Zərif barmaqların qüdrəti

 

Möhtəşəm, əzəmətli quruluşu, ilahi səslənməsi ilə dinləyicini sonsuz kainata, əsrarəngiz aləmə qovuşduran, haqlı olaraq “alətlərin şahı” adını qazanmış, dünyanın ən iri, mürəkkəb musiqi aləti – orqan! Bu musiqi aləti eramızdan əvvəl yaranmağa başlamış, siyasi, dini, mədəni, iqtisadi faktorlarla bağlı bir sıra dramatik hadisələrə uğramış, Orta əsrlərdən tədricən dünyaca məşhur alətə çevrilmişdir.

 

Azərbaycanda ilk orqan XIX əsrin axırlarında Bakıda və Helenendorfda (indiki Göygöl şəhəri) tikilmiş xristian-lüteran (alman) kilsələrində quraşdırılmışdır. Dahi Üzeyir  Hacıbəyli də orqan musiqi alətinə xüsusi maraq bəsləmişdir. Buna baxmayaraq, ölkəmizdə professional orqan məktəbinin yaranma tarixi 1961-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) orqan sinfinin açılması və burada orqan alətinin quraşdırılması ilə başlayır. Bu tarixi hadisənin təşəbbüskarı Azərbaycanın ilk orqan ifaçısı, respublikamızın Əməkdar incəsənət xadimi, professor Zəhra Cəfərova idi. Zəhra xanımın bir çox istedadlı yetirmələri olmuşdur. Onlardan biriorqana bütün varlığı ilə vurğun olan, yüksək peşəkar, istedadlı ifaçı, Azərbaycanın Əməkdar artisti Rəna İsmayılovadır.

 

Rəna xanım incəsənət aləmində, Azərbaycanın görkəmli rəssamlarının ailəsində dünyaya göz açmış, böyümüşdür. Atası Nəcəfqulu İsmayılov – Əməkdar incəsənət xadimi, qrafika ustası, anası Güllü MustafayevaXalq rəssamı, milli rəssamlıq sənətinin ən parlaq nümayəndələrindən biri idi. Bu ailədə böyüyən bütün uşaqlar da, öz nəsil şəcərəsinə sadiq qalaraq, incəsənətin müxtəlif sahələrinə meyil göstərmiş, uğurlar qazanmışlar. Onların içərisində həyatını musiqiyə həsr etmiş Rəna İsmayılovanın öz yeri, öz dəst-xətti var.

 

O, 1968-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirib Azərbaycan Dövlət Konservatoriyasının fortepiano ixtisasına qəbul olur, eyni zamanda orqanla da məşğul olmağa başlayır. Nəticədə orqana olan sevgisi hər şeyə üstün gəlir və o, 1983-cü ildə ixtisasını daha da təkmilləşdirmək üçün P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasına professor L.Royzmanın sinfinə daxil olur və aspiranturanı orqan ifaçısı kimi fərqlənmə diplomu ilə bitirir.

 

Bakıya gəldikdən sonra, ifaçılıq işini davam etdirməklə yanaşı, pedaqoji fəaliyyətə də başlayır, bir sıra peşəkar ifaçılar yetişdirir. Nə xoş ki, həmin tələbələr içərisində mən də oldum. Odur ki, bu məqalədə mən ilk orqan müəllimim haqqında öz düşüncə və fikirlərimi qələmə alıram.

 

Rəna xanımın sinfinə gəlişimdən az bir müddət keçməyinə baxmayaraq, bir də anladım ki, orqanın vurğunu olmuşam, bu alətə toxunmadan yaşaya bilmirəm. Yarım il məşqlərdən sonra çoxsaylı konsertlərdə, həmçinin Azərbaycanda ilk Beynəlxalq orqan müsabiqəsində çıxış etdim. Onu da deyim ki, tək mən belə deyildim. Bu sinfə bütün fakültələrdən tələbələr əlavə maraq kimi orqanla fakültativ məşğul olmaq üçün gəlirdilər və hər birimizin qəlbində bu alətə sevgi qığılcımı yanmağa başlayırdı. Bu heç də təsadüfi deyildi. Rəna xanım həqiqətən də, möcüzəvi surətdə orqana dərin sevgi ilə bağlandığına görə biziöz ardı ilə aparırdı. Müəllim kimi hədsiz həssas idi, hər birimizin şəxsi həyatı, problemləri ilə maraqlanar, münasibətləri dostluq üzərində quraraq ona qarşı tam əminlik hissi yarada biirdi. Qüsurlarımızı deyər, amma tənqid etməzdi, ən kiçik nailiyyətlərimizə fikir yönəldər, onlara diqqət edər, bununla da özgüvənizimizi artırardı, güc, inamsevgi aşılayar, bizi yeni axtarışlara sövq edərdi. Nəticədə Rəna xanım hər birimizin özəlliklərini ortaya  çıxarda bildi. Mən o zaman orqan üçünSegah” və “Humayun” muğamlarını işlədim, tələbələrdən Fuad Abdullayev orqan üçün miniatürlər bəstələdi, Sevinc İbrahimova xalq mahnılarını orqanda ifa edərək oxudu.

 

Hərəmiz müxtəlif fakültələrdən olsaq da, Rəna xanım qrupumuzda birlik hissiyyatı yarada bildi. Bunların təməlində duran onun şəxsi keyfiyyətləri və əsl pedaqoqa xas xüsusiyyətlərə malik olması idi. O həm pedaqoji, həm də həyati təcrübəsi ilə bölüşən möhkəm iradəyə malik, yenilməz qadındır. Hər səhnəyə çıxışı ilə, bizə göstərdiyi nümunələrlə dediyi sözlərin həqiqət olduğunu sübut edirdi.

 

Rəna xanımın ifası zamanı ətrafı dərkolunmaz, ağlasığmaz enerji tufanı bürüyür. O, ifa etdiyi əsərlə vahid varlığa çevrilir. Onun interpretasiyası hər zaman fərqlidir və fərdidir. Psixoloji cəhətdən obrazı, formanı bir yerə cəm edib onu son həddə çatdırır, musiqi kompozisiyasını rejissorsayaq çox inandırıcı şəkildə qurur, əsərin nikbin ruhunu ön plana çəkir, maraqlı təfsirlər tapa bilir. Rəna xanım öz dinləyicilərini sevir, onlarla canlı əlaqə yaratmağı bacarır, sanki qəlbini açır, amma onları yormur. Əksinə, onun səmimiyyəti, emosional vəziyyəti, sərbəstliyi, hissləri, iradi qətiyyəti dinləyiciyə də sirayət edir.

 

Bu məqamda şahidi olduğum bir hadisəni sizlərlə paylaşmaq istərdim. Bir dəfə KameraOrqan Musiqisi Zalında konsertin başlanmasına az qalırdı. Biz son hazırlamaları edirdik. Birdən orqanda bütün registrlər qoşuldu; yəni ifada heç bir fərqli səs çalarlarına nail olmaq mümkün deyildibütün əsərlər bir səs çalarında – güclü fortedə ifa olunmalı idi. Tərslikdən həmin gün Rəna xanım da ayağını zədələmişdi. “Nə edim?” sualı qətiyyən yaranmadı, o, bu vəziyyətdə bütün konsert proqramını özünəməxsus şəkildə ifa etdi. Hamı valeh olmuşdu, alqış sədaları konsert zalını bürümüşdü.

 

Hər zaman öz üzərində işləyən, axtarışları və tapıntıları ilə gündən-günə kamilləşən ifaçı üçün orqan musiqisinin təbliği güclü yaradıcılıq stimuludur. Rəna İsmayılova Azərbaycan bəstəkarlarının orqan yaradıcılığına böyük təsir göstərmiş, onları bu alət üçün orijinal əsərlər yazmağa həvəsləndirmiş, bu alətin spesifikasını anlamağa, öyrənməyə köməklik göstərmişdir. Hər not üzərində bəstəkarlarla çiyin-çiyinə dəqiqliklə işləyər, onların düşüncələrini dinləyiciyə maksimum çatdırmağa çalışardı. Bu tandemin (bəstəkar və ifaçı) sıx ünsiyyətinin məhsulu kimi maraqlı əsərlər yaranırdı və nəticədə bu əsərlərdən bir çoxu Rəna xanıma ithaf olunurdu. Məsələn: İlyas Mirzəyev – “Sonata” (1987), Nazim Mirişli – “İki ofort” (1987), Vasif Adıgözəlov – “Muğam-fantaziya” (1989), Aqşin Əlizadə – “Muğam sədaları” (1990).

 

Rəna xanımın yaradıcılığında tərtibatçı-redaktor kimi fəaliyyəti xüsusi yer tutur.

 

O, Azərbaycan bəstəkarlarının əsərlərini toplayaraq əlyazmaların da üzərində işləmişdir. Bir çox əsərləri ilk dəfə olaraq “Azərbaycan bəstəkarlarının orqan musiqisi” adlı ikihissəli məcmuədə nəşr etdirmişdir (2000 və 2001-ci illər). Zənnimcə, bu, orqan ifaçıları üçün dəyərli töhfədir. Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli Rəna xanımın konsertlərinin birində onun tərtibatçı-redaktor fəaliyyəti ilə bağlı belə demişdir: “Musiqi əsəri yalnız nəşr edildikdə böyük səyahətə çıxa bilər, çünki biz həmin əsəri əcnəbi həmkarlarımıza bağışlaya, bununla da Azərbaycan musiqisini bütün dünyada təbliğ edə bilərik”.

 

Rəna İsmayılova orijinal musiqi layihələrinin də təşkilatçısı olmuşdur. Orqan dünən və bu gün” adlı silsilə konsertlər, müxtəlif xalqların (Norveç, alman, fin, fransız, ingilis) bəstəkarlarının əsərlərindən ibarət konsertlər bu qəbildəndir. 2008-ci ildə Azərbaycan və Avropa orqan musiqisindən ibarət “East-West” (“Şərq-Qərb”) adlı kompakt disk buraxılmışdır. Azərbaycan Televiziyası və Radiosunun fondunda onun ifasında orqan musiqisi nümunələri qorunub saxlanılır.

 

Musiqi sənəti sahəsində xidmətlərinə görə 2000-ci ildə Azərbaycanın Əməkdar artisti adına layiq görülən Rəna xanım, həmçinin pedaqoji işindəki uğurlarına görə Azərbaycan Təhsil Nazirliyi tərəfindən Fəxri fərmanla təltif edilmişdir. Hazırda Almaniyada yaşayır və Vətənimizin adını layiqincə təbliğ edir.

 

Bu məqaləni hörmətli müəllimim, gözəl ziyalı Rəna İsmayılovanın növbəti doğum gününə həsr edirəm. Ad gününüz mübarək! Sizə gözəllik, məhəbbət, yaradıcılıq dolu sağlıqlı illər, istək dolu ürək arzu edirəm. Çünki istək, gözəllik və məhəbbətlə döyünən ürək yaşayan ürəkdir!

 

Şəfəq ABDULLAYEVA

Beynəlxalq müsabiqələr laureatı

 

Mədəniyyət.- 2020.- 28 avqust.- S.5.