Maestronun mənzil-muzeyində tanınmış dirijorla görüş

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində yanvarın 16-da Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyevlə görüş təşkil edilmişdi.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək tanınmış dirijoru tədbir iştirakçılarına təqdim etdi.

Muzeyin şöbə müdiri Xanım Abdinova dirijorun yaradıcılıq yolu və sənət uğurlarından danışdı. Bildirdi ki, Əyyub Quliyev 2005-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Dirijorluq fakültəsini, 2007-ci ildə isə N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasını bitirib. 2008-ci ildə Vyana Dövlət Musiqi və İncəsənət Universitetində təhsil alıb. Bakı Musiqi Akademiyasının tələbəsi ikən dirijor kimi fəaliyyətə başlayıb.

Qeyd olundu ki, Əyyub Quliyev 2011-ci ildən OperaBalet Teatrında çalışır. 2018-ci ilin noyabrında teatrın baş dirijorumusiqi rəhbəri vəzifəsinə təyin edilib. Eyni zamanda dünyanın məşhur orkestrlərinin dəvətli dirijoru kimi çıxışlar edir. Dirijor pedaqoji fəaliyyətlə də məşğuldur, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xor dirijorluğu kafedrasının dosentidir.

Tədbirdə daha sonra bəstəkar, Xalq artisti Azər Dadaşov, əməkdar incəsənət xadimləri Nazim Kazımov, Məmmədağa Umudov və başqaları çıxış edərək Əyyub Quliyevin istedadlı dirijor kimi yaradıcılığından danışdılar.

Yaradıcılıq planlarından danışan Əyyub Quliyev musiqi sənətinə olan hədsiz maraq göstərməsində atası, Xalq artisti, məşhur tarzən Ramiz Quliyevin mühüm rol oynadığını dedi. O, görüşün təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.

Tədbirdə Əyyub Quliyevin dirijorluq etdiyi konsertlərdən videoyazılar nümayiş olundu. OperaBalet Teatrının solisti Taleh Yəhyayev, Nina Makarova və başqalarının ifasında kamera konserti təqdim edildi.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 18 yanvar.- S.3.