Aşıq Ələsgər ənənələrinin layiqli davamçısı

 

 

 

O, Göyçə aşıq məktəbinin tanınmış nümayəndəsi kimi ulu sənətdə parlaq iz qoymuşdu. Xalq şairi Səməd Vurğun bu saz-söz ustasının sənətkarlığını yüksək dəyərləndirərək onu “Aşıqların sultanı” adlandırmışdı. Bu yazımızın sözlü, nəğməli qəhrəmanı Aşıq Əsəddir. 

1874-cü ildə Göyçə mahalının Qaraqoyunlu kəndində dünyaya göz açan Aşıq Əsəd Əhməd oğlu Rzayev əslən Tovuz rayonunun Bozalqanlı kəndindən idi.

Gənc ikən atasını itirən Əsəd dolanışıq ucbatından bir neçə il nökərçilik edir. İmkan tapdıqca toy məclislərində iştirak edir. Bədahətən şeirlər söyləyir. Yanıqlı səsi-zümzüməsi diqqəti çəkir. Saz sənətinə marağı onu Dədə Ələsgərin yanına aparır. On ilə yaxın ustadla birlikdə məclislər yola verir. Aşiqanə lirik şeirlər yazır, şaqraq və məlahətli səsi ilə xalqın güzəranını tərənnüm edir. O, keçən on il ərzində  aşıqlıq sənətinə tamam-kamal yiyələnir. Bunu hiss edən Aşıq Ələsgər ona rüsxət verir. Əsəd 1895-ci ildən müstəqil aşıqlığa başlayır və el arasında ustad sənətkar kimi tanınır.

Aşıq Əsəd 1918-ci ildə daşnak ordusunun zabiti Selikovun öldürülməsində günahkar bilinir. Bu səbəbdən qardaşı Məhəmmədlə birgə həbsə alınır. Müsavat Partiyası Göyçə təşkilatının köməyi ilə həbsdən qaçırılır. 1920-ci ildə Aşıq Ələsgərin məsləhəti ilə yaşayış yerini dəyişməli olur. 1921-ci ildə sovet ordusu sıralarında banditizmə qarşı mübarizədə iştirak edir. 1932-ci ildə ulularının ocağında – Tovuz rayonunun Bozalqanlı kəndində məskunlaşır.

Azərbaycan aşıqlarının 1928-ci ildə keçirilən I qurultayında iştirak edən Aşıq Əsəd yüksək ifaçılıq məharətinə görə mükafata layiq görülür. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə də uğurla təmsil olunan sənətkar “Şərəf nişanı” ordeni ilə təltif edilir. Daha sonra aşıq Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul olunur.

Ümumiyyətlə, Aşıq Əsəd 1930-1940-cı illərdə respublikada keçirilən mədəni-kütləvi tədbirlərdə çox fəallıq göstərib. Folklorşünas Hümbət Əlizadə 1939-cu ildə “Koroğlu” dastanının bir necə boyunu, xalq dastanlarından bir çoxunu Aşıq Əsədin dilindən yazıya alıb. Tədqiqatçının xeyirxahlığı və köməkliyi sayəsində sənətkarın ilk şeirlər kitabı çap olunub. İkinci şeirlər kitabı isə çox sonra, 1979-cu ildə işıq üzü görüb.

Aşıq Əsəd sənətinin sirlərini Göyçə, Tovuz, Qazax bölgələrində onlarla gəncə öyrədib. Həm də yaradıcı aşıq olan sənətkar yüzlərlə qoşma və gəraylı müəllifidir. Müəllifin “Kamal”, “Nizami”, “Aşıq Əsədin İncə xanımla deyişməsi”, “Aşıq Əsədin Minayə xanımla deyişməsi” kimi əsərləri bu gün də aşıqlar tərəfindən böyük həvəslə oxunur və rəğbətlə qarşılanır. Aşıq Əsəd xanəndə kimi oxumağı da bacarıb. El şənliklərində çox vaxt dinləyicilərin xahişi ilə muğamlarımızı da ifa edib.

Araşdırmalarda aşığın sazın konstruksiyasına yeniliklər gətirdiyi də qeyd olunur. Onun sazı 17 pərdəli və 10 simli olub. O zaman sazın 3 zil simi olduğu halda, o, sazına 1 zil simi də əlavə edib. Əlbəttə, 4 simi eyni anda barmaqda birləşdirmək (tutmaq) ifaçıdan böyük ustalıq tələb edirdi. Xalq arasında Aşıq Əsədin fəaliyyəti saz-söz ustalarından ancaq Aşıq Mirzə və Aşıq İslamla müqayisə olunub. O həm də ustadı Dədə Ələsgər ənənələrinin daşıyıcısı və ən böyük təbliğatçısı kimi tanınıb.

Sənətkarın ifaçılıq şöhrəti ölkəmizin hüdudlarını aşıb. Tiflis radiosunun 1936-cı ildə ilk verilişlərində, daha sonra Şota Rustavelinin yubileyi və digər mədəni tədbirlərdə Aşıq Əsədlə Aşıq Mirzə cütlüyünün parlaq çıxışları böyük alqışlarla qarşılanıb.

Aşıq Əsəd dövlət tərəfindən daim qayğı hiss edib. Sovet Azərbaycanının rəhbəri   Mircəfər Bağırov onu Bakıya dəvət etsə də, o, saz-söz diyarı Tovuzda yaşamağı üstün bilib. Görkəmli sənətkar 1951-ci ildə, 77 yaşında dünyasını dəyişib.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 30 yanvar.- S.6.