Müasirliklə milliliyi qovuşduran memar

 

Bəzən sənət sahibləri elə bil ömürlərinin yarıda qırılacağını hiss edərək qısa bir zaman kəsiyinə o qədər yaradıcılıq nümunələri sığdırır ki, sonradan onların irsinə nəzər salanda heyrətlənməyə bilmirsən. XX əsrin ikinci yarısında Azərbaycan memarlığının inkişafında səmərəli xidmətləri olan, bu sahədə yaddaqalan əsərlər yaratmış sənətkarlardan biriFuad Seyidzadə olub. O, gənc ömründə yüksək bədii zövqü və yaradıcı təxəyyülü ilə yeni ideyalara meyil göstərib, sənətdə öz izini qoyub.

 

Fuad Bağır oğlu Seyidzadə 1938-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Atası Bağır Seyidzadə Azərbaycan SSR-in Kinematoqrafiya naziri, Mədəniyyət nazirinin müavini olub, uzun müddət müxtəlif mətbuat orqanlarında işləyib. Diplomat kimi də fəaliyyət göstərən B.Seyidzadə işi ilə əlaqədar bir müddət Təbrizdə konsul olub.

 

Fuad da məktəbə ilk dəfə Təbriz şəhərində gedib. Sonra Bakıdakı 6 nömrəli orta məktəbi bitirib. Erkən çağlardan sənətə maraq göstərir. Çəkdiyi rəsmləri Xalq rəssamı Mikayıl Abdullayev də bəyənir. O, sənədlərini Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə verirbirbaşa ikinci kursa qəbul edilir. Sonra təhsilini Azərbaycan Politexnik İnstitutunun Memarlıq fakültəsində davam etdirən gənc rəssam 1956-cı ildən Moskva Memarlıq İnstitutunda oxuyur.

 

Onu da qeyd edək ki, Fuad Seyidzadə orta məktəbdə oxuyarkən paralel olaraq musiqi təhsili də alır. Onun istedadı maestro Niyazinin də diqqətini çəkir. O, Bağır Seyidzadəyə Fuadın dirijor sənətinə yiyələnməsini tövsiyə edir. Ancaq o, rəsm sənətini davam etdirmək haqqında düşünür.

 

F.Seyidzadə hələ tələbə ikən beynəlxalq müsabiqələrə qatılır, müxtəlif mükafatlara layiq görülür. O, ilk mükafatını Kubadan alır. Paytaxt Havanada keçirilən müsabiqəyə təqdim etdiyi “Sumqayıt – peyk şəhər” layihəsi ona uğur gətirir.

 

Əməkdar memar Rasim Əliyev F.Seyidzadə haqqında xatirəsində yazır: “Biz uşaqlıqdan bir-birimizi tanıyırdıq. Atalarımız dostluq edirdilər. Ailəvi yaxınlığımıza görə tez-tez görüşərdik. O, mütaliəni çox sevirdi. Xüsusilə də xarici ədəbiyyatı. Həmişə yeniliyə can atırdı. Onun maraqlı işləri müsabiqələrdə rəğbətlə qarşılanırdı. O, standart memarlığı qəbul etmirdi. Ənənələrin, milliliyin tərəfdarı idi. Çalışırdı ki, layihələrində müasirliklə milliliyi məharətlə qovuşduraraq daha gözəl və canlısını yaratsın. Keçmiş SSRİ-nin bir sıra şəhərlərində mehmanxanarestoranlar Fuad Seyidzadənin layihələri əsasında tikilmişdi. Heydər Əliyev Fuadı çox sevirdi. Biz əvvəlki mənzilimizdə yaşayanda Heydər Əliyev tez-tez bizə gəlirdi. Fuadı da bizdə görmüşdü. O, istedadlıları çox sevirdi. Fuad Seyidzadəyə də diqqət və qayğı göstərirdi”.

 

Araşdırmalardan məlum olur ki, ötən əsrin 60-cı illərində sənətin bir çox sahələrində müasirləşmə və yeniliyə meyillər baş qaldırır. Bu, memarlıq sahəsində də duyulurdu. Həmin dövrə qədər yaşayış binaları əsasən eynitipli layihələr üzrə tikilirdi. Bu standartdan çıxmaq memarlar üçün asan deyildi. Bakıda mikrorayonların layihələndirilməsini hazırlayan ilk memarlardan biri F.Seyidzadə olub.

 

Əməkdar jurnalist Flora Xəlilzadə F.Seyidzadə haqqında yazısında qeyd edir ki, o dövrdə ayrı-ayrı rayonlarda tikilən qonaq evlərinin layihəsi də memar tərəfindən qeyri-ənənəvi üslubda hazırlanıb. SevastopoldaSapun dağı” adlı abidə kompleksi (II Dünya müharibəsində həlak olan azərbaycanlı döyüşçülərin xatirəsini əbədiləşdirmək üçün ucaldılmış abidə) heykəltəraş Ömər Eldarovla Fuad Seyidzadə tərəfindən hazırlanıb. O daha sonra heykəltəraş Tokay Məmmədovla birgə Sankt-Peterburqda tikilən “Bakı” restoranının layihəsini də hazırlayıb.

 

Təəssüf ki, vaxtsız ölüm gənc memarın yaradıcılıq ideyalarını davam etdirməyə imkan verməyib. Fuad Seyidzadə 14 avqust 1972-ci ildə, 34 yaşında vəfat edib.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2020.- 29 aprel.- S.7.