Ölkəmiz Əbu-Dabidə beynəlxalq festivalda təmsil olunub

 

 

 

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində 40-a yaxın ölkənin iştirakı ilə keçirilən Şeyx Zayed İrsi Beynəlxalq Festivalında ölkəmiz də təmsil olunub.

Azərbaycan pavilyonunda ölkəmizin istehsalı olan sərinləşdirici içkilər, çaylar, konservləşdirilmiş ərzaq məhsulları, mürəbbələr, quru meyvələr və çərəzlər, turizm xidmətlərinin satışı həyata keçirilib.

Ölkəmiz festivalın mədəni hissəsində də fəal təmsil olunub. Elşən Sadıxovun rəhbərlik etdiyi “Səma” rəqs qrupu iki həftə boyunca festivalın əsas səhnəsində, həmçinin Azərbaycan pavilyonu qarşısında milli rəqslərimizi ifa edib. Tədbir çərçivəsində təşkil edilən mədəni paradlarda pavilyonumuzun iştirakçıları milli geyimlərdə Azərbaycanın dövlət bayrağını bütün festival ərazisində gəzdirərək, ziyarətçilərlə şəkillər çəkdirib, ölkəmiz barədə məlumat veriblər.

Festivalın təşkilatçısı olan Xəlifə Fondu ilə sıx əməkdaşlıq əlaqələri qurmuş Azərbaycan səfirliyi gələn il festivalda ölkəmiz üçün daha əlverişli şərtlərin və yerin ayrılması barədə razılıq əldə edib.

 

Mədəniyyət.- 2019.- 30 yanvar.- S.8.