Görkəmli kinorejissor Tofiq Tağızadənin 100 illik yubileyi qeyd olunacaq

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də görkəmli kinorejissor, Xalq artisti Tofiq Mehdiqulu oğlu Tağızadənin (1919-1998) anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Tofiq Tağızadə dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnərək nadir istedada malik rejissor kimi özünəməxsus dəst-xətti ilə Azərbaycan kino sənətinə mühüm yeniliklər gətirib, ölkə kinematoqrafiyasının daha da zənginləşməsinə töhfələr verərək mədəniyyət tariximizdə dərin iz qoyub.

Qeyd olunur ki, sənətkarın yüksək estetik meyarlarla xalqımızın mədəni, mənəvi irsini canlandıran və müasirlərin həyatını dolğun əks etdirən rəngarəng mövzulu silsilə ekran əsərləri, o cümlədən “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Yeddi oğul istərəm” və “Dədə Qorqud” filmləri Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş parlaq sənət nümunələridir. Tofiq Tağızadənin respublikada kino işinin təşkili və kadr hazırlığı sahəsində də təqdirəlayiq xidmətləri var.

Sərəncamda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təkliflərini nəzərə almaqla, Xalq artisti Tofiq Tağızadənin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

 

Mədəniyyət.- 2019.- 25 yanvar.- S.1.