“Günəşdən gələn pay

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən “Günəşdən gələn pay” adlı layihənin icrasına başlanılıb. Layihənin məqsədi oxucuları sevilən şair və yazıçıların həyat və yaradıcılıqları ilə sosial şəbəkələr vasitəsilə yaxından tanış etməkdir.

 

Bəşəriyyətin söz sənəti xəzinəsinə incilər bəxş etmiş Azərbaycan ədəbiyyatının, eləcə də dünya ədəbiyyatının humanizm ruhlu seçmə nümunələri hər bir şəxs üçün əsl həyat məktəbidir.

 

Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşününbilik dairəsinin genişlənməsində, bədii təxəyyülünün, məntiqi təfəkkürünün inkişafında, vətəndaş tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir. Aqillər kitabı bilik, zəka, kamillik vasitəsi hesab edirlər. Çünki insanlar ən yüksək keyfiyyətləri məhz mütaliə etməklə qazanırlar.

 

Layihənin adının “Günəşdən gələn pay” olması da təsadüfi deyil. Əgər biz şair və yazıçılarımızı parlaq günəşə bənzətsək, ədiblərin əsərlərini də oxuculara düşən pay kimi təsəvvür edə bilərik.

 

Hər zaman oxuculara kitab və kitabxananın əhəmiyyətini vurğulayan Respublika Uşaq Kitabxanası bu layihə vasitəsilə yenə də uşaqları Azərbaycan və dünya ədəbiyyatının inciləri ilə yaxından tanış edərək onların dünyagörüşlərinin formalaşmasına və hərtərəfli inkişafına töhfə vermək niyyətindədir.

 

Layihənin ilk mövzusu “Göyərçin” uşaq jurnalının baş redaktoru, şair, yazıçı, tərcüməçi, professor Rafiq Yusifoğlunun 70 illik yubileyinə həsr edilib. Kitabxananın əməkdaşları oxuculara Rafiq Yusifoğlunun həyat və yaradıcılığı haqqında məlumat verib, şeirlərini səsləndirib, ədibin kitabları ilə virtual təqdimat ediblər.

 

Layihə kitabxananın sosial şəbəkə səhifələri və internet saytı vasitəsilə təqdim edilir.

 

Mədəniyyət.- 2020.- 26 avqust.- S.6.