Bədii təhsil: yeni çağırışlar və imkanlar

 

 

Son onilliklər ərzində dünyada cərəyan edən lokal, regionalqlobal ictimai-siyasisosial-iqtisadi hadisələr elm və təhsilə, mədəniyyət və incəsənətə bilavasitə təsir göstərib. Bununla belə, Azərbaycanda ölkə rəhbərliyinin məqsədyönlü daxilixarici siyasəti sayəsində humanitar sahənin inkişafı, zamanın nəbzinə müvafiqmüasir standartların tələblərinə uyğun qurulub təşkil olunması üçün həm hüquqi, həm sosial, həm də maddi-texniki baza gücləndirilib, onların iqtisadi səmərəliliyinin artırılması üçün fundamental layihələr həyata keçirilib, ardıcıl tədbirlər görülüb.

 

Müasir şəraitdə iqtisadiyyat və cəmiyyətin innovativ inkişaf yoluna qədəm qoyması bilavasitə peşə təhsilinin modernləşdirilməsi ilə əlaqələndirilir. Belə təhsil cəmiyyətdəki innovativ proseslərin katalizatoru və əsas aləti kimi çıxış edir. Bu gün peşə təhsilinin tərkib hissəsi olan yeni bədii təhsil paradiqmasına və bu sahədə qlobal çağırışlara cavab verən yeni strategiyaya ehtiyac var. Şübhəsiz ki, respublikamızda bədii təhsilin böyük uğurlarına, milli incəsənətimizin dünyada tanınan yüksək nüfuzuna, bir çox sənət sahələrində, o cümlədən teatr, kinomusiqi, təsviri sənət və xoreoqrafiya sahələrində sənətkar və müəllim kimi peşəkar mütəxəssislərimizə olan müəyyən tələbata baxmayaraq, biz bundan sonra da bu sahədə daha böyük və irimiqyaslı işlər görməli, zəruri layihələr həyata keçirməliyik. Bu günmövcud olanı qorumaqmövqeyi, əlbəttə ki, müasir reallıqlar və qarşımızda duran çağırışlarla mütləq şəkildə səsləşməlidir.

 

Azərbaycanın bədii təhsil sahəsindəki uğurları çoxdur. Müşahidələr göstərir ki, bu nailiyyətlərin kəmiyyət və keyfiyyət göstəriciləri yüksələn xətlə artmaqdadır. Dövlət uşaq incəsənət məktəbləri və uşaq musiqi məktəbləri simasında incəsənət sahəsində əlavə təhsil sistemini təşkil edərək bura geniş uşaq kütləsinin cəlb edilməsinə nail olub və onları keyfiyyətli təhsil xidmətləri ilə təmin edə bilib. Bu da, öz növbəsində, “uşaqların bədii təhsili” məfhumuna cəmiyyətin münasibətini müəyyən dərəcədə ifadə edir. Hesab edilir ki, bədii təhsil proqramlarının həyata keçirilməsinə olduqca böyük zərurət var.

 

Həm dövlətin, həm də cəmiyyətin sənətə meyilli, sənətə can atan, musiqi, rəsm və ya rəqslə məşğul olan çoxsaylı həvəskar kütləsinə ehtiyac var. Çünki gələcəkdə mədəniyyətin qayəsini və bədii auditoriyanı məhz bu insanlar təşkil edəcək. Bu böyük dəstənin isə yalnız bir qismi sonradan peşəkar fəaliyyət göstərəcək. Məhz bu seçilmiş istedadlar təhsillərini orta ixtisas, daha sonra ali təhsilin bakalavriat, magistraturadoktorantura səviyyələrində davam etdirərək ölkənin mədəniyyət və incəsənət elitasının növbəti mütərəqqi nəslinin formalaşmasında iştirak edəcəklər.

 

Qeyd etmək lazımdır ki, böyük istedadların seçilməsi və peşəkar baxımından tərbiyəsi bədii təhsilin kütləviliyi və geniş yayılmasından da asılıdır. Kütləvilik prinsipi olmadıqda bir çox istedadlar həm özləri, həm də cəmiyyət üçün itirilmiş hesab edilir, çünki onlar öz istedadları barədə öyrənmək və ya onu inkişaf etdirmək şansından məhrum olurlar.

 

Danılmaz faktlardan biriodur ki, buya digər istedadın aşkarlanması və inkişaf etdirilməsi, ilk növbədə, bu prosesdə iştirak edən pedaqoji kadrların peşəkarlığından da asılıdır. Yüksəkkeyfiyyətli və illərlə təcrübədə sınanmış klassikdaha çox ənənəvi xarakter daşıyan bədii təhsil proqramlarımız olsa da, təəssüf ki, onlar müasir dünyagörüşlü uşaqlar üçün daha az maraqlıdır. Əlbəttə ki, müasir şəraitdə bədii pedaqogika sahəsində novator müəllimlərin, parlaq istedadların və maraqlı kəşflərin olması da danılmazdır.

 

Bəzi müəllimlərin bədii təhsildə həvəskarların tərbiyə edilməsi sahəsində mütəşəkkil bir sistemə malik olmalarına baxmayaraq, onlar uşaq və yeniyetmələrdə sənətə sevgi və sənət dərslərinə həvəs aşılamağı bacarırlar. Bununla belə, bizdə ənənəvi olaraq bədii təhsil sistemionun metodikasında təlim-tərbiyə və tədris prosesinin mərkəzində müəllim dayanır, çünki yerinə yetirilməli və riayət olunmalı təhsil tələbləri mövcuddur. Bu cür yanaşma isə müasir reallıqlara o qədər də uyğun deyil.

 

İnformasiya mənbələrinin genişliyini, inkişaf və peşə sahələrinin nəhəng seçimini nəzərə alsaq, bədii təhsil bəzən həddən artıq avtoritar olmaqla uşaqları çox zaman həddən ziyadə kvazi-peşə bacarıqlarına yiyələnməyə yönəldir və bununla da o həm idman, həm xarici dillər, həm də məktəb fənləri ilə rəqabətdə uduzur. Ona görə bədii təhsildə daha böyük inkişafa nail olmaq üçün təlim-tərbiyə prosesində demokratikləşmə, müasir dövrün qabaqcıl informasiya-telekommunikasiya vasitələrindən istifadə, innovativ və yüksək texnologiyaların tətbiqi və digər zəruri tədbirlərin görülməsi qaçılmazdır. Bu baxımdan bədii təhsilin, o cümlədən dekorativ-tətbiqi sənət, ənənəvi xalq sənəti, teatr, kino, rəssamlıq, dizayn, musiqixoreoqrafiya təhsilinin modernləşdirilməsinin məqsədi iqtisadiyyatın və cəmiyyətin ehtiyaclarına uyğun əlçatan, keyfiyyətli və effektiv təhsil sisteminin davamlı inkişafı üçün sosial-iqtisadi mexanizmlərin yaradılmasıdır.

 

Bununla yanaşı, innovativ ali bədii təhsil sisteminin vacib vəzifələrindən biri təhsil müəssisələrinin profilləri, ixtisasları və mütəxəssis hazırlığının strukturu nəzərə alınmaqla şəbəkə inteqrasiyasıdır.

 

Müasir şəraitdə innovativ texnologiyaların və tədris metodlarının tətbiqi, eləcə də innovativ təhsil proqramlarının hazırlanması bədii ali təhsilin məzmununun inkişafının əsas vektoru hesab olunur. İnnovativ bədii təhsil fəaliyyəti təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsinə şərait yaradır və təhsil xidmətləri bazarında rəqabət qabiliyyətini təmin edir.

 

Beynəlxalq təcrübə göstərir ki, hər hansı bədii təhsil sahəsində peşəkar mütəxəssis hazırlığı işində təkcə professional biliklər deyil, eyni zamanda kreativ və yaradıcı keyfiyyətlərin qayəsini təşkil edən baza bacarıqlar da mühüm yer tutur. Bədii təhsildə innovasiyalar təkcə bu sahənin inkişafına xidmət etmir, həmçinin təbii fəlakət, epidemiya və digər arzuolunmaz şəraitdə tədris metodlarının çevik transformasiyasına imkan verən mükəmməl alətlərdən biridir.

 

Bu gün dünyanın qarşılaşdığı koronavirus (COVİD-19) pandemiyası ucbatından əksər dövlətlərdə olduğu kimi, Azərbaycanda da tətbiq edilən karantin şəraiti sosial təcrid tədbirlərinin görülməsini zəruri edir. Lakin yaradıcı və istedadlı şəxslər, eləcə də bu sahədə fəaliyyət göstərən pedaqoji kadrlar hər zaman canlı ünsiyyət və yaradıcılıq prosesinin fəal üzvləri kimi çıxış ediblər. Mövcud vəziyyətin hər iki tərəfə - təhsilalanlara və müəllimlərə psixoloji nöqteyi-nəzərdən mənfi təsirlərinin qarşısının alınması məqsədi ilə yeni informasiya texnologiyalarından istifadə labüddür.

 

Ölkəmizdə bədii təhsil ocaqlarından biri də Bakı Xoreoqrafiya Akademiyasıdır. Akademiyanın çoxpilləli olması ilə qazandığı unikallıq statusu bədii təhsil sahəsində daha böyük və nümunəvi işlərin görülməsi üçün qarşımızda yeni vəzifələr qoyur. Karantin dövründə Bakı Xoreoqrafiya Akademiyası bir çox ali təhsil müəssisələri kimi onlayn və videodərslərin keçirilməsi ilə distant təhsil formasında tədris prosesini davam etdirir. Bununla belə, müxtəlif növ fövqəladə şəraitlərdə bədii təhsilin fasiləsizliyini və səmərəliliyini təmin etmək üçün fundamental təhsil layihələrinin həyata keçirilməsinə, distant təhsilin ən mütərəqqi nailiyyətlərinin tətbiqinə ehtiyac var.

 

Əbülfəz BABAZADƏ

Bakı Xoreoqrafiya Akademiyasının şöbə müdiri, kulturoloq-yaponşünas

 

Mədəniyyət.- 2020.- 17 aprel.- S.7.