Tarzən-komandir

 

1941-ci ildə Xarkov olimpiadasında birinci olan ansamblın rəhbəri Əliağa Quliyev adı üstündə yazılmış saatla təltif edilib

 

Mayın 9-da XX əsrin ən böyük fəlakəti hesab olunan İkinci Dünya müharibəsində (1939-1945) qələbənin 75 illiyi qeyd ediləcək. 1941-ci ildən o vaxt tərkibində olduğumuz Sovet İttifaqının da iştirak etdiyi bu müharibədə alman faşizmi üzərində qələbənin əldə edilməsində Azərbaycan nefti ilə yanaşı, xalqımızın igid oğulları da mühüm rol oynamışdı. Müharibədə iştirak edənlər arasında sonradan ölkəmizdə elmin, ədəbiyyat və mədəniyyətin, ictimai fikrin inkişafına töhfələr verən şəxsiyyətlər də var idi.

 

Keçmiş SSRİ məkanında Böyük Vətən müharibəsi (1941-1945) adlandırılan bu savaşda şərəfli yol keçmiş sənət adamlarımızdan biri də tanınmış tarzən, Xalq artisti Əliağa Quliyev olub.

 

Tarzənin döyüş yolu ilə bağlı məlumatları bizə oğlu Adil Quliyev təqdim etdi. O, atasının müharibədə iştirakı ilə bağlı geniş məlumatın müharibənin axırıncı illərində marşal hərbi rütbəsinə yüksəlmiş Sergey Biryuzovun rəhbərliyi altında vuruşan polkovnik, yazıçı İvan Berejnoyun “Hər qarış torpaq uğrunda” əsərində geniş işıqlandırıldığını diqqətə çatdırdı.

 

Həmin əsərdə müəllif yazır: “Alayın rabitə rotasının komandiri kapitan, tarzən Əliağa Quliyev idi. Bizim alayda çoxlu azərbaycanlı döyüşürdü. Onlardan ikisini yaxından tanıyırdım. İki nəfər – cəsarətli igid döyüşçü Mirzə Rəhimov və radiostansiyanın rəisi Əliağa Quliyev rabitə rotasında idi. Ə.Quliyev alayda mahnı və rəqs ansamblı yaratmış, Poltava Zabitlər evində keçirilən konsertlərdə yaxından iştirak edirdi. 1941-ci ildə Xarkov olimpiadasında birinci yeri tutan ansamblın rəhbəri Əliağa hərbi dairə tərəfindən adı üstündə yazılmış saatla təltif olunmuşdu”.

 

***

 

Əliağa Eyvaz oğlu Quliyev 1917-ci il may ayının 9-da Bakıda dünyaya göz açıb.

 

Kiçik yaşlarından musiqiyə maraq göstərib. Özfəaliyyət dərnəyində qeyri-adi musiqi qabiliyyəti nümayiş etdirən Əliağa 17 yaşından 1 nömrəli Musiqi məktəbində Üzeyir Hacıbəylinin sinfində tarzənliyin sirlərini öyrənməyə başlayır. 1930-cu illərin sonlarında artıq kamil musiqiçi kimi solo konsertlərdə ifa edir.

 

Az sonra OperaBalet Teatrında tarzənlər qrupunun konsertmeysteri təyin olunan Əliağa Quliyev musiqi məktəbində də pedaqoji fəaliyyət göstərir. 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olması onun həyatında əlamətdar hadisələrdən olsa da, müharibə təhsilinə mane olur və o, 1940-cı ildə ordu sıralarına çağırılır.

 

Ə.Quliyev qısa müddətdə radist-teleqrafçı peşəsinin incəliklərini mənimsəyir. Döyüş yolu Belarusun Qomel vilayətinin Çausı şəhərindən başlayır. Rabitəçi kimi işinin öhdəsindən bacarıqla gəlir. 1942-ci ildə kiçik leytenant və 712-ci atıcı alayda radioalayın komandiri vəzifəsinə təyin edilir. Xidmətlərinə görə dəfələrlə marşal S.Biryuzov tərəfindən ordenmedallarla təltif olunur. 1944-cü ildə Varşava şəhəri uğrunda döyüşlərdə ağır qəlpə yarası alan Ə.Quliyev müalicə üçün Cənubi Qafqaza göndərilir. Müalicədən sonra Bakıdakı Salyan kazarmasında 402-ci Azərbaycan atıcı diviziyasında rabitə rəisi təyin edilir. O, 1945-ci ilin 9 may Qələbə Gününü hərbi qulluqda qarşılayır. Müharibədə göstərdiyi şücaətlərə görə I və II dərəcəli “Böyük Vətən müharibəsi”, “Qırmızı ulduz” ordenləri, “Döyüş xidmətlərinə” görə medalı və digər mükafatlara layiq görülüb.

 

***

 

Müharibədən sonra yüksəkixtisaslı musiqiçilərə ehtiyacı nəzərə alan Ü.Hacıbəylinin müraciətindən sonra – 1946-cı ilin ortalarında Ə.Quliyev hərbi geyimlə vidalaşmalı olur, müxtəlif kollektivlərdə yaradıcılıq fəaliyyətinə başlayır.

 

Azərbaycan Dövlət Filarmoniyasında musiqi redaktoruxalq çalğı alətləri ansamblının rəhbəri olur. O, həmçinin Azərbaycan Konsert Birliyində xalq çalğı ansamblının rəhbəri kimi dünyanın bir çox ölkələrində qastrol səfərlərində musiqi mədəniyyətimizi layiqincə təmsil edir. Tarzən eyni zamanda 1938 və 1959-cu illərdə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasının iştirakçısı olub.

 

Sənətkar 11 yanvar 1998-ci ildə vəfat edib.

 

Yazını akademik Rafael HüseynovunTarzənlər ordumuzun zabitiadlı məqaləsində yer alan bu fikirlərlə bitiririk: “Tarix boyu adlı-sanlı çalıb-oxuyanlarımıza el-oba sevərək bir ləqəb qoşub. Birinin adına misilsiz ifa etdiyi hansısa muğamın adını əlavə ediblər – “ZabulQasım, “RastAğacəbrayıl, “Bayatı-QacarBaladadaş, “Segahİslam deyiblər, birinə ifasının tərzinə, ləzzətinə görə ad qoşublar. Hər halda bu ləqəblərin, təxəllüslərin, qoşma adların hamısı musiqi ilə, muğamlarla bağlı olub. Lakin bəlkə o, yeganə muğam ifaçısı sənətkarımızdır ki, ləqəbi musiqidən xeyli aralı bir sözlə ifadə olunub. Ona “mayor” deyiblər. Bəlkə mayor rütbəsində dayanmasaydı, hərb sahəsindən ayrılaraq musiqiyə biryolluq qovuşmasaydı, ordumuzdakı ən ali çinli zabitlər cərgəsinə qoşulardı.

 

Əliağa Quliyev tarı seçdi musiqi ordumuzun, tarzənlər qoşunumuzun ən üstün zabitlərindən biri kimi sənət tariximizdə əbədi ömür qazandı”.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2020.- 24 aprel.- S.5.