İsveçrəli və azərbaycanlı fotoqrafların birgə sərgisi

Yustistalda pendir bölüşdürülməsi və Sənətkarlıq ustaları

 

Yanvarın 23-də Müasir İncəsənət Muzeyində isveçrəli fotoqraf Sedrik Kristofer Merklinin Yustistalda pendir bölüşdürülməsi və azərbaycanlı fotoqraf Elmar Mustafazadənin Sənətkarlıq ustaları adlı fotosərgiləri açılıb.

Tədbir İsveçrənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə reallaşıb.

İsveçrə səfiri Filip Ştalder çıxış edərək iki ölkə arasında mədəni müstəvidə inkişaf edən münasibətlərdən söz açıb. Bildirib ki, bu ay ölkələrimiz arasında diplomatik əlaqələr baxımından məhsuldar ay olub.

Sərgi ilə bağlı fikirlərini bölüşən diplomat deyib ki, o, bu tədbiri təkcə yaradıcılıq baxımından deyil, həm də Azərbaycan və İsveçrə foto rəssamlarını bir araya gətirməsi baxımından əhəmiyyətlidir. Səfir sərginin Müasir İncəsənət Muzeyi ilə ilk əməkdaşlıq layihəsi olduğunu deyib və muzeyin rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbirdə hər iki fotoqraf çıxış edərək sərgi haqqında məlumat verib, göstərilən dəstəyə görə təşəkkür ediblər.

Sonra qonaqlar fotolarla tanış olublar. Sərgi fevralın 5-dək davam edəcək.

 

Mədəniyyət.- 2019.- 25 yanvar.- S.4.