Həyat və yaradıcılıq sevincinə həsrət

 

Əməkdar rəssam Ələkbər Rzaquliyev. Təsviri sənətin qrafika sahəsində geniş şöhrət qazanan bu sənətkar zəngin yaradıcılığı ilə bərabər, tale kəmliyinə görə də müasirlərindən fərqlənib...

Ələkbər Ələsgər oğlu Rzaquliyev 1903-cü ildə Bakı şəhərində dünyaya göz açıb. Erkən çağlardan rəsm çəkməyə maraq göstərir. Babası onun rəssam olmaq arzusu barədə şəhərin axundu ilə söhbət edir. Axund şəkil çəkməyin dində qadağan olunduğunu desə də, Ələkbər fikrindən dönmür. 1925-ci ildə Moskvada Ali Bədii Texniki Emalatxanada təhsil alır. Bakıya qayıtdıqdan sonra yaradıcılığını davam etdirir. Əsərlərində çarizm dövrü Azərbaycan məişətinin xarakterik səhnələrinə geniş yer ayırır. Azərbaycanlı qadın, Pəhləvanlar, Mollaxana əsərləri maraqla qarşılanır.

Gənc Ələkbər xəyallarında yaradıcılıq planları qurarkən ölkədə acı yellər əsməyə başlayır. 1928-ci ildə pantürkist ideyalarını yaymaqda ittiham olunaraq həbs edilir. İyirmi beş il müddətinə azadlıqdan məhrum edilərək Sibirə göndərilir. Qürbət həyatı nə qədər ağır olsa da, onun iradəsini qıra bilmir. Bir müddət sonra onun barəsində yeni qərar verilir - vaxtından əvvəl azadlığa buraxılır. Bakıya gələn rəssam Sona adlı bir xanımla ailə qurur. Lakin doğma şəhərində rahat yaşayıb işləmək yenə ona qismət olmur. Yenidən həbs olunurSolovki həbs düşərgəsinə (Rusiyanın şimalında, dənizdə Solovetsk adaları - red.) göndərilir. Ağır məşəqqətlərdən keçən rəssam möhkəm iradəsi və həyat eşqi ilə bu məhrumiyyətlərlə mübarizə aparır.

Qızı Ədilə xanım xatirələrində yazır: 1947-ci ilə qədər biz bir-birimizdən ayrı düşdük. Uzun illərin ayrılığından sonra, biz bir daha yenidən görüşdük. Ancaq bir-birimizi tanımadıq. Atam bu pərişanlığa dözə bilməyib ağladı.

Sürgündən qayıtdıqdan sonra Ələkbər Rzaquliyev ailəsi ilə əvvəl Gəncəyə, sonra isə Şəkiyə köçməli olur. Şəkidə ipək kombinatında işə düzəlir. Eyni zamanda məktəbdə dərs deyir.

Ədilə xanımın xatirələrindən: Bir dəfə evdə atambabamla oturmuşdum. Bu vaxt bizə Bəhram adlı bir kişi gəldi. Sonra məlum oldu ki, o, Gəncə teatrında rejissor işləyir. Bəhram atama yaxınlaşıb onun ayaqlarına yıxıldı və dedi: O illər üçün, o sözlər üçün məni bağışla! Amma atam ona cavab verməyib, üzünü yana çevirdi. Babam bütün bunlara dözməyib atama dedi: Ələkbər, görmürsən o, səndən üzr istəyir? Atam cavabında dedi: Yox, mən onu ömrümdə bağışlamaram, onun sözlərinə görə ömrümün, demək olar, yarısını sürgünlərdə keçirdim.

1949-cu ildə Ələkbər Rzaquliyev yenidən həbs edilir. Bu dəfə Altaya sürgün olunur. Burada Berta adlı alman xanımla ailə qurur. Onların Oqtay, Aydın adlı oğulları və Sevda adlı qızı dünyaya gəlir. O, Altaydan qızı Ədiləyə məktub yazaraq evləndiyi barədə ona məlumat verir. Bu addımı əziyyət çəkməmək, ölməmək və ailəsinə qovuşmaq üçün atdığını bildirir...

1953-cü ildə düşərgədə Stalinin ölüm xəbəri yayılır. Həyəcandan Ələkbərin dili tutulur, üç gün bir kəlmə də danışa bilmir. Nəhayət, 1956-cı ildə - repressiya qurbanlarının bəraət aldığı dövrdə Ələkbər Rzaquliyevə də Azərbaycanda yaşamağa icazə verilir.

İllərini sürgündə itirən rəssam gecəni gündüzə qatıb işləyir. Ağrı-acılarla dolu böyük bir dövrün yaddaşını tabloya köçürməyə can atır. 1963-cü ildə - 60 illik yubileyində ilk fərdi sərgisini təşkil edir. Bir il sonra Əməkdar rəssam adına layiq görülür.

Ələkbər Rzaquliyev yaradıcılığı boyu cəmi iki rəngli rəsm çəkib - Azərbaycanlı qadın və Pəhləvanlar. Qalan əsərləri ağ-qaradır. Rəssamın çox maraqlı əl işi olan Mollaxana və digər qiymətli əsərləri sürgün dövründə it-bat olur.

Görkəmli fırça ustası qrafika sahəsində geniş fəaliyyət göstərib. Köhnə Bakı silsiləsi, M.Ə.Sabir, Bakılılar Berlində, Çaybecərənlər və s. linoqravüralar yaradıb. Əsərləri bu gün Moskvada (A.S.Puşkin, Şərq Xalqları İncəsənəti Muzeyi), Sankt-Peterburqda (Ermitaj), eləcə də Bakıda Milli İncəsənət Muzeyində saxlanılır.

Həyat və yaradıcılıq sevincini doya-doya yaşaya bilməyən, yanvarda doğulub, ömrünün təxminən yarısını soyuq Şimalda keçirməyə məcbur olan fırça ustası 1974-cü ilin 31 yanvarında Bakıda vəfat edib.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 25 yanvar.- S.7.