Milli Kitabxanada Ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşə açılıb

 

Ulu öndər Heydər Əliyev mədəniyyətimizə, mənəvi dəyərlərimizə həmişə böyük qayğı ilə yanaşıb, o cümlədən ölkəmizdə kitabxana işinə diqqət göstərib. Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir” deyən Heydər Əliyevin respublikamıza rəhbərliyinin ikinci dövrü Milli Kitabxana üçün də əlamətdar hadisələrlə yadda qalıb.

Dekabrın 11-də Azərbaycan Milli Kitabxanasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşənin açılış mərasimi keçirilib.

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və digər rəsmilər mərasimdə iştirak ediblər.

Milli Kitabxananın direktoru Kərim Tahirov iştirakçıları salamlayaraq tədbirin 12 dekabrümummilli lider Heydər Əliyevin anım günü ərəfəsinə təsadüf etdiyini deyib. Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

K.Tahirov bildirib ki, ulu öndər 1995-1997-ci illərdə Milli Kitabxananı 4 dəfə ziyarət edib. Heydər Əliyev ilk ziyarəti zamanı öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitabı Milli Kitabxanaya hədiyyə edib. Diqqətə çatdırılıb ki, açılışı keçirilən guşədə həmin  kitablarla yanaşı, Heydər Əliyev haqqında kitablar, ulu öndərin Milli Kitabxanada olarkən etdiyi çıxışların lent yazıları, çəkilən fotoşəkillər təqdim olunur. Ümummilli liderin Məkkədən gətirdiyi və Milli Kitabxanaya hədiyyə etdiyi müqəddəs “Qurani Kərim” də bu guşədə nümayiş olunur.

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov mərasimdə çıxış edib. Anar Kərimov bildirib ki, bu gün ulu öndərin ruhu şaddır. Çünki onun canından çox sevdiyi Azərbaycan Vətən müharibəsində əldə etdiyimiz zəfərin sevincini yaşayır. Bu sevinci xalqımıza ulu öndərin həyat və siyasət məktəbinin yetirməsi, onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu bəxş edib. Cənab Prezidentin noyabrın 8-də Şuşanın işğaldan azad olunması ilə bağlı xalqa müraciətində də vurğuladığı kimi, bu zəfərin qazanılması ilə o, həmçinin atasının ən böyük vəsiyyətini yerinə yetirib.

Bu gün biz ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşənin açılış mərasiminə toplaşmışıq. Buradakı kitablara nəzər yetirərkən ulu öndərin necə bir fəal mütaliəçi olduğunu əyani şəkildə görə bilirik. Mən inanıram ki, hələ neçə-neçə nəsillər bu kitablarla tanış olarkən onun kimi fəal mütaliəçi olmağa çalışacaqlar və bundan müsbət bir örnək götürəcəklər”, – deyə Anar Kərimov bildirib.

YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev mərasimdə çıxış edərək bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi ən dahi şəxsiyyətlərdən biridir. Ulu öndərin hakimiyyəti illərində təməli qoyulan Azərbaycan Silahlı Qüvvələri sonrakı illərdə Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqəti sayəsində daha da inkişaf edərək bugünkü qüdrətli Azərbaycan Ordusuna çevrildi. Ali Baş Komandanımızın rəhbərliyi altında Ordumuz 30 ildən bəri düşmən əsarətində olan torpaqlarımızı işğaldan azad edərək tarixi zəfər yazdı.

Tədbirdə digər iştirakçılar da çıxış edərək Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı ilə bağlı müstəsna xidmətlərindən söz açıblar.

Sonda ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşəyə baxış keçirilib.

 

Mədəniyyət.- 2020.- 16 dekabr.- S.3.