Beynəlxalq ekspertlərlə onlayn formatda görüş keçirilib

  

 

Mədəniyyət Nazirliyi sisteminin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb

 

Avqustun 25-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi sisteminin idarə edilməsinin təkmilləşdirilməsi üzrə İşçi qrupun beynəlxalq ekspertlərlə onlayn formatda görüşü keçirilib.

 

Görüşdə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, İşçi qrupun rəhbəri Vasif Eyvazzadə, Mədəniyyət nazirinin müşaviri Elnur Əliyev, Beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov, beynəlxalq ekspertlər Alessandro Bianki, Terry Sandell, Kristina Farinyayerli ekspert Telman Məlikzadə iştirak ediblər.

 

Onlayn görüşdə Mədəniyyət Nazirliyinin yeni strategiyası, mədəni irs və mədəniyyət sahəsində siyasətin müasirləşdirilməsi və idarəetmənin səmərəliliyinin artırılması, insan resursları və maliyyə idarəetməsi sahəsində idarəçiliyin yeni effektiv istiqamətləri, rəqəmsal texnologiyalar və platformaların genişləndirilməsi kimi məsələlər ətrafında əcnəbi ekspertlərlə müzakirələr aparılıb.

 

Nazirliyin yaxın gələcək üçün prioritet fəaliyyət istiqamətləri arasında yaradıcı və mədəniyyət sənayeləri, yaradıcılıq sahəsində daha peşəkar və effektiv institusional mexanizmlərin – birlik və təşkilatların formalaşdırılması, bilik-bacarıqların və texniki ekspertizanın artırılması, 2016-2018-ci illərdə Avropa İttifaqının maliyyə dəstəyi ilə icra edilmiş Tvinninq layihəsinin hesabatlarının analiz olunaraq mədəniyyət sahəsində gələcək planlaşdırma işlərində istifadə edilməsi, beynəlxalq təşkilatların və müxtəlif ölkələrin qabaqcıl təcrübələrinin planlaşdırma prosesində nəzərə alınmasının vacibliyi kimi məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

Anar Kərimov yaradıcı sənayelərin mədəniyyət sahəsində gələcək perspektivləri, sektorlararası tərəfdaşlıq modellərinin tətbiqi, mədəniyyətin iqtisadi rolunun, yaradıcı peşəkar birliklərin potensialının artırılması, mədəni irsin mühafizəsi, bərpası və inkişafı sahəsində yeni yanaşmaların tətbiqi, mədəni irsin idarə edilməsində əks mərkəzləşmə təcrübələrinin gətirilməsi və yerli qurumların bu proseslərdə iştirakının artırılması, mədəniyyət sahəsində kommunikasiya strategiyaları və yeni dövlət-özəl tərəfdaşlıq modellərinin qurulması kimi məsələləri vurğulayaraq bu istiqamətlərdə birgə işin davam etdirilməsi və praktiki həllərin təklif edilməsinin zəruriliyini qeyd edib.

 

Görüş qeyd olunan istiqamətlər üzrə sual-cavab şəklində ekspertlərin fikir mübadiləsi ilə davam edib.

 

Sonda Anar Kərimov Mədəniyyət Nazirliyi sisteminin idarə edilməsinin təkmilləşdirilməsi üzrə İşçi qrupun beynəlxalq ekspertlərlə əməkdaşlığının fayda gətirəcəyinə əminliyini bildirərək qarşıdakı fəaliyyətlərdə bütün qrup üzvlərinə müvəffəqiyyətlər arzulayıb.

 

 

Mədəniyyət.- 2020.- 26 avqust.- S.3.