Skripkaçı həmvətənimizin yeni videoklipi təqdim edilib

 

 

Almaniyada yaşayan həmvətənimiz, istedadlı skripkaçı Fəridə Rüstəmovanın “Youtube” kanalında onun iştirakı ilə çəkilmiş “Günvurmanın və hallüsinasiyanın nəticəsi!” adlı yeni müəllif videoklipi yerləşdirilib.

 

Bu barədə məlumat verən musiqiçi bildirib ki, yaxın vaxtlarda Almaniyada keçiriləcək populyar musiqili şouların birində iştirak edəcək. Peşəkar intriqanı qoruyub saxlamaqsürpriz effektini gücləndirmək məqsədilə hələlik bu barədə təfərrüata varmayan musiqiçi yaxın günlərdə baş vermiş bir əlamətdar hadisənin “sirrini açıb”.

 

Fəridə Rüstəmova məşhur britaniyalı müğənni Dua Lipanın pərəstişkarıdır. Bu yaxınlarda Lipanın bir mahnısını dinləyərkən Fəridənin ağlına maraqlı ideya gəlib: o, əfsanəvi və sehrli bir əhvalatı musiqili klip formasında ekranlaşdırmağı qərara alıb. Ssenarini hərtərəfli götür-qoy edəndən sonra öz dostları – istedadlı rejissor, daha öncə iki uğurlu klipi birgə ərsəyə gətirdikləri Liliya Heyli və “Hoepfner Burghof und Brauereinin direktoru Anatoli Vinsi həmin klipdə iştiraka dəvət edib. Qeyd etmək lazımdır ki, Vins incəsənəti və gəncləri həmişə fəal dəstəkləyir.

 

Onu da deyək ki, Fəridənin bütün layihələrində aktyorlar qismində başqa peşələrə mənsub olan dostları çıxış edir, amma onlar rolun öhdəsindən uğurla gəlirlər.

 

İfaçı, əvvəlki kliplərində olduğu kimi, bu dəfə də ideyadan başlamış kostyumların, aktyorların, musiqinin seçiminə və məşqlərin təşkilinə qədər bütün mərhələləri özü reallaşdırıb.

 

Mədəniyyət.- 2020.- 7 avqust.- S.4.