzlənir. Rəssam sanki yaradıcılıq azadlığı havasını hiss edərək təxəyyülündə olanları tablolara köçürür.

Bakıda doğulan rəssam ADA Universitetinin məzunudur. Xüsusi rəssamlıq təhsili olmasa da, sənətin sirlərinə Azərbaycan Memarlıq İnşaat Universitetində fərdi rəsm məşğələlərində, Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında, Londonda Müqəddəs Martin adına İncəsənət Dizayn Kollecində incəsənət kurslarında yiyələnib.

İstedadlı rəssamın böyük maraqla qarşılanan sərgisi yanvarın 21-dək davam edəcək.

 

FARİZ

 

Mədəniyyət.- 2019.- 16 yanvar.- S.4.