Ağstafada Neolit dövrünə aid yaşayış məskəni tapılıb

 

AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun ekspedisiyası Ağstafa rayonunun Xətai kəndi ərazisində Neolit dövrünə aid yaşayış yeri aşkar edib.

 

Ərazidə Neolit dövrünün ən qədim mərhələsinin izlərinə rast gəlinib. “Çəpiştəpə” (“Çağrıtəpə”) adlanan qədim yaşayış məskəni və buradan tapılan daş qalıqlarından ibarət müxtəlif alət və məişət əşyaları sübut edir ki, ərazidə 8 min il bundan əvvəl yaşayış olub. İlkin araşdırmaya görə, ərazinin qədim sakinləri çayətrafı olduğuna görə burada kompakt yaşayıblar.

 

İnstitutun elmi işlər üzrə direktor müavini Nəcəf Museyibli ərazidə qazıntı işlərinə bu il başladıqlarını deyib: “Tapılan alətlərdən təsərrüfatda, məişətdə istifadə edilib. Həm sovet dövründə, həm də sonrakı illərdə aparılan araşdırmalar zamanı ərazi bütövlükdə qərb bölgəsində Neolit dövrü məskunlaşması kimi tədqiq olunub. Son araşdırmalar zamanı aşkar edilmiş daş məmulatları və digər qalıqlar, ümumiyyətlə, aparılan qazıntılar nəticəsində edilən analizlər onu göstərir ki, burada Neolit dövrü insanları məskunlaşıb”.

 

Hazırda 200 kvadratmetrlik ərazidə arxeoloji qazıntılar davam edir. Gələcəkdə tədqiqatların nəticəsindən asılı olaraq bu sahə genişləndirilə bilər.

 

Mədəniyyət.- 2020.- 28 avqust.- S.4.