Musiqidə yaşanan ömür

 

Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında S.Rüstəmov adına Uşaq incəsənət məktəbi ilə birgə Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın (1924-2013) 95 illik yubileyi münasibətilə Musiqidə yaşanan ömür adlı musiqi gecəsi keçirilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşən tədbirdə kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova Ş.Axundovanın həyat və yaradıcılığı, S.Rüstəmov adına məktəbin müəlliməsi Vüsalə Həşimova sənətkarın vətən gözəllikləri və vətənpərvərlik mövzusunda mahnıları haqqında məlumat verib.

Sonra tədbir iştirakçıları bəstəkarın ömür yolundan bəhs edən videofilm izləyiblər. Musiqi gecəsi S.Rüstəmov adına Uşaq incəsənət məktəbinin müəllim və şagirdlərinin təqdim etdiyi konsert proqramı ilə davam edib. Müəllimlər Faiq Şıxbabayev (tar), Zərifə Qurbanova (kamança) və Kamran Qədəşovun (nağara) müşayiəti ilə Rövşanə Əliyevanın ifasında Nədən oldu, Zərifə Zərbəliyevanın ifasında Mehriban olaq mahnıları, Nihad Kamillinin tarda ifa etdiyi Bayatı-Şiraz muğamı maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2019.- 25 yanvar.- S.4.