Paytaxtın uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyəti müzakirə olunub

 

 

Sosial izolyasiya şəraitində müəllimlər tərəfindən 15 minə yaxın onlayn dərs keçilib

 

Aprelin 23-də Mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə Bakı şəhərində yerləşən uşaq musiqi və incəsənət məktəblərinin xüsusi karantin rejimi dövründə fəaliyyətinə həsr olunmuş videokonfrans keçirilib.

 

Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, nazirliyin məsul əməkdaşları, paytaxtda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəbləri rəhbərlərinin qatıldığı konfransda müəllimlərin işə qəbulu, attestasiyanın keçirilməsi, şagirdlərin məktəblərə elektron qəbulunun təşkili, distant dərslərin davam etdirilməsi və s. məsələlər müzakirə olunub.

 

Videokonfransda çıxış edən Əbülfəs Qarayev ölkəmizdə koronavirus (COVİD-19) infeksiyası səbəbindən tətbiq edilən xüsusi karantin rejimi günlərində mədəniyyət sahəsinin idarə olunması ilə bağlı görülən işlər, nazirliyin idarələrinin fəaliyyəti, vətəndaşlara mədəni xidmətlərin göstərilməsi, mədəniyyət müəssisələri tərəfindən onlayn şəkildə həyata keçirilən tədbirlərdən söz açıb. Həmçinin bu günədək təşkil olunan videokonfranslar, eləcə də UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin videobağlantı vasitəsilə görüşü haqqında məlumat verilib.

 

Mövcud şəraitdə nazirliyin fəaliyyətinə diqqət çəkən Əbülfəs Qarayev bu günlərdə müasir texnoloji imkanlardan istifadənin əhəmiyyətini bir daha vurğulayıb: “Karantin günlərində əldə olunmuş təcrübənin daha da inkişaf etdirilərək tətbiqi zəruridir. Tədris prosesində də həmin yenilikləri tətbiq edəcəyik. Müasir texnologiyalar qanunvericilik çərçivəsində tədris prosesində tətbiq olunmalıdır. Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları mövcud şəraitdə öz işlərini layiqincə yerinə yetirirlər”.

 

Nazir sosial şəbəkələr üzərindən fəaliyyətin daha da genişləndirilməsi, aktivliyin artırılması, izləyicilərə mədəniyyət sahəsində baş verən yeniliklərin çatdırılması, elektron xidmətlərin əhatəsinin və səviyyəsinin yüksəldilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

 

Daha sonra çıxış edən Mədəniyyət nazirinin müavini Rafiq Bayramov yaranmış şəraitdə nazirliyin müvafiq strukturlarının, o cümlədən uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyət istiqamətləri haqqında danışıb. Elektron xidmətlərin göstərilməsi sahəsində atılan addımların davam etdiriləcəyini deyən nazir müavini hazırda bu istiqamətdə işlərin aparıldığını diqqətə çatdırıb: “Müasir texniki vasitələrin tətbiqi günün vacib reallığına çevrilib. Yaranmış vəziyyət mədəniyyət sahəsində daha əvvəldən həyata keçirdiyimiz elektron xidmətlərin tətbiqi prosesini sürətləndirmiş oldu. Reallaşdıracağımız tədbirlər bu sahənin daha da müasirləşməsini təmin edəcək”.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov çıxışında idarənin tabeliyində 30 musiqi, 6 incəsənət məktəbinin fəaliyyət göstərdiyini deyib. Bildirib ki, uşaq musiqi və incəsənət məktəblərində 2019-2020-ci tədris ilində 34 ixtisas üzrə 12 375 şagird ödənişsiz təhsil alır. Sosial izolyasiya şəraitində musiqi təhsilinin inkişafdan qalmaması, onların dəstəklənməsi və yaradıcılıq potensialının yüksəldilməsi məqsədilə uşaq musiqi və incəsənət məktəblərinin müəllimləri öz şagirdləri ilə bu günə qədər 15 000-ə yaxın onlayn dərs keçiblər.

 

Baş idarənin rəisi qeyd edib ki, bütün uşaq musiqi və incəsənət məktəblərinin “Facebook” və “İnstagram” səhifələri mövcuddur. Bu səhifələr hər gün maraqlı məlumatlarla yenilənir. Sosial şəbəkələrdə müşahidə olunan aktivlik karantin müddətində daha da artırılıb, izləyici sayı çoxalıb: “Sosial şəbəkələr vasitəsilə şagird və müəllimlərin, gənc istedadların yaradıcılıq uğurlarının işıqlandırılması, təbliği onları yeni nailiyyətlər qazanmağa daha da ruhlandırır. Bu günə qədər “Evdə qal, musiqisiz qalma”, “Bizi birləşdirən mədəniyyət”, “Şeir de, pozitiv ol”, “Yallı gedək”, “Yaşlılara dəstək” kimi təşəbbüslərə minlərlə şagird və müəllim qoşulub. Eyni zamanda “Mədəniyyət” kanalı ilə birgə həftədə 5 gün musiqi dərsləri təşkil olunub”.

 

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi müdirinin müavini Qabil Abbasov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin sektor müdiri Bətulə Məmmədəliyeva, F.Əmirov adına 6  nömrəli onbirillik İncəsənət məktəbinin direktoru Adilə Yusifova, 36 nömrəli Uşaq musiqi məktəbinin direktoru Oqtay Muxtarov, C.Hacıyev adına 3 nömrəli onbirillik Musiqi məktəbinin direktoru Məhin Orucova və başqaları çıxış edərək mövcud vəziyyətdə musiqi və incəsənət məktəblərinin fəaliyyəti barədə məlumat verib, elektron xidmətlərin göstərilməsi sahəsində atılan addımlardan danışıblar.

 

Qeyd olunub ki, uşaq musiqi və incəsənət məktəbləri mövcud şəraitdə öz fəaliyyətini sosial şəbəkələr üzərindən davam etdirirlər. Bu müddətdə distant dərslər keçirilib, çox sayda videoçarxlar çəkilərək paylaşılıb.

 

Sonda ölkəmizdə koronavirus infeksiyası ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlər diqqətə çatdırılıb, sosial təcrid dövründə mədəniyyət sahəsinin üzərinə düşən vəzifələr bir daha vurğulanıb.

 

Fariz HÜSEYNOV

 

Mədəniyyət.- 2020.- 24 aprel.- S.2.