Balaca şahzadə səhnəyə çıxacaq

Fevralın 21-də Azərbaycan Dövlət Musiqili Teatrında Antuan de Sent-Ekzüperinin Balaca şahzadə əsərinin motivləri əsasında eyniadlı tamaşanın premyerası olacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, beynəlxalq layihə kimi hazırlanan ikihissəli bu şou-tamaşa ana dilimizdə səslənəcək ilk müzikldir. Səhnə əsəri Antuan de Sent-Ekzüperinin dünyaca məşhur əsərinə fərqli baxışdır, səhnələşdirəni şair, yazıçı-publisist İlqar Fəhmidir. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiyanın Əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Qritsay, baletmeysterləri əməkdar artistlər ZakirYelena Ağayevlərdir.

Süjet xəttində Balaca şahzadənin müxtəlif planetlərə səyahətləri obrazlı şəkildə təsvir olunur. Tamaşanın qeyri-adi səhnə tərtibatı var. Arxa fonda iri monitorlarda göstərilən animasiyalarla aktyorların və balet artistlərinin sinxron şəkildə canlandırdığı gözəl ifaları, dolğun və cəlbedici rəqs hərəkətləri, ifaçıların oyunu ilə ekrandakı hadisələrin möhtəşəm sintezi həm də Musiqili teatrın səhnəsində daha bir yenilikdir. Tamaşanın səhnə qrafikası Mehdi Məmmədova, video quraşdırmaları isə Bakı Media Mərkəzinə məxsusdur.

Balaca şahzadə obrazını Musiqili teatrın iki azyaşlı aktyoru adı Azərbaycanın gənc istedadlarının Qızıl kitabına yazılan, Prezident təqaüdçüsü Atilla Məmmədov və Rahib Məmmədov canlandıracaq. Digər rolları Ələkbər Əliyev, Şövqi Hüseynov, Əmrah Dadaşov, Nicat Həbibov, Aydan Həsənova, Əliməmməd Novruzov, Məhərrəm Qurbanov, Hüseyn Əlili, Rauf Babayev, Emil Heydərov və İbrahim Əlizadə ifa edəcəklər.

 

Mədəniyyət.- 2019.- 30 yanvar.- S.7.