Arşın mal alanın növbəti tamaşası Ofeliya Aslanın xatirəsinə həsr edilmişdi

Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin Arşın mal alan ikihissəli operettasının növbəti nümayişi mərhum aktrisa, bir vaxtlar bu tamaşada Telli rolunu oynamış Ofeliya Aslanın (1939-2010) 80 illik yubileyinə həsr edilmişdi.

Operettanın yanvarın 25-də gerçəkləşən nümayişindən öncə teatrın ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı sənətkarın həyat və yaradıcılığından söz açdı, teatrteleviziya tamaşalarında yaratdığı bir-birindən maraqlı obrazlar haqqında məlumat verdi.

Bildirildi ki, 1983-cü ildə indiki Mədəniyyət və İncəsənət Universitetini bitirən aktrisanın bu teatrda ilk rolu Durna komediyasında Lalə obrazı olub. Bundan başqa, o, Beş manatlıq gəlində Gülnaz, Hicranda Çarliston, Axırı yaxşı olarda Dilbər, Bankir adaxlıda Səmayə və digər tamaşalarda, həmçinin Yol əhvalatı, Xoşbəxtlik qayğıları, Adı sənin, dadı mənim, Evləri köndələn yar kimi filmteletamaşalarda yaddaqalan obrazlar yaradıb, Mozalan satirik kinojurnalının bir çox buraxılışlarında çəkilib. Aktrisa teatrın truppası ilə qastrol səfərlərində olub, hər zaman sevgi və alqışlarla qarşılanıb.

Sonra tamaşa nümayiş olundu. Səhnə əsərində rolları əməkdar artistlər Nərgiz Kərimova, Əkbər Əlizadə, aktyorlar Nadir Xasıyev, Səmədzadə Xasıyev, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Mehriban Zalıyeva, Ruslan Mürsəlov ifa edirdilər.

Qeyd edək ki, özünəməxsus ifası ilə hər zaman tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan və sevilən aktrisa vaxtilə Arşın mal alanda həyat yoldaşı Xalq artisti Səyavuş Aslanla (Vəli) tərəf-müqabil olub.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2019.- 30 yanvar.- S.5.