Nizami Gəncəvi haqqında hər şey

 

 

Özbəkistanda dahi Azərbaycan şairinə həsr olunmuş müsabiqə keçirilir

 

Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində “Nizami Gəncəvi haqqında hər şey” adlı müsabiqə elan olunub.

Müsabiqə Daşkənddəki Heydər  Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti və universitet arasında imzalanmış 2019-cu il üçün planına uyğun olaraq keçirilir.

Respublika müsabiqəsi üzrə bir neçə nominasiya var: “Nizami əsərlərinin bilicisi”, “Bədahətən Nizami qəzəlləri”, “Nizami irsinin davamçılarının yaradıcılığı” və s.

Müsabiqədə tələbələrlə yanaşı Özbəkistan ali məktəblərinin müəllimləri, elmi işçiləri də iştirak edə bilərlər.

Münsiflər heyətində Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin alimləri, Heydər  Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi təmsil olunur.

Müsabiqənin üç şərti var: Nizami Gəncəvi irsinə dair dərin məzmunlu və geniş ədəbi təhlil aparmaqla yaradıcı inşa yazmaq; Nizami yaradıcılığı, dahi söz ustadının əsərləri əsasında sualları (Özbəkistanda Nizami irsini araşdıran alim və filosofların əsərləri üzrə) cavablandırmaq; Nizami Gəncəvinin bir qəzəlini söyləmək, onu təhlil etmək, bu barədə öz düşüncələrini bölüşmək.

Nizami Gəncəvi haqqında hər şey” müsabiqəsi iki mərhələdə keçirilir. Birinci mərhələ fevral ayının sonuna qədər davam edəcək.

İkinci mərhələ mart ayının 21-də - Novruz bayramı tədbirində  başa çatacaq.

İlk üç yerin sahibləri Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi mükafatı, Nizami Gəncəvinin özbək dilinə tərcümə edilmiş kitab kolleksiyası və hər üç təşkilatın diplomları ilə təltif olunacaqlar.

 

Mədəniyyət.- 2019.- 25 yanvar.- S6.